Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Rəssam və teatr



RƏSSAMLAR

KOSTYUMLAR

DEKORASİYA ESKİZLƏRİ

PORTRETLƏR VƏ ŞƏKİLLƏR

 

Teatrda rəssam yaradıcı şəxs olaraq çox əhəmiyyətli bir simadır. Rejissuranın ifadəliliyi bir çox hallarda rəssamın obrazlı təfəkkürünün səviyyəsindən, gücündən, siqlətindən, miqyasından və əhatə dairəsinin genişliyindən asılıdır. Teatr rəssamı səhnədə aktyor ifası vasitəsilə canlandırılan dünyanın yaradıcısıdır. Rejissorla rəssamın qarşılıqlı münasibətləri fərqli formada təzahür edir. Rejissorlar müxtəlif düşüncə tərzinə sahib olurlar. Onların zövqləri yüksək mədəniyyətlə, teatra münasibətlə, temperamentlə müəyyən olunur. Hətta rejissor və onunla işləyən rəssam eyni zövqə və eyni teatr düşüncəsinə malik olsalar da, onların təsəvvüründə tamaşanın obrazı eyni cür yarana bilməz. Tamaşanın ideyasını aktyor obrazları vasitəsilə ifadə etməyi fikirləşən rejissordan fərqli olaraq, rəssam ideyanın təsviri-plastik həllini tapır. Səhnə əsərinin ərsəyə gəlməsində rejissorla rəssamın nə dərəcədə dil tapması çox mühümdür. Bəzən rejissor gələcək tərtibatla bağlı bir çox fikirləri olduğuna, rəssam isə tərtibatı öz fəaliyyət sahəsi hesab etdiyinə görə onların hər biri öz mövqeyində israr edir.

Amma tamaşanın tərtibatı ilə bağlı rejissorun təsəvvüründə yaranan obraz nə qədər inandırıcı olsa da, o, yenə də rəssamın təxəyyülündə formalaşan obraza güzəştə getməyə məcbur olur. Başlanan «mübarizə» bəzən çox yaxşı nəticələrə gətirib çıxarır. Ancaq elə hallar da olur ki, rejissor rəssamın işinə müəyyən əngəllər törədir. Belə mübahisələr bəzən rəssam tərəfindən yaradılan təsviri obrazın iflası ilə nəticələnir. Təbii ki, bu da tamaşanın xeyrinə olmur. İkinci misal: rejissor tamaşanı aktyor üzərində qurur və onunla işləyir. Deməli, bu halda rəssamın yaratdığı tamaşa obrazı rejissorun fikrini tamamlamalıdır. Bu asandır, çünki rejissor fikri ilə üst-üstə düşmədiyi halda rəssam öz planında nəyi isə dəyişdirə bilər. Belə olan təqdirdə, bu mübahisələr tamaşaya faydalı təsir göstərir. Nəhayət, üçüncü halda rejissor tamaşanın plastik həllinə xüsusi maraq göstərərək rəssama tam etibar edir: «Siz mənim üçün meydançalar, səhnə mizanları qurun. Mən isə aktyorlarla işləyəcəyəm». Belə tapşırığın öhdəsindən gələ biləcək rəssama bu, çox cəlbedici görünür. Bu zaman hər kəs böyük maraq və həvəslə öhdəsinə düşən işi görür. Belə hallarda bir üslub çərçivəsində, bütöv düşünülmüş, inandırıcı plastik tərtibata malik yaxşı tamaşalar meydana çıxır. Beləliklə, daha çox vaxt qazanan rejissorun işi məqsədyönlü və bitkin olur.

Rəssam, müəyyən mənada, tamaşanın həmrejissoru deməkdir. Bu fikir böyük sənətkar K.S.Stanislavskiyə məxsusdur və onun kimi düşünən rejissorlarla iş rəssama səmərəli nəticələr verir. Bir həqiqət şəksizdir: rejissor və rəssamın əməkdaşlığı səmərəli və yaradıcılıq baxımından zəruridir, ancaq burada əsas şərt tamaşanın hər iki həmmüəllifinin baxışlarının tam birliyidir, həmfikirlikdir. Rejissor və rəssamın normal işbirliyinin təminatı onların bir-birinə bəslədikləri sənətkar marağıdır. Rəssam, sözün əsl mənasında, rejissora tamaşanın yaradıcısı kimi maraq göstərdikdə, rejissor isə məhz konkret bu rəssamın onun düşüncəsinə uyğun tərtibat yaratmaq imkanına inandıqda həmfikirlərin işbirliyi başlayır. Rejissor və rəssam arasında qarşılıqlı anlaşma və hörmət olmadıqda pyes üzərində səmərəli işdən danışmaq qeyri-mümkündür. Onların qarşılıqlı münasibətlərinin digər bir spesifik tərəfi də mövcuddur. Tamaşanı aydın və dəqiq həll etmək üçün ilk növbədə onun üslubunu müəyyənləşdirmək lazımdır.

Tamaşanın üslubu bu və ya digər dövrün (ampir, klassika, qotika və s.) üslubu yox, məhz konkret tamaşaya xas olan plastik ritmdir. Rəssamın mövzuya münasibətini təyin edən bu ritm müəyyən edilmədən işə başlamaq olmaz. Şekspirin «Hamlet» faciəsini bir pyesin tarix boyu müxtəlif cür yozumlara məruz qalmasına misal göstərə bilərik. «Hamlet» əsrlər boyu müxtəlif üslublarda yozulmuşdur. Bu pyes çoxmərtəbəli səhnəsi olan, hər meydançası şərti olaraq «meşə», «dəniz», «saray», «pilləkən» və s. adlandırılan klassik Şekspir tamaşalarından tutmuş XIX-XX əsrlərin saysız-hesabsız variantlarına, İngiltərədə müasir kostyumlarda oynanılan «Hamlet»ə, Oxlopkov və Rındinin «Dəmir Hamlet»inə qədər uzun tarixi inkişaf yolu keçmişdir. Yeri gəlmişkən, onu qeyd etmək istərdim ki, Azərbaycan səhnəsində də bu pyesə bir-birindən köklü surətdə fərqlənən müxtəlif plastik yozumlar verilmişdir. Rəssam tamaşa üzərində işə necə başlamalıdır? Biz «tamaşanın obrazı» terminini işlətdik. Tamaşanın obrazı nədir? Onun ideyasını, məna və məğzini plastik cəhətdən cəlbedici və aydın ifadə edən forma necədir? Həyatı karikaturasız və təzyiqsiz, canlı insanlar vasitəsilə, onların mürəkkəbliyi, üstünlükləri və qüsurları ilə, pyesin məzmununa müvafiq göstərmək lazımdır. Rəssam əvvəlcə pyesdə göstərilən dövrü həyat lövhələri ilə təsvir etməyə cəhd göstərməlidir ki, onun arxasında böyük ehtirasların tüğyan etdiyi həyat həqiqətlərini təsəvvür etmək mümkün olsun.

O, təsvir etdiyi zamanı və məkanı bilməlidir. Əgər pyesdə baş verən hadisələr keçmişdə cərəyan edirsə, rəssam həmin dövr haqqında pyesdə yazılanlarla müqayisə olunmayacaq dərəcədə geniş bilgiyə malik olmalıdır. O həmçinin keçmiş dövrdə yaşayan insanların həyatının, məişətinin incəlikləri ilə dərindən maraqlanmalıdır. Çünki hər hansı bir xırda detal əhəmiyyətli nüanslar haqda ideyalar verə bilər. Hər bir yeni tamaşanı ərsəyə gətirərkən istər quruluşçu rejissor, istərsə də quruluşçu rəssam yaradıcılıq prosesində özünün mövcud varlığa olan münasibətini hər dəfə yenidən formalaşdırır və ifadə edir.