Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr təhsili   ADMİU



AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİ

http://admiu.edu.az

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 90 yaşına təhsil və yaradıcılıq sahəsində böyük nailiyyətlərlə qədəm qoyur. Yarandığı ilk dövrlərdən etibarən Azərbaycanda mədəniyyət və incəsənət üzrə mütəxəssis hazırlayan universitetimiz öz başlanğıcını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürür. O zaman məşhur sənətkarımız, Milan və Kiyev şəhərlərində təhsil almış, opera səhnəmizin ilk professional müğənnisi, SSRİ xalq artisti Şövkət Məmmədovanın təklifi və təşəbbüsü ilə yaradılmış bu sənət məktəbi böyük inkişaf yolu keçmişdir. Məktəbdə ilk illərdən başlayaraq dərs demiş və onun inkişafında xidmətləri olmuş sənətkarlardan Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Hüseyn Cavid, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mirseyfəddin Kirmanşahlı, Aleksandr Tuqanov, Rza Sarabski və başqalarının adları xüsusi qeyd olunmalıdır. Teatr Məktəbinin ilk məzunları içərisində Fatma Qədri, Rza Əfqanlı, Şüa Şeyxov, Hacıməmməd Qafqazlı, sonrakı illərdə Əfrasiyab Bədəlbəyli, Ələsgər Ələkbərov, Ələsgər Şərifov, Gülxar Həsənova, Nəsibə Zeynalova və başqa tanınmış sənətkarlar olmuşlar.

O dövrdə M.F.Axundov adına Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı. Bu kadrlardan görkəmli özbək aktyorları H.Nəsirova, N.Əliyeva, Z.Kabulov, X.Xocayev, S.Curabayev, Q.Yaqubov, məşhur türkmən aktyoru və rejissoru  Altı Karlıyev və bir çox başqalarını qeyd etmək olar. Onların bir çoxu, o cümlədən görkəmli özbək aktrisası Həlimə Nəsirova sonralar SSRİ Xalq Artisti adına layiq görüldü. Bütün bunlar Bakı Teatr məktəbinin 20-30-cu illərdəki maarifçilik missiyasını bir daha təsdiq edir.

30-cu illərdə Bakı Teatr Məktəbində həm tələbələrin, həm də müəllimlərin sayı artmışdı. Belə ki, bu dövrdə respublikanın müxtəlif rayonları üçün Teatr Məktəbində xüsusi yerlər ayrılırdı. Həmçinin Gürcüstan, Dağıstan, Özbəkistan və Türkmənistan üçün də ayrılmış yerlərin sayı artırılmışdı.

Bu illərdə Azərbaycanın bir neçə teatrının nəzdində aktyor kadrlarının yetişdirilməsi məqsədi ilə studiyalar fəaliyyət göstərirdi. Bu studiyalarda aktyor sənəti, səhnə danışığı, rəqs və başqa fənlər tədris edilirdi. Amma dərs deyənlərin böyük əksəriyyəti pedaqoji təcrübəyə malik deyildi. Buna görə də 1933-cü ildə bu tipli studiyalar Bakı Teatr Məktəbinə verildi. Bu, Teatr Məktəbinin işində yeni mərhələ oldu. Həmin dövrdə teatr nəzəriyyəçiləri tədris prosesinə yardım göstərən yeni dərs vəsaitləri nəşr etməyə başladılar.

Moskva teatr mühiti ilə Azərbaycanın, konkret olaraq Bakı Teatr Məktəbinin əlaqələri də öz bəhrəsini verirdi. 1936-cı ildə Azərbaycanda İncəsənət İşləri Komitəsi yaradıldı və incəsənətə aid tədris müəssisələri bu qurumun ixtiyarına verildi. Bakı Teatr Məktəbində tədris ilinin müddəti 4 il müəyyən edildi. Tədris planına ictimai-siyasi və sənətşünaslıq fənləri də daxil edildi. Artıq bu illərdə Teatr Məktəbinin fəaliyyəti Rusiyanın ali teatr məktəblərindən seçilmirdi. Müəllim heyəti, tədris planları, hazırlanan tamaşaların repertuar zənginliyi əvvəlki illərə nisbətən dəyişilərək genişlənmiş və inkişaf etmişdi.

1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradıldı. Burada rejissorlardan Aleksandr Tuqanov, Adil İsgəndərov,  Mehdi Məmmədov, Məhərrəm Haşımov, aktyorlardan Hacağa Abbasov, Kazım Ziya, İsmayıl Dağıstanlı, Müxlis Cənizadə, nəzəriyyəçi alimlərdən Mikayıl Rəfili, Əli Sultanlı, Feyzulla Qasımzadə, Əkbər Ağayev və başqaları dərs deyirdilər.

O zamanlar Teatr İnstitutu məzunlarının çox hissəsi Azərbaycanın kənd rayonlarına göndərilirdi. Onlar ayrı-ayrı rayon mərkəzlərində yaranan teatrların təməlini qoyurdular. Tədris prosesində fərqlənən tələbələr təhsillərini davam etdirmək üçün Moskvaya və Leninqrada ezam edilirdi.

1953-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutu Respublika Mədəniyyət Nazirliyinin tabeliyinə keçirildi. 1954-cü ildə instituta SSRİ Xalq Artisti Mirzağa Əliyevin adı verildi.

Bu illərdə məzunlar arasında məşhur sənətkarlar Leyla Bədirbəyli, Məlik Dadaşov, Nəcibə Məlikova, Müxlis Cənizadə, Rauf Kazımovski, Arif Babayev, Kamil Rüstəmbəyov və başqa sənət xadimləri var idi.

Sonrakı dövrdə Teatr İnstitutunda Zəfər Nemətov, Tofiq Kazımov, Nəsir Sadıqzadə, Əjdər Sultanov, Əli Zeynalov, Şəfiqə Məmmədova, Həsən Turabov, Amaliya Pənahova kimi məşhur aktyor və rejissorlardan ibarət kollektiv öz sələflərinin ənənələrini davam etdirmişlər. Ali təhsili müvəffəqiyyətlə başa vuran Turan Cavid, Ələmdar Quluzadə, Adil Babayev, Cabir Səfərov və başqaları  institutda müəllim kimi saxlanıldı. Həmin illərdə Məmmədəli Əsgərov, Mahmud Allahverdiyev, Ədilə Əliyeva, İnqilab Kərimov kimi teatrşünaslar da pedaqoji fəaliyyətə cəlb olundular.

1958-59-cu tədris ilində Teatr İnstitutunun fəaliyyətində müəyyən dəyişikliklər edildi. Yeni fakültələr və ixtisaslar açıldı, tələbə qəbulu artırıldı, «Mədəni-maarif işi» ixtisasına ilk qəbul aparıldı. 

1968-ci ildə bu ali təhsil ocağı Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırıldı. Tədris sahəsində yeni dərslik və dərs vəsaitləri, proqramlar hazırlandı. Respublika teatrları üçün kadr hazırlığı ildən-ilə genişləndirildi. Sonrakı illərdə aspirantura yolu ilə kadr hazırlığına xüsusi diqqət yetirildi. Müəllimlər keçmiş SSRİ-nin müxtəlif ali təhsil ocaqlarında ixtisasartırma və təkmilləşdirmə kurslarında təcrübə keçdilər. İnstitutun yetirmələri olan aktyorlar Səməndər Rzayev, Hamlet Xanızadə, Mikayıl Mirzə bu ali təhsil ocağına müəllim kimi işə cəlb edildilər.

Universitetimizdə çalışan aktyorlar, rejissorlar bir çox sənət uğurlarına imza atmışlar. Xalq Artistləri Rza Təhmasibin peşəkar aktyor və rejissor fəaliyyəti, İsmayıl Dağıstanlının yaratdığı obrazlar (Ənvər Məmmədxanlının «Şərqin səhəri», İlyas Əfəndiyevin «Mahnı dağlarda qaldı» və s. əsərlərdə), Əməkdar Artist Müxlis Cənizadənin  səmimiyyətlə dolu xarakterik səhnə və kino obrazları mənəviyyat xəzinəmizə əbədi daxil olmuşdur. Professor Mehdi Məmmədovun rejissurasında səhnə həyatı qazanmış «İntizar» (İlyas Əfəndiyev və Mehdi Hüseyn), «12-ci gecə» (V.Şekspir), «Müfəttiş» (N.V.Qoqol) və onlarla digər unudulmaz quruluşlar, Xalq Artisti Tofiq Kazımovun möhtəşəm rejissura seriyası (İlyas Əfəndiyevin «Sən həmişə mənimləsən», «Unuda bilmirəm»,  «Məhv olmuş gündəliklər» və başqa pyeslərinin səhnə təcəssümü) kamil lirik-psixoloji sənətkarlıq nümunələri idi. Xalq Artistləri Amaliya Pənahova, Həsən Turabov, Bəsti Cəfərovanın müxtəlif səhnə əsərlərində, o cümlədən V.Şekspir, C.Məmmədquluzadə, H.Cavid, İ.Əfəndiyevin pyeslərində yaratdıqları dolğun bədii surətlər nəsildən-nəsilə ötürülən sənətkarlıq ənənələrinin rəngarəng nümunələridir.   

1987-ci ildən etibarən İncəsənət İnstitutunda köklü dəyişikliklər baş verdi. Belə ki, əgər həmin dövrə qədər burada cəmi 2 dekanlıq və 6 kafedra fəaliyyət göstərirdisə,  9 ixtisasda mütəxəssis hazırlanırdısa, sonradan ixtisasların, fakültə və kafedraların sayı artmağa başladı. 1987-ci ildə İncəsənət İnstitutunda bir nəfər elmlər doktoru, altı elmlər namizədi işləyirdisə, 90-cı illərdə burada çalışan elmlər doktorlarının, professorların, elmlər namizədlərinin sayı 100-ü ötüb keçdi. Mədəniyyət və incəsənətin istər nəzəri, istərsə də praktik sahələrini əhatə edən yeni ixtisaslar şəbəkəsi quruldu. Universitetdə aspirantura şöbəsi yaradıldı, Müdafiə Şurası təşkil edildi. Əvvəllər kitablarının sayı o qədər də çox olmayan kitabxananın işi yenidən quruldu, kitab fondunun sayı xeyli artdı, yeni qiraət zalı yaradıldı, kitabxanamız elektron kitabxanaya çevrildi.

Hər il sənət müəllimlərimizin yaradıcılıq-ifa işləri universitetin Tədris teatrında geniş ictimaiyyət tərəfindən maraqla izlənilir, nəzəri ixtisaslardan dərs deyən professor-müəllim heyətinin elmi-tədqiqat işləri, dərsliklər və monoqrafiyalar mütəmadi olaraq tələbələrə və geniş oxucu kütləsinə təqdim edilir. Universitetin professor-müəllim heyəti onlarla maraqlı yaradıcılıq işləri (tamaşalar, filmlər, rəssamlıq sərgiləri, konsert proqramları və s.) nümayiş etdirir, tədris vəsaitləri üzərində çalışırlar.

Bütün bunlar İncəsənət İnstitutunun həyatında yeni bir mərhələnin başlanmasından, bu ali təhsil ocağının ümumi inkişafından xəbər verirdi. Bu dəyişikliklər İncəsənət İnstitutunun daha yüksək status qazanmasını şərtləndirirdi.  

1991-ci ildə İncəsənət İnstitutu respublika ali məktəbləri arasında ilk dəfə olaraq universitet statusu qazandı. Beləliklə ADMİU o zaman Azərbaycanda mövcud olan iki universitetdən (BDU ilə yanaşı) birinə çevrildi. Yuxarıda sadalanan nailiyyətlər - ADMİU-nun mədəniyyət sahələrini kompleks şəkildə əhatə etməsi, çox profilli ixtisas şəbəkəsinin yaradılması - bu ali məktəbə universitet statusunun verilməsi üçün ciddi hüquqi əsas oldu. Xüsusilə qeyd etmək istəyirəm ki, ötüb keçən illər ərzində universitetimiz öz imkanlarını xeyli genişləndirmişdir. Bu gün burada 7 fakültə, 31 kafedra fəaliyyət göstərir, 40-dan artıq ixtisas və ixtisaslaşmalar üzrə kadr hazırlanır. Təhsil sahəsində dövlət siyasəti prinsiplərinin ardıcıl olaraq həyata keçirilməsi, bu sahədə milli ideologiyanın tətbiqi, Boloniya təhsil sisteminə keçid - bütün bunlar ali təhsilin inkişafı üçün geniş imkanlar açmışdır. Artıq ADMİU-nun diplomları beynəlxalq aləmdə tanınır ki, bu da son dövrlərdə qazanılan nailiyyətlərimizin əsas göstəricilərindən biridir.

1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkəmizin qarşısında dünya ölkələri ilə əməkdaşlıq sahəsində geniş imkanlar açılmışdır. Bu imkanlar tədris sahəsinə, o cümlədən bizim universitetimizə də aiddir. Bu gün ADMİU geniş beynəlxalq əlaqələr şəbəkəsinə malikdir. Bu əlaqələr universitetlərarası qarşılıqlı müqavilələrin imzalanmasında, tələbə mübadiləsində, müəllimlərimizin digər ölkələrin ali məktəblərinə ezam olunmasında özünü büruzə verir. Mədəniyyət, elm və təhsil məsələləri ADMİU-nun xarici əlaqələr sahəsindəki fəaliyyətində prioritet istiqamətlər kimi dəyərləndirilir.

Universitetimiz dünyanın bir çox ölkələrinin ali təhsil, elm və mədəniyyət müəssisələri ilə sıx əlaqələr saxlayır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, universitetimiz 22 xarici ölkənin 46 ali məktəbi ilə əlaqə yaratmışdır. Bu ali məktəblərdən 24-i ilə universitetimiz arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Universitetimizdə bir çox xarici ölkələrdən, xüsusən Türkiyədən çoxlu sayda tələbə təhsil almış və almaqda davam edir. Əcnəbi tələbələr həm bakalavr, həm də magistr pillələrində təhsil alırlar. Onlara verilən diplomlar beynəlxalq sertifikata malikdir. Bunu da vurğulamaq vacibdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Avropa İncəsənət Universitetləri Liqasının tam hüquqlu üzvüdür. Bu, universitetimizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasından xəbər verir.

Universitetimizin 90 illik uğurlarından söz açarkən ilk növbədə teatr təhsilini qeyd etmək istərdim. Teatr təhsili bu ali məktəbin ən qocaman tədris sahələrindəndir. Bu gün universitetimizin ixtisas şəbəkəsi xeyli genişlənmişdir. Bununla belə aktyorluq və rejissorluq təhsili öz əvvəlki əhəmiyyətini qoruyub saxlamışdır. Son dövrlərdə teatr təhsilində əhatəli şaxələnmə baş vermiş, bu sahə ilə bağlı olan yeni kafedralar yaradılmışdır. Dram teatrı və kino, musiqili teatr, estrada aktyoru ixtisasları teatr tədrisinin genişləndirilməsindən xəbər verir. Bu ixtisaslar universitetimizin «Aktyor sənəti» fakültəsində tədris olunur. Müstəqillik illərində ADMİU-da respublikamızda ilk dəfə olaraq ali təhsil səviyyəsində xoreoqrafiya sənəti və aşıq sənəti ixtisasları açılmışdır.

Teatr təhsilinin keyfiyyətini yüksəltmək üçün universitetimizə məşhur sənətkarlar cəlb olunmuşlar. Hal-hazırda Xalq Artistləri İlham Namiq Kamal, Bəsti Cəfərova, Firəngiz Mütəllimova, Zemfira Nərimanova, Valeh Kərimov, Laləzar Mustafayeva, Rafiq Əliyev, Azər Zeynalov, Qərinə Kərimova və başqaları «Aktyor sənəti» fakültəsində dərs deyir, gənc kadrların yetişdirilməsi işində əllərindən gələni əsirgəmirlər.

Fərəhli haldır ki, tələbələrimiz bir çox beynəlxalq müsabiqələrin, festivalların iştirakçısı olmuş, müxtəlif mükafatlara layiq görülmüşlər. Teatr sənəti sahəsində tələbələrimizin istər respublika daxilindəki, istərsə də beynəlxalq miqyasdakı uğurları bizi sevindirir. Belə ki, 2011-ci ildə Qazaxıstanın Almatı şəhərində keçirilən tələbələrin I Beynəlxalq Tələbə Tamaşaları Festivalında universitetimizin «Aktyor sənəti» fakültəsinin tələbələri festivalın ali mükafatı olan «Qran-pri» mükafatını almışlar. Qazaxıstanda reallaşan başqa bir tədbir isə mənim şəxsən iştirak etdiyim «Bastau» Beynəlxalq Kino festivalı olmuşdur. Teatr festivalından daha öncə baş tutan bu tədbirdə də universitetimizin təmsilçiləri – tələbə və məzunlarımız öz filmlərini nümayiş etdirmişlər. Fərəhli haldır ki, müxtəlif ölkələrin təmsilçilərinin iştirak etdiyi «Bastau» Beynəlxalq Kino festivalından da nümayəndələrimiz mükafatlarla geri dönmüşlər. Bundan başqa, Tiflis Beynəlxalq Tələbə Etüdləri Festivalında tələbələrimiz «Təmas» adlı tamaşa ilə çıxış etmiş və festivalın sertifikatını almışlar. Türkiyədə, İstanbul Kültür Universitetində keçirilən Beynəlxalq Tələbə Tamaşaları Festivalında da tələbələrimiz yüksək mükafata layiq görülmüşlər. Kino sənəti üzrə Strasburq şəhərində keçirilən Beynəlxalq Monumental foto müsabiqəsində tələbələrimiz birincilik qazanmışlar. Əlavə edim ki, aktyor və rejissor ixtisaslarında təhsil alan tələbələrimiz hər tədris ili müddətində təxminən 40-50 tamaşa hazırlayaraq təqdim edirlər.

Son illərdə dövlətimizin mədəniyyət və incəsənət, xüsusən teatr sahəsinə göstərdiyi qayğı, teatrlarımızın təmiri, onların texniki təminat baxımından beynəlxalq standartlara cavab verməsi teatrlarımızın yeni yüksəliş mərhələsinə keçməsinin bariz nümunəsidir. 2010-cu ildə Bakıda keçirilmiş Beynəlxalq Teatr Festivalı bu sahədəki nailiyyətlərimizi bir daha parlaq şəkildə nümayiş etdirdi. Bu, dövlətimizin mədəniyyət sahəsindəki siyasətinin məntiqi nəticəsi idi.

Məlum olduğu kimi, teatr təhsilinin mühüm sahəsini rejissorluq təşkil edir. Müstəqillik dövrünün nailiyyətlərindən danışarkən universitetdə «Rejissor sənəti»nin ayrıca bir fakültə kimi fəaliyyət göstərməsini xüsusi olaraq qeyd etməliyik. Bu gün universitetimiz müxtəlif yönümlü rejissor kadrları yetişdirir. Sənətdəki diferensiallaşma, ixtisas peşəkarlığının dərinləşməsi rejissura üçün çox səciyyəvidir. Hazırda universitetimiz teatr, kino, televiziya, musiqili teatr, estrada, kütləvi tədbirlər və bayramlar rejissoru kimi ixtisaslar üzrə mütəxəssis hazırlığı aparır. Yuxarıda qeyd etdiyimiz kimi, tədris prosesinə məşhur peşəkarlar cəlb olunmuşlar. Fakültədə Xalq Artistləri, professorlar Cənnət Səlimova, Ağakişi Kazımov, Azər Paşa Nemət, Eldar Quliyev, Oqtay Mirqasımov, Tofiq İsmayılov, Yalçın Əfəndiyev, Ramiz Əzizbəyli, əməkdar incəsənət xadimləri, dosentlər Bəhram Osmanov, Oqtay Babazadə, Amin Novruzov, Cəmil Quliyev və başqaları dərs deyirlər.

Peşəkar musiqi ənənələrinin universitetimizdə dərin kökləri vardır. Bir daha xatırlatmaq istərdim ki, vaxtilə Teatr Məktəbinin yaradılmasının təşəbbüsçüsü və onun ilk direktoru olmuş professor Şövkət Məmmədova özü böyük müğənni, görkəmli musiqi xadimi idi. Onun səhnədəki peşəkar fəaliyyəti musiqi ilə aktyor sənətinin uğurlu, harmonik sintezini yaratmışdı.

Hələ 20-30-cu illərdən başlayaraq Teatr Məktəbində musiqi təliminə böyük diqqət verilirdi. Bu məqsədlə yerli kadrlarla yanaşı, Moskva, Leninqrad (Sankt-Peterburq) və digər şəhərlərdən mütəxəssislər pedaqoji fəaliyyətə cəlb olunurdular. Bunların içərisində professor Aleksandr Milovanovun, Danil Danilovun adlarını xüsusi olaraq qeyd etmək lazımdır.

1945-ci ildə Teatr Məktəbinin bazasında institut yaradılarkən musiqi təhsilinin imkanları da xeyli genişləndi. Müxtəlif illərdə burada çalışmış SSRİ Xalq Artistləri - maestro Niyazi, Lütfiyar İmanov, əməkdar artist Rəhilə Cabbarova, bəstəkarlardan Şəfiqə Axundova, Hacı Xanməmmədov, istedadlı pianoçu Gülarə Əliyeva, gözəl muğam ifaçısı Qulu Əsgərov kimi pedaqoqlar universitetimizdə musiqi təhsilinin inkişafına böyük təkan verdilər.

Fərəhli haldır ki, respublikada ali musiqi təhsilinin inkişafında universitetimizin də xüsusi payı və çəkisi vardır. Görkəmli vokalçı, opera müğənnisi, SSRİ xalq Artisti Lütfiyar İmanov, istedadlı muğam ifaçılarımızdan Xalq Artistləri Arif Babayev, Canəli Əkbərov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Alim Qasımov, Nəzakət Teymurova və başqaları musiqi sənətinin incəliklərinə məhz burada təhsil alarkən yiyələnmişlər. Bu gün estradamızın bir çox tanınmış, məşhur nümayəndələri məhz bizim universitetimizi bitirmişlər. Xalq Artistləri Brilyant Dadaşova, Nazpəri Dostəliyeva, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva və başqaları universitetimizin yetirmələridir.

Hazırda musiqi fakültəsindəki «Solo oxuma», «Estrada müğənnisi», «Xalq çalğı alətləri ifaçılığı» kimi ixtisaslara «Aşıq sənəti» də əlavə olunmuşdur. 

Bu gün ADMİU-nun «Musiqi sənəti» fakültəsində tanınmış musiqi xadimləri dərs deyirlər. Onlar universitetimizdə onilliklər boyu formalaşmış sənət ənənələrini davam və inkişaf etdirirlər. Bu gün burada Xalq Artisti, professor Faiq Sücəddinov, Əməkdar İncəsənət xadimi, populyar cazmen, dosent Vaqif Gərayzadə, dosent Eldar Dadaşov kimi bəstəkarlar çalışırlar. Sevilən müğənnilərimiz, Xalq artistləri Canəli Əkbərov, Yalçın Rzazadə, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Qəndab Quliyeva, Nazpəri Dostəliyeva və başqaları «Musiqi sənəti» fakültəsinin müəllimləridir. Onların bir çoxu həm də universitetimizin məzunlarıdır. Fakültədə tar, kamança, saz, qarmon üzrə sevilən ifaçılar, Xalq artistləri Ağasəlim Abdullayev, Zamiq Əliyev, Fəxrəddin Dadaşov, Zakir Mirzəyev, əməkdar mədəniyyət işçisi Əhliman Rəhimov və başqaları dərs deyir, tələbələrə ifaçılıq sənətinin xüsusiyyətlərini öyrədirlər.

Musiqi sahəsində tələbələrimizin respublika və beynəlxalq müsabiqələrdəki uğurları bizi sevindirir. «Muğam», «Yeni ulduz» müsabiqələrində, Norveçdə, Sloveniyada və digər ölkələrdə keçirilən musiqi festivallarında da tələbələrimiz laureat adına layiq görülmüşlər. Əlbəttə, bütün bunlar tədrisin yüksək səviyyəsindən, burada çalışan nüfuzlu sənətkarların zəngin pedaqoji təcrübəsindən irəli gəlir.

ADMİU-da «Xoreoqrafiya» ixtisası da zəngin sənət təcrübəsinə malikdir. Məlum olduğu kimi, xoreoqrafiya rəqs və balet sənətlərini özündə ehtiva edən spesifik sənət sahəsidir. Universitetimizdə onilliklər boyu bu sahədə ən tanınmış sənətkarlar fəaliyyət göstərmişlər. Xalq Artistləri Tamilla Şirəliyeva, Rəfiqə Axundova, Mədinə Əliyeva kimi tanınmış sənətkarlar, təcrübəli pedaqoqlardan professorlar Kamal Həsənov, Hüseynağa Hüseynov və başqaları universitetimizdə çalışmışlar.

Universitetdə musiqi təhsili ənənələri xoreoqrafiya sənəti ilə sıx yaradıcılıq əlaqələrinə malikdir. Fərəhləndirici haldır ki, bir çox digər sahələr kimi, xoreoqrafiya sənəti sahəsində də ölkəmizdə ali təhsil verən yeganə müəssisə bizim universitetimizdir. Ona görə də biz bu sahəyə böyük məsuliyyətlə yanaşır, pedaqoji prosesə peşəkarları cəlb edirik.

Uğurlarımızdan danışarkən toxunulması vacib olan başqa bir sahə rəssamlıqdır. Uzun illər boyu respublikamızda rəssamlıq sənəti üzrə ali təhsil verən yeganə müəssisə bizim universitet olmuşdur. Burada rəssamlıq təhsilinin yarım əsrlik tarixi vardır. Vaxtilə bu təhsil ocağında Azərbaycanın görkəmli sənətkarları – Xalq rəssamları Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Böyükağa Mirzəzadə, Nadir Qasımov, Nadir Əbdürrəhmanov, Yusif Hüseynov, Rafiq Mehdiyev, xalçaçı rəssam Lətif Kərimov dərs demişlər. 2000-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə ADMİU-nun Rəssamlıq fakültəsinin bazasında Rəssamlıq Akademiyasının yaradılması da bizim ali məktəbin uğurlarından sayılmalıdır. Hal-hazırda «Rəssamlıq» fakültəsində Xalq rəssamları Ağaəli İbrahimov, Xanlar Əhmədov, Əməkdar İncəsənət Xadimləri Arif Əziz, Fəxriyyə Xələfova və başqaları çalışırlar. Fakültədə rəngkarlıq, qrafika, dizayn, dekorativ sənət, teatr rəssamı, kino və televiziya rəssamı, qrim rəssamı, xalça rəssamı, sənətşünaslıq kimi ixtisaslar üzrə kadr hazırlığı aparılır.

2006-cı ildə İstanbul Uluslararası Öyrənci sərgisində, 2009-cu ildə İstanbul Öyrənci sərgisində, 2010-cu ildə Marmara Universiteti Gözəl Sənətlər Fakültəsinin təşkilatçısı olduğu Beynəlxalq Rəsm sərgisində tələbələrimiz iştirak etmiş və sertifikatlar almışlar. 2011-ci ildə keçirilmiş «Narkomaniyaya yox!» adlı sərgidə tələbələrimiz müxtəlif nominasiyalarda mükafatlandırılmışlar.

Bu gün universitetimiz dövrün tələblərindən irəli gələn yeniliklər yoluna qədəm qoymuşdur. Müasir ruhlu «Kulturologiya» fakültəsinin yaradılması bu yeniliklərin bariz təzahürlərindən biridir. Belə bir fakültənin təşkil edilməsi zamanla ayaqlaşmaq deməkdir. Hazırda fakültədə fəlsəfə üzrə elmlər doktoru, professor Niyazi Mehdi, kulturologiya üzrə elmlər doktoru, professor İlqar Hüseynov, coğrafiya üzrə elmlər doktoru Nadir Məmmədov, filologiya üzrə elmlər doktoru, professor Qaley Allahverdiyev kimi peşəkar mütəxəssislər dərs deyirlər.

Fakültədə yeni ixtisaslar şəbəkəsi yaradılmışdır. Burada «Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması», «Sənətşünaslıq» ixtisasları, «Kulturologiya», «Beynəlxalq mədəni əlaqələr», «Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması üzrə menecer» ixtisaslaşmaları üzrə mütəxəssislər hazırlanır.

«Muzeyşünaslıq, arxiv işi və abidələrinin qorunması» ixtisası günümüzün reallıqlarından irəli gəlmişdir. Dövlət müstəqilliyini elan etmiş respublikamız elə ilk günlərdən etibarən təkcə hərbi-siyasi deyil, həm də mənəvi təcavüzə məruz qalmışdı. Maddi mədəniyyət abidələrimiz, mədəni sərvətlərimiz bəzən özgənin adına çıxılır, dünyanın nəzərində «ustalıqla» özgələşdirilirdi. Belə bir şəraitdə mədəni tariximizə, abidələrimizə sahib çıxmaq, onları mənəvi təcavüzdən qorumaq, dünyaya öz adı ilə tanıtmaq müstəqil dövlətimizin mədəni siyasətinin əsas məsələlərindən birinə çevrilmişdir.

Universitetimizin  müstəqillik dönəmində gerçəkləşdirdiyi başqa bir mühüm ixtisaslaşma «Beynəlxalq mədəni əlaqələr» adlanır. Bu ixtisaslaşmanın beynəlxalq miqyasda əhəmiyyəti elə adından bəlli olur. Axı müasirləşən, yeniləşən Azərbaycan sürətlə dünya birliyinə inteqrasiya etməkdədir. Həm də bu reallıq gündən-günə inkişaf edir, genişlənir. Azərbaycanın dünya birliyi ilə əlaqələri çox planlı müstəvidə gerçəkləşdirilir. Əlbəttə, əlaqələrimizin mühüm bir səhifəsini mədəniyyət amili təşkil edir.

Azərbaycanımızın qədim mədəniyyət ocağı olması dünyada böyük maraq doğurur. Bu reallığın dünya birliyinin diqqətinə çatdırılmasında mədəni ənənələrimizi və xarici dilləri yaxşı bilən mütəxəssislərə böyük ehtiyac vardır. «Beynəlxalq mədəni əlaqələr» ixtisaslaşması məhz belə mütəxəssislər yetişdirmək, mədəniyyətimizi beynəlxalq miqyasda təbliğ etmək, onu hüquqi baxımdan qorumaq məqsədi ilə yaradılmışdır. Mədəniyyət, siyasət və diplomatik missiya qovşağında qərarlaşan bu ixtisaslaşmanın perspektivli olması və dövlətçiliyimizə mədəni siyasət sahəsində uğur gətirəcəyi şübhəsizdir.

ADMİU-dakı digər nəzəri ixtisaslar da günün tələblərindən irəli gəlir. Müstəqillik illərində bizdə nəzəri ixtisasların əhatəli şəbəkəsi yaradılmışdır. Onların xeyli hissəsi «Sənətşünaslıq» fakültəsinin payına düşür. Teatrşünas, sənətşünas kimi «veteran» ixtisaslarla yanaşı, universitetdə müstəqillik illərində yaradılmış ədəbi yaradıcılıq və ekran dramaturgiyası, kinoşünas, kitabşünas kimi ixtisaslar da təşkil edilmişdir. 2012-ci ildən «Ədəbi iş və ekran dramaturgiyası» kafedrasında «Televiziya jurnalistikası» ixtisaslaşması üzrə mütəxəssis hazırlığı aparılır. Yeni ixtisaslaşmaların yaradılması milli mədəniyyətin, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, Azərbaycanın dünyaya inteqrasiya etməsi prosesi üçün çox önəmlidir. Bu ixtisaslarla bağlı fənlərin tədrisi üçün respublikamızın tanınmış alimləri ADMİU-ya dəvət olunmuşlar. Elmlər doktorları, professorlar Nizaməddin Şəmsizadə, Aqşin Babayev, Aydın Abiyev, İsrafil İsrafilov, Məryəm Əlizadə, İlham Rəhimli, Gülşən Əliyeva, Aydın Dadaşov, Xalq Artisti Həmidə Ömərova, populyar kinoşünas, Əməkdar İncəsənət Xadimi  Ayaz Salayev, tanınmış yazıçı Əli Əmirli və başqaları nəzəri ixtisaslardan dərs deyirlər.

Elmi işlərlə universitetimizdə əsasən nəzəri kafedraların professor-müəllim heyəti məşğul olur. Elə bunu demək kifayətdir ki, son beş ildə ADMİU-da 49 monoqrafiya, 53 dərslik, 70 dərs vəsaiti, 260 proqram və metodiki göstəriş nəşr edilmişdir. Mən hələ müəllim və tələbələrimizin respublika mətbuatında və xarici mətbuatda nəşr etdirdikləri məqalələr, resenziyalar haqqında söz açmıram. Təkcə onu deyim ki, son beş ildə universitetimizdə 800-ə yaxın məqalə və resenziya çap olunmuşdur. 100-dən artıq elmi-nəzəri konfranslar keçirmişik. Universitetimizin professor- müəllim heyəti hər tədris ilində orta hesabla 280 çap vərəqi həcmində elmi iş yazaraq təhvil verir.

Xatırlatmaq istədiyim başqa bir ixtisas özündə nəzəri və praktik cəhətləri ehtiva edən «Kitabşünaslıq» ixtisasıdır. Bu ixtisas da yeni olub dövrün tələblərindən irəli gəlmişdir. Son illərdə respublikamızda kitab çapı da sürətlə inkişaf edir. Bu gün Azərbaycanda onlarla nəşriyyat, mətbəə, mətbuat evi, poliqrafiya mərkəzi fəaliyyət göstərir. Hazırladığımız kadrlar məhz həmin sahələrə yönəldilir, mədəniyyətin bir qolu olan nəşriyyat-poliqrafiya sahəsində çalışırlar. Əlbəttə, bunun üçün onlardan peşəkar bilik, geniş dünyagörüşü tələb olunur. Bu məqsədlə universitetə ən layiqli, tanınmış mütəxəssisləri, pedaqoqları cəlb edirik.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq əmrinə uyğun olaraq Müdafiə Şurası fəaliyyət göstərir. Bu qurumun üzvləri universitetin görkəmli alim-pedaqoqlarıdırlar.

ADMİU-da «Mədəniyyət dünyası», «Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Əsərləri» adlı elmi-nəzəri məcmuələr  çap olunur. «Mədəniyyət: problemlər və perspektivlər» adlı məcmuədə isə doktorant və gənc tədqiqatçıların məqalələri dərc edilir. ADMİU-nun elmi nəşrlərində sənətşünaslıq, kulturologiya, muzeyşünaslıq, fəlsəfə və onların tədrisi metodikası ilə bağlı elmi əsərlər işıq üzü görür. Yuxarıda adı çəkilən bu məcmuələr Ali Attestasiya Komissiyasının nəşrləri siyahısına daxil edilmişdir.

ADMİU respublikanın ictimai və mədəni həyatında yaxından iştirak edir. Bir çox nüfuzlu, beynəlxalq tədbirlərin, bayram proqramlarının hazırlanmasında müəllim və tələbələrimizin əməyi böyükdür. Universitetimizdə ardıcıl surətdə beynəlxalq konfranslar, simpoziumlar keçirilir. Bunlardan Nizami Gəncəvinin 870 illik yubileyi münasibəti ilə təşkil olunmuş «Nizami və Şərq intibahı» adlı elmi-praktik konfransı, «Türksoy xalqlarının musiqi mədəniyyəti» beynəlxalq konfransını, universitetimizin 90 illiyinə həsr olunmuş «Mədəniyyətlərarası dialoqda ənənəvi incəsənətin rolu» adlı konfransı və başqalarını göstərmək olar.

Ötən illər ərzində biz bir çox nailiyyətlərə imza atmışıq. Azərbaycanın müstəqilliyi universitetimizin də inkişafına, beynəlxalq aləmdə tanınmasına təkan vermişdir. Biz bu imkandan istifadə edərək Azərbaycan mədəniyyətinin dünyada tanınmasına çalışırıq.

Zəngin tarixi ənənələrə malik olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 90 yaşını qeyd edir. Bu yubiley münasibəti ilə Sizə təqdim edilən kitab ADMİU-nun keçdiyi təxminən bir əsrlik yola işıq salır. Burada Siz teatr və kino təhsilinin təşəkkülü, inkişaf mərhələləri, təsviri sənət təhsilinin keçdiyi yol, musiqi təhsili sahəsindəki nailiyyətlərimiz, ictimai-humanitar elmlərin tədrisi, kulturologiya, beynəlxalq əlaqələrimiz, ADMİU-da təhsil alan əcnəbi tələbələr, universitetimizin bu günü, şöbə və bölmələr, eyni zamanda bu ali təhsil ocağının müəllimləri olan görkəmli sənət xadimləri haqqında məlumatlarla tanış olacaqsınız.