Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr ədəbiyyatı



KITABLAR

MƏQALƏLƏR

QƏZETLƏR

ELEKTRON KİTABLAR

1880-ci illərdən Bakıda teatr həyatı canlanmağa başlayır. Şuşa, Şəki, Lənkəran, Naxçıvan şəhərlərindəki teatr truppalarının istedadlı müəllim və ədibləri Bakıya gəlib burada məskunlaşırlar. Bakıda neft sənayesinin inkişafı ilə əlaqədar olaraq şəhər genişlənməyə başlayır, burada yeni gözəl yaşayış binaları ilə yanaşı teatr binaları, kino salonları, əyləncə evləri də tikilir. Milli mətbuat tarixini 1875-ci ildə nəşr edilən «Əkinçi» qəzeti ilə başlayan Azərbaycanda yeni-yeni qəzet və jurnallar çap olunmağa başlayır. Rusiyadan və Avropadan gələn demokratik ədəbi, siyasi cərəyanlar Azərbaycan xalqının da mənəviyyatına nüfuz edir. Yeni ideyalar, məfkurələr adamların həyata münasibətində dəyişiklik yaradır. Yeni yetişən şairlər, ədiblər, jurnalistlər, səhnə ustaları, tənqidçilər zamanla, həyatla ayaqlaşmağa, xalqın gözünü açmağa, onları qəflət yuxusundan oyatmağa səy göstərirdilər. Bakı şəhəri böyüdükcə idarələr də artırdı. Bakı Dövlət Palatası da qurulmuşdu. Duma nəzdində «Şəhər qərargah idarəsi» yaradılmışdı.

Bu illərdə artıq teatr tənqidi də rüşeym halında olsa da, özünü biruzə verir. Teatr orqanizmi haqqında düşünməyə başlayır. «Şəhərdə daimi teatr binası yoxdur. Halbuki şəhər əhalisi çox və nisbətən inkişaf etmiş adamlar olduğundan teatr binası üçün ehtiyac hiss olunduğunu bildirir.

1883-cü ildə Bakı milyonçusu, maarifçi Hacı Zeynalabdin Tağıyev Bakıda teatr binası tikdirir. Binanın layihəsini memar Koçnovitski hazırlamışdı. 1887-ci ildən başlayaraq Bakıdakı teatr dəstəsinə Sultan Məcid Qənizadə və Nəcəfqulu Vəliyev başçılıq edirdilər.

Beləliklə, keçən əsrin 80-ci illərinin sonlarından Bakıda teatr az-çox sabit bir truppa halına düşüb. «Teatrın həvəskar dövründən çıxıb tədricən professionallaşmağa doğru inkişaf» etməyə başladı. Məhz bu zaman teatrın ayrı-ayrı tamaşaları barədə məqalə yazan müəlliflər meydana çıxdı və onların sayı getdikcə artmağa başladı. 1890-1920-ci illər ərzində Məmmədsadıx Axundov, Səfərəli Vəlibəyov, Eynəli Sultanov, Ağalar Vəzirov, D.A.Şaxtaxtinski, Haşım bəy Vəzirov, Hüseyn Minasazov, Rəhim bəy Məlikov, Qurbanəli Şərifov, Mehdibəy Hacınski, Əziz Şərif və başqaları «Kaspi», «Baku», «Bakines», «Zakavkaziye», «Tərcüman», «İrşad», «Həyat», «Təzə həyat», «Açıq söz» və s. qəzetlərdə teatr tamaşaları haqda məqalələrini çap etdirmişlər. Öz ictimai-siyasi istiqaməti, mütərəqqi mövqeyi ilə əlaqədar olaraq sənət və ədəbiyyat qarşısında yüksək tələblər qoyan «Əkinçi» qəzetində, «Molla Nəsrəddin» jurnalında da teatr barədə yazılar çap olunurdu. Hətta ideya istiqaməti, məfkurəvi mövqeyi etibarilə ziddiyyətli olan qəzetlərdə də, o cümlədən «Kəşkül» qəzetində də yazıçıların əsərləri, eləcə də həyat və fəaliyyətləri barədə yazılar verilirdi. «Müsyö Jordan və Dərviş Məstəli şah» komediyasının tamaşası barədə yazılmış ilk resenziyalardan biri də məhz «Kəşkül» qəzetində nəşr olunmuşdu.

Doğrudur, bu məqalələr professionallıq nöqteyi-nəzərindən zəif idilər. Onlara teatrşünaslıq elmimizin bu günkü inkişaf nəzəri ilə yanaşsaq, həm yazı üslublarında nöqsanlar, məzmunda səthilik aşkar edilir, həm də bəzilərində əyintilərə, qeyri-obyektivliyə rast gəlmək olar. Bu məqalələr əsasən məlumat xarakteri daşıyırdı. Adətən tamaşanın ayın neçəsində, hansı gündə, harada, kimlər tərəfindən oynanıldığı göstərilir. Bir, yaxud iki nəfər əsas rolda çıxış edən artistin adı çəkilir, əldə edilən pulun miqdarı və hansı məqsədə sərf olunduğu qeyd edilirdi; bəzi hallarda artistlərin «hazır bulunanlar» tərəfindən alqışlanması, onlara nə kimi hədiyyələr verilməsi ümumi şəkildə təsvir olunurdu.

«Könüllü oyunçular ümumən rollarını çox gözəl keçirdilər», «teatrxana dop-dolu idi, çox adam yer bulmayıb qaldı», «Keçən tamaşaya nisbətən adam daha çox idi. Gülmədən qəşş edirdilər», «həvəskar artistlər öz rollarının öhdəsindən məharətlə gəldilər», «həvəskarların müvəffəqiyyətinə sevinmək olar» və s. buk imi ifadələrlə tamaşaların müsbət cəhətləri göstərilirdi. Mənfiliklər, nöqsanlar isə «bu günkü oyunçular zəif idilər», «Qulaqları suflyor budkasına dikilmişdi» və s. ifadələrlə tənqid olunurdu.

Lakin bu məqalələr teatrımızın tarixini əks etdirmək cəhətdən əhəmiyyətli olduğu kimi, Azərbaycan teatrşünaslığının öyrənilməsi baxımından da qiymətlidir. Hətta həmin məqalələr içərisində elə nümunələr vardır ki, onlar teatrşünaslığımızın o zamankı mərhələsi üçün teatr tənqidinin inkişafında irəliyə doğru addım idi. Onların bir qismi bu günkü teatrşünaslıq elmi nöqteyi-nəzərindən də maraq doğurur.