Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Dramaturgiya və teatr



DRAMATURQLAR

PYESLƏR

 

Dram nəzəriyyəsinin öyrənilməsi tarixinin kökləri qədim yunanlara gedib çıxır. Bu kiçik xalqın bəşəriyyətin tarixində xidmətləri misilsizdir. Yunan xalqı bəşəriyyətə Homer, Evripid, Sofokl, Aristofan, Esxil kimi onlarca mədəniyyət, elm və sənət xadimləri yetişdirmişdir.

Yunan elmi və fəlsəfəsinin ən böyük dühalarından biri də Aristoteldir.O. dünya mədəniyyəti xəzinəsinə "Analitika", "Metafizika". "Etika", "Politika", "Ritorika" "Poetika" kimi samballı, bu gün də öz əhəmiyyətini itirməyən, tədqiqatçılara maraq doğuran elmi əsərlər bəxş etmişdir. Mənbələrin verildiyi xəbərə görə eramızdan iki əsr əvvələdək İskəndəriyyə kitabxanasında Aristotel tərəfindən yazılmış 400 kitab saxlanılırdı.

Aristotel eyni zamanda da dram nəzəriyyəsinin atası sayılır. Onun "Poetika" əsəri qədim Yunanıstanın dramatik sənətinin nəzəriyyəsini özündə birləşdirən ilk elmi əsər kimi bizə gəlib çatmışdır. Alimin "Poetika" əsəri tam halda bizə gəlib çatmamışdır. Əlimizdə olan mətndə faciə və eposun təhlilinə geniş yer verilmişsə də, komediyanın təhlilinə az yer ayrılmışdır. Halbuki, Aristotel öz əsərinin başlanğıcında ümumiyyətlə poetik sənət haqqında danışacağı kimi, eləcə də onun ayrı-ayrı növləri haqqında da söhbət açacağını qeyd etmişdir. Buradan belə nəticəyə gəlmək mümkündür ki, əlimizdə olan variant "Poetika" əsərinin ancaq bir hissəsidir.

"Poetika" tamamlanmamış ədəbi-elmi əsər təsiri bağışlayır.O, daha çox mühazirəni xatırladır. Bütün bunlara baxmayaraq Aristotelin "Poetika" əsəri tamamilə qeyri-adi qiymətə malik olan sənəddir. Bu əsər sənət və bədii şüur tarixində mühüm rol oynamışdır. "Poetika" poeziya, drama haqqında, ümumiyyətlə sənət haqqında ilk sistemli traktatdır. İncəsənətin hamı tərəfindən qəbul edilmiş bir çox anlamları ilk dəfə məhz Aristotel tərəfindən formalaşmışdır.

Aristotelin həmin traktatı onun fəlsəfəsi ilə bağlıdır. Sənətə, incəsənətə yanaşmada Aristotelin fəlsəfi sisteminə xas olan elmi təhlilin prinsipləri özünü büruzə verir.

Aristotelin "Poetika" əsərini tədqiq etməzdən əvvəl yeni dövdə bu əsərə müxtəlif prinsiplərdən yanaşıldığını qeyd etmək lazımdır. Əsas etibarilə iki tendensiyanı göstərmək olar. Birinci tendensiya Avropada intibah dövründən romantizmə kimi hakim idi. Klassizmin müəyyənləşdiyi XYII əsrdə, habeləXYIII əsrdə Aristotelin klassik traktovkasına qarşı çıxan Lessinqin polemikalarında özünü daha əyani şəkildə göstərirdi.

Romantizm dövründən başlayaraq "Poetika"ya bədii inkişafın müəyyən epoxasına xas olan nəzəriyyə kimi baxmışlar.

Aristotelin "Poetika" əsərində ondan əvvəl yaranmış bütün nəzəri fikirlər cəmlənmişdir. Əlbəttə, biz Asristotelə kimi yaranmış dram nəzəriyyəsi haqqında az məlumata malikik. Lakin bununla belə, deyə bilərik ki, digər bilik sahələrində olduğu kim, incəsənətin nəzəriyyəsində də Aristotel qədim Yunanıstanın mədəniyyəti tərəfindən yaradılmış və toplanmış zəngin bilik fonduna əsaslanırdı.

Sənətin Əflatun (Platon) tərəfindən idealistcəsinə dərk edilməsinə qarşı o, prinsip etibarilə materialist konsepsiyanı irəli sürmüşdür. Aristotel üçün gerçəklik məişətin real əsasını təşkil edir. Ona görə də gerçəklik dərketmə dəyərinə malikdir.

Aristoteldə təqlid təkcə dərketmə əhəmiyyətinə malik deyildir.Onun yazdığına görə "təqlid məhsulları hamıya zövq verir"-deməli təqlid estetik zövqdür.

Aristotelin dram nəzəriyyəsi onun üzərində qurulmuşdur ki, sənətin digər sahələri kimi, dram da təqlidedicidir; bizim müasir mənada gerçəkliyin əksidir. Gerçəkliyin təsvirinə sadiqlik dramanın bəxş etdiyi estetik zövqlərdən biridir.

Aristotel heç də təqlidetməni mexaniki şəkildə kopyalaşdırmaq mənasında qəbul etmir. Onun istifadə etdiyi "mimezis" sözü bizim "təqlid" anlayışımızdan daha genişdir. Bu söz özlüyündə öyrənmək, dərk etmək mənasını birləşdirir və insanın əməli qabilyyətlərindən birisi kimi qəbul edilir. Aristotel yazırdı ki, insanlara təqlidetmə uşaqlıqdan xas olan bir xüsusiyyətdir və onlar heyvanlardan onunla fərqlənirlər ki, təqlidetməyə qabildirlər və onun sayəsində də ilkin bilik əldə edirlər.

"Poetika"nın bütün kontekstindən görünür ki, Aristotel təqlidetməni gerçəkliyi yaradıcı şəkildə canlandırmaq kimi başa düşürdü. İncəsənətin digər növləri kimi drama da gerçəkliyi kopyalaşdırmır, onu həyatın müəyyən dərkinə uyğun olaraq canlandırır. Aristotel incəsənət əsərlərində faktların bədii şəkildə dərk edilməsi haqqında danışarkən, poeziya əsərinin ideya istiqaməti haqqındakı əsasnaməni də inkişaf etdirir.

"Poetika"nın IX fəslindəki tarix və poeziyaya dair mühakimələr prinsipial əhəmiyyətə malikdir. "Tarix" anlayışı altında Aristotel həqiqətən baş vermiş hadisənin dəqiq şərhini başa düşür. O, tarixi bizin qəbul etdiyimiz elm kimi dərk etmir. Onun üçün tarix baş vermiş hadisələrin yalnız mexaniki salnaməsidir.

Tarixin belə şəkildə dərk edilməsindən çıxış edərək Aristotel onu poeziya ilə müqayisə edərək göstərirdi ki, poeziya tarixdən fəlsəfidir və ciddidir: poeziya ümumilik haqqında danışdığı halda, tarix təklərdən danışır. Poetik yaradıcılıq gerçəkliyin ümumiləşdirilmiş təsvirini verir. Şair və dramaturqun təsvir edilən hadisənin həqiqətən də baş verib verməməsinin mahiyyət etibarilə əhəmiyyəti yoxdur. Əsas odur ki, belə bir hadisə baş verə bilərdi. Belə hadisələr bədii təsvir predmeti ola bilər.Buradan belə bir nəticəyə gəlmək olar: ola bilsin ki. həyatda baş vermiş hadisələrin mahiyyət etibarilə heç bir əhəmiyyəti olmasın. Insanların talelərində heç bir şey müəyyən etməsinlər. Ona görə də belə hadisələrin dram üçün də əhəmiyyəti yoxdur.

Antik dövrdə dram nəzəriyyəsinin nə vəziyyətdə olduğunu başa düşmək üçün o dövrdəki estetik fikrin xarakterik xüsusiyyətlərini yadımıza salmalıyıq. Antik dövrün tarixçisi A.Losev yazırdı ki, bizim eradan əvvəl yunan natyralist fəlsəfəsi meydana gəldiyi zaman o heç bir mənbələrdə estetika kimi verilməmişdir. Həmin dövrün mənbələrində o yalnız "fizika" və ya təbiət haqqında təlim və ya da sadəcə olaraq "fəlsəfə" adlanmışdır. Platon və Aristotel tərəfindən formalaşan heç bir elm "estetika" adlanmamışdır. Ümumiyyətlə, formal cəhətdən mühakimə yürütsək, təsdiq edə bilərik ki, antik dövrdə estetika müstəqil elm kimi məlum deyildi.

Dəqiq desək, qədim yunanlarda estetika haqqında xüsusi elm olmadığı kimi, ayrıca dram nəzəriyyəsi də olmamışdır. Hər halda ilk klassik dövrdə belə idi. Platonun meydana gəlməsi ilə vəziyyət dəyişilir. Platon xüsusi olaraq incəsənət haqqında, onun cəmiyyətin həyatındakı yeri haqqında məsələlərlə məşğul olur və gözəlliyin mahiyyətini öyrənir . Lakin o, dramanı ayırmır və tragiklik haqqında anlayışı tamamilə dramatik janrın müəyyənliyi ilə bağlayır.

Aristotel üçün də hələlik dram haqqında xüsusiləşmiş nəzəriyyə mövcud deyildir. Drama əsasən poeziyanın növlərindən biridir. Aristotel, əsasən, tragediyanı təhlil edərkən, onun özünəməxsus xüsusiiyətləri kimi pozisiyanın qanunlarını da müəyyənləşdirmişdir. Lakin onun mühakimələrinin çıxış nöqtəsi kimi tragediyanı seçməsi təsadüfi deyildir. Epik və lirik poeziya antik mədəniyyətin əvvəlki dövrünə xas idi. Drama sonrakı mərhələnin məhsuludur.

Aristotel Platonun şagirdi olsa da, onlar müxtəlif dövrlərin və müxtəlif ideyaların adamlarıdırlar. Platon qədim ənənələrlə, onun qəhrəmanlıq və vətəndaşlıq ruhu ilə bağlı idi. Aristotel isə digər epoxanın yetirməsidir. O, demokratiyanın tamamilə süquta uğradığı və monarxiya dövlətinin onu əvəz etdiyi bir dövrün mütəfəkkiridir.

Aristotel "Poetika" əsərində təqlid haqqında təlim vermiş, faciəni və onun əsas elementlərini, faciənin altı hissədən ibarət oduğunu müəyyənləşdirmiş, fabulanın təhlilini vermiş, faciədəki xarakterləri, qəhrəmanın tragik günahını, iztirab və əziyyətlərini, katarsis problemini göstərmiş, komediya janrını müəyyənləşdirmişdir.

Aristotelin dram nəzəriyyəsi o əsasda qurulub ki, drama sənəti digər sənət növləri kimi təqliddir; bizim indi dediyimiz gerçəkliyin əksidir. Gerçəkliyin əks etdirilməsinə sədaqət dramın verdiyi estetik zövqün ilk şərtlərindən biridir.