Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Dramaturgiya və teatr   Dramaturqlar



Elçin İlyas oğlu Əfəndiyev

Elçin Əfəndiyev 13 may 1943-çü ildə, Bakı şəhərində, XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. İlk hekayəsi 16 yaşı olarkən, 1959-cu ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1968) bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə" mövzusunda namizədlik, "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. "Min gecədən biri" adlı ilk hekayələr kitabı 1965-ci ildə çapdan çıxıb. Bundan sonra Elçinin dünyanın müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr olunub, əsərləri ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, polyak, xorvat, gürcü, litva, moldavan, türkmən, özbək, qazax, tacik, serb və sair dillərə tərcümə edilib. Kitablarının ümumi tirajı 5 milyondan çoxdur;

Elçin ABŞ-da, Rusiyada, Fransada, Türkiyədə, Almaniyada, Hollandiyada, Çində, Belçikada, İspaniyada, Yunanıstanda, Lüksemburqda, İsveçdə, İsveçrədə, Danimarkada, Ukraynada, Polşada, Özbəkistanda, Çexoslovakiyada, Yuqoslaviyada, Bolqarıstanda, İraqda, Avstriyada, Qazaxıstanda, İranda, Qanada, Səudiyyə Ərəbistanında, Rumıniyada, Macarıstanda, Gürcüstanda, Tunisdə, Pakistanda və digər ölkələrdə müxtəlif elmi, ədəbi, ictimai, siyasi konfranslarda, simpoziumlarda, qurultaylarda, görüşlərdə, rəsmi dövlət danışıqlarında iştirak edib.

Azərbaycan Ali Sovetinin deputatı olub.

Hazırda Azərbaycan Respublikası Baş Nazirinin müavini, eləcə də Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən" Cəmiyyətinin sədri vəzifələrində çalışır. Bakı Dövlət Universitetinin professorudur. Bir sıra Dövlət Komissiyalarının sədri, nüfuzlu Azərbaycan və beynəlxalq ədəbi, ictimai qurumların üzvüdür. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın üzvüdür.

Elçinin «Ah Paris, Paris», «Arılar arasında», «Mənim sevimli dəlim», «Mənim ərim dəlidir», «Qatil» və s. pyesləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.