Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Dramaturgiya və teatr   Dramaturqlar



Üzeyir Hacıbəyli
(18.9.1885-23.11.1948)

Azərbaycan milli opera və operettasının banisidir. İlk peşəkar musiqimizin yaradıcısıdır. Görkəmli teatr fədaisi, ictimai xadimdir. "Molla Nəsrəddin" ədəbi məktəbinin görkəmli nümayəndəsidir. Jurnalistika sahəsində böyük işlər görüb, publisistika elmini yeniliklərlə zənginləşdirib. Milli dramaturgiyamıza yeni janr və mövzu əlvanlığı gətırib. Öz komediyalarında silsilə xarakterlər, komik personajlar yaradıb. Azərbaycan konservatoriyasının yaradıcısıdır. Musiqişünaslıq elmimizin bünövrəsini qoyub. Qüdrətli pedaqoq olub və Azərbaycan
bəstəkarlıq məktəbinin neçə-neçə korifeyini yetişdirib.

Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyov Qarabağın bəy nəslindəndir. 1885-ci il sentyabr ayının 18-də Şuşa qəzasının Ağcabədi kəndində doğulub.

Üzeyir bəy ilk təhsilini Şuşa şəhərindəki ikisinifli türk-rus məktəbində alıb. Uşaqlıqdan ecazkar musiqi yaddaşı, iti zehni və çalışqanlığı, mütaliəyə meyili ilə tay-tuşlarından seçilib. Onda musiqi sənətinə məhəbbət və rəğbəti, coşğun həvəsi dayısı, milli xalq sənətinin səriştəli bilicisi Ağalar Əliverdibəyov oyadıb. Şuşa şəhərinin özü həmin illərdə bütün Qafqazın musiqi akademiyası sayılıb. Şübhəsiz ki, belə musiqi mühiti Üzeyir bəyin qan və uşaqlıq yaddaşında dərin izlər buraxıb. Görkəmli dramaturq və teatr xadimi, milli rejissorluq sənətinin yaradıcılarından olan Əbdürrəhim bəy Haqverdiyev 1897-ci ildə Şuşada Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasının motivləri əsasında "Məcnun Leylinin qəbri başında" ("Məcnun Leylinin məzarı üstündə") səhnəciyini hazırlayıb. Məcnunun muğam üstündəki oxularını Cabbar Qaryağdı ifa edib. Üzeyir bəy həmin səhnəcikdə xorda oxuyub.

Dahi sənətkarın özünün yazdığına görə, bu musiqili səhnə-tamaşa ona böyük təsir bağışlayıb. Üzeyir bəyin qəlbində opera yaratmağın ilk qığılcımları məhz həmin ildən işıq saçıb. Şuşada rus dilini öyrənib ilkin təhsil şərtlərinə mənimsəyən Üzeyir bəy 1899-cu ildə Qori
Müəllimlər Seminariyasına qəbul olunub. Burada skripka və bariton çalmağı öyrənib. Dünya musiqi klassiklərinin yaradıcılıqları ilə yaxından tanış ola bilib. Azərbaycan xalq mahnılarının nəzəri əsaslarını elmi sistemə salmağa cəhd göstərib. Üzeyir bəy Hacıbəyov 1904-cü ildə seminariyanı bitirib və Cəbrayıl qəzasına müəllimliyə göndərilib. Bir il burada kənd məktəbində müəllim işləyəndən sonra Bakıya gəlib. Əvvəl fəhlə qəsəbəsi olan Bibiheybətdə, sonra isə "Səadət" məktəbində pedaqoji fəaliyyət göstərib. Azərbaycan dilində dərs vəsaitlərinin son dərəcə azlığını nəzərə alan Üzeyir bəy məktəblilər üçün "Hesab məsələləri" dərsliyini yazıb və onu 1907-ci ildə çap etdirib. Həmçinin özünün "Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi, rusi-türki lüğəti"ni nəşrə hazırlayıb. Bu kitabça dilçilik elminin ilk müjdələrindən sayılır.

Gələcəyin dahi bəstəkarı bədii yaradıcılığa publisistika ilə başlayıb. Cəmiyyətin sosial ədalətsizliyinə, dövrün ictimai-siyasi bəlalarına, savadsızlığa, mənəvi-əxlaqi rəzalətlərə qarşı, maarifçiliyə çağıran tənqidi və nəzəri məqalələr, kəskin felyetonlar yazıb. O, öz yazılarını "Ordan-burdan", "O yan-bu yan", "Filankəs", "Behmənkəs", "Ü" imzaları ilə çapa verib. Ədibin çoxsaylı və müxtəlif janrlı yazıları Bakıda çıxan "Tərəqqi", "Həqiqət", "Kaspi" (rus dilində), "İqbal" "Yeni iqbal", "İrşad" qəzetlərində, Tiflisdə nəşr olunan "Molla Nəsrəddin" jurnalında oxuculara çatdırılıb. Onun felyetonları və satirik miniatürləri, kiçik hekayələri kəskinliyi, aktuallığı və dilinin ifadəliliyi, rəvanlığı ilə dəyərlidir. Bu illərdə Üzeyir bəy rus yazıçısı Nikolay Qoqolun məşhur "Şinel" nəsr əsərini azərbaycancaya tərcümə edib. Belə gərgin şəkildə yaradıcılıqla məşğul olan Üzeyir bəy Hacıbəyov 1907-ci ilin sonlarında ilk milli operamız olan "Leyli və Məcnun" əsərini tamamlayıb. Operanın librettosunu bəstəkar özü
qardaşı Ceyhun Hacıbəyli ilə birlikdə yazıb. Mətn üçün Məhəmməd Füzulinin "Leyli və Məcnun" məhəbbət poeması götürülüb. "Leyli və Məcnun" operası direksion üslubda yazılıb. Onun tamaşaya hazırlanmasını 1906-cı ildən fəaliyyətə başlayan "Nicat" mədəni-maarif cəmiyyətinin teatr truppası öz üzərinə götürüb. Tamaşanın quruluşunu dövrünün məşhur tragik aktyoru və rejissoru Hüseyn Ərəblinski verib.Üzeyir bəy Hacıbəyov ali musiqi təhsili almaq üçün 1911-ci ildə Moskvaya gedib. 1913-cu ildən isə Peterburq konservatoriyasında sənətin incəliklərinə yiyələnib. Musiqinin peşəkarlıq incəliklərinə dərindən yiyələnməklə yanaşı, yaradıcılıqla da ciddi məşğul olub. Təhsil illərində Üzeyir bəy Hacıbəyov el rəvayəti əsasında "Şah Abbas və Xurşid banu" (1911), xalq dastanının motivlərindən istifadə etməklə "Əsli və Kərəm" (1912) operalarını və dünya şöhrətli "Arşın mal alan" (1913) operettasını bəstələyib. Üzeyir bəy Hacıbəyov 23 noyabr 1948-ci ildə vəfat edib. Məzarı Fəxri xiyabandadır.
Azərbaycan Dövlət Musiqi Akademiyası (əvvəlki Konservatoriya) onun adını daşıyır. Bakıda adına küçə var.