Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



Babayev Adil

Adil Qafar oğlu Babayev 1925-ci il yanvarın 28-də Naxçıvan şəhərində anadan olmuşdur. 1931-1938-ci illərdə orada 1 nömrəli orta məktəbin yeddinci sinfini bitirmiş, Tbilisi şəhərində M.F.Axundov adına Azərbaycan orta məktəbində təhsilini davam etdirmişdir. "Şərq qapısı" qəzeti redaksiyasında əvvəl korrektor, sonra ədəbiyyat və incəsənət şöbəsinin müdiri olmuşdur.

1943-cü ildə Tbilisidə A.S.Puşkin adına İkiillik Müəllimlər İnstitutunun ədəbiyyat fakültəsinə daxil olmuş, eyni zamanda "Sovet Gürcüstanı" qəzeti redaksiyasında ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir. Ədəbi yaradıcılığa 1939-cu ildən başlamışdır. İlk şeirləri Tbilisidə "Gənc nəsil" məcmuəsində və "Sovet Gürcüstanı" qəzetində çıxmışdır. 1941-ci ildə "Sevinc" əsərinə görə "Sovet Gürcüstanı" qəzeti redaksiyası müsabiqədə 2-ci mükafata layiq görülmüşdür.

1945-1947-ci illərdə "Kommunist" qəzetində ədəbi işçi, tərcüməçi, 1947-1949-cu illərdə "İnqilab və mədəniyyət" jurnalında poeziya şöbəsinin müdiri olmuşdur.

1950-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirmiş, sonra bir müddət Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru işləmişdir. 1956-1958-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İncəsənət və Layihə İnstitutunun aspiranturasında təhsil almışdır. 0, teatrşünas kimi teatr sənəti ilə sıx bağlı olmuş "M.Əzizbəyov adına teatr" (Moskva, 1959), "Şərəfli yol" (1974) monoqrafiyalarını və ədəbiyyatşünaslıq, dramaturgiya və kino sənəti problemlərinə dair çoxlu məqalələrini qələmə almaqla milli teatrın inkişafına kömək etmişdir. Eyni zamanda M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının ədəbi hissə müdiri olmuş (1956-1964), sonra "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri, məsul katib və baş redaktorun müavini vəzifələrində işləmişdir.

1971-ci ilin avqust ayından ömrünün son gününədək Azərbaycan Yazıçılar İttifaqında bədii tərcümə üzrə məsləhətçi olmuşdur. Onun bədii yaradıcılığı çox əhatəlidir: "Dağlar qızı", "Yarımçıq portret", "Mənim məhəbbətim", "Qız görüşə tələsir" pyesləri teatr səhnələrində tamaşaya qoyulmuş əsərləri xarici dillərə və SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. Onun yaradıcılığında tərcümə xüsusi yer tutur. Dünya və qardaş xalqlar ədəbiyyatından çoxlu tərcümələr etmişdir. Onun tərcümə etdiyi — V.Vinnikov və Y.Osnosun "Ağ şanaküllə" (1959), Sao-Yuyyanın "Tufan" (1959), Ş.Miloravanın "Tbilisi Haqqında mahnı" (1961), N. Dumbadzenin "Darıxma, ana" (1972), M. Petrieskunun "Ölümü görmüş insan" (1973) pyesləri tamaşaya qoyulmuşdur. 1941-1945-ci illərdə "Əmək igidliyinə görə" medalına layiq görülmüşdür.1977-ci il avqustun 19-da Bakıda vəfat etmişdir.