Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



Sultanov Eynəli bəy

Sultanov Eynəli bəy Çölü bəy (1866-1935)- yazıçı, şair, dramaturq, publisist, tərcüməçi, pedaqoq, teatr xadimi, teatr tənqidçisi, ictimai xadim.

Naxçıvan ziyalıları içərisində öz biliyinə, bacarığına və təşkilatçılığına görə Eynəli bəy Sultanov fərqlənirdi. Eynəli bəy Sultanov hələ 1882-ci ildə öz evində "Ziyalılar cəmiyyəti" təşkil edir, qabaqcıl adamlarla, savadlı gənclərlə, məsləkdaşlarla əlaqə saxlayırdı. Şəhərin bütün tərəqqipərvər, açıq fikirli adamlarından Paşa ağa Sultanov (1849-1902), Mirzə Cəlil Mirzəyev (Şürbi) (1874-1915), Mirzə Ələkbər Xəlilov (1862-1896), Əsəd ağa Kəngərli, Qurbanəli Şərifov (1854-1917), Baxşəli ağa Şahtaxtlı, Nəsrulla Şeyxov (1863-1921) və başqalarını həmin cəmiyyətə cəlb edir.

Eynəli bəy Sultanovun təşkilatçılığı və rəhbərliyi altında "Ziyalılar cəmiyyəti"ndə dövrün ictimai-siyasi, qadın azadlığı məsələləri müzakirə edilir, yeni məktəblər, kitabxanalar açmaq qərara alınır, elmi-ədəbi mübahisələr keçirilirdi. Burada Aleksandr Puşkin, Lev Tolstoy, Belinski, Dobrolyubov kimi görkəmli rus yazıçı və şairlərinin də əsərləri oxunur, tərcümə edilir və fikirləri üzərində elmi mübahisələr aparılır, xalqı qəflət yuxusundan oyatmaq üçün hər cür səy göstərilirdi.

Dövrün tərəqqipərvər, açıq fikirli ziyalılarından Məhəmməd ağa Şahtaxtlı (1846-1931), Qurbanəli Şərifov (1854-1917), Məhəmməd Tağı Sidqi (1854-1903), Cəlil Məmmədquluzadə (1869-1932), Eynəli bəy Sultanov (1866-1935), Mirzə Əlməmməd Xəlilov (1862-1896), Mirzə Ələkbər Bəyalı oğlu Süleymanov (1862-1921), Mirzə Məmməd Zamanbəyov və başqalarının təşəbbüsü və səyi nəticəsində 1883-cü ildə Naxçıvanda ilk dəfə olaraq "Müsəlman incəsənəti və dram cəmiyyəti" adlı bir ədəbi cəmiyyət yaradılır. Şəhərin tərəqqipərvər, yeni fikirli adamları cəmiyyətin fəaliyyətinə kömək etsələr də, o dövrdə ruhanilər, hökumət məmurları onlara yaxşı münasibət bəsləmirdilər.

Eynəli bəy Sultanovun fəaliyyəti Azərbaycan teatr tarixində ən gözəl səhifələrdən birini təşkil edir. Onun qaynar, çoxcəhətli fəaliyyəti və fədakarlıqla dolu həyatı Naxçıvan teatrının yaranma və təşəkkülündə çox əhəmiyyətli olmuşdur. Eynəli bəy Sultanov həmməsləklərini öz ətrafında toplamağı, gənclərin qəlbində incəsənətə sönməz məhəbbət alovu yandırmağı, xalqına vətənpərvərlik hissləri aşılamağı bacarırdı.

1883-cü ildə Cəlil Məmmədquluzadə və onun naxçıvanlı həmyaşıdları Qori seminariyasında tələbə ikən, Eynəli bəy Sultanov təhsilini başa vurub doğma şəhərinə qayıdır, lakin burada əvvəlki həyat tərzinin hökm sürdüyünü, ətalət və xurafatın həmyerlilərini əsrlərin mürgüsündə saxladığını görür və böyük həvəslə huşyar dostlarından Paşa ağa Sultanov, Mirzə Ələkbər Süleymanov, Qurbanəli Şərifov, Nəsrulla və Fərəculla Şeyxov qardaşları (Nəsrulla və Fərəculla Şeyxovlar şair Əliqulu Qəmküsar Nəcəfovun dayılarıdır ? ) ilə birlikdə ilk mədəni tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayır. Eynəli bəy Sultanov və dostlarının bu təşəbbüsü, fəaliyyəti Cəlil Məmmədquluzadəni də ruhlandırır. Böyük demokrat yay tətilində Naxçıvana gələrkən görür ki, onun gənc ziyalı dostları artıq yenilik toxumunu səpmişlər. Buna görə də o, dostlarının səy və təşəbbüslərini alqışlayır. Cəlil Məmmədquluzadə təhsilini başa vurub Naxçıvana qayıtdıqda Eynəli bəy Sultanovla görüşür, onun dərin biliyi, yüksək mədəniyyəti Mirzə Cəlili valeh edir. O, Eynəli bəy Sultanovu köhnəliyə qarşı mübarizədə özünün ən yaxın silahdaşı hesab edir və onunla birlikdə fəaliyyətə başlayır. Bu münasibətlə böyük demokrat yazır: "Mən darülmüəllimini qurtaran zaman Naxçıvanda özümdən artıq huşyar dostlarıma rast gəldim. Mənim səsimə səs verən sindaşlarımdan qabaqca əzizim Eynəli Sultan oldu". E.Sultanov və C.Məmmədquluzadə Naxçıvan teatrının yaradılmasında əsas rol oynayırdılar.

Faktlardan aydın görünür ki, Naxçıvanda teatrın əsasının 1883-cü ildə qoyulması ilk peşəkar dünyəvi Azərbaycan teatrının yaradılmasının 10 illiyinə təsadüf edir. Bu tarixi sübut edən bir sıra mənbələrə nəzər salmaq məqsədəuyğundur. Belə ki, o dövrdə Naxçıvanda fəaliyyət göstərən "Naxçıvan müsəlman incəsənəti və dram cəmiyyəti"nin nümayəndələri M.F.Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" əsərini tamaşaya hazırlamış və İrəvana, xalq məktəbləri inspektoru Tselovalnikova aşağıdakı məzmunda teleqram göndərirlər:

"Naxçıvandan İrəvana teleqraf 1883-cü ilin 11 aprelində qəbul edildi. Xalq məktəblər inspektoru Tselovalnikova.

Naxçıvan müsəlman (şiə) dram sənəti həvəskarları tərəfindən may ayında acların xeyrinə, 1848-ci ildə nəşr edilmiş "Çadust" kitabından teatr tamaşası göstərməyə icazə vermək haqqında səadətli qubernator yanında vəsatət etməniz rica olunur."

Teleqrama razılıq alındıqdan sonra tamaşa 1883-cü ilin may ayında Hacı Nəcəf Zeynalovun evində göstərilir.