Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



Məmməd Arif

 

Dadaşzadə Məmməd Arif Məhərrəm oğlu – (1904-1975) tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, nasir, 1936-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1955), professor (1955), Azərbaycan SSR EA həqiqi üzvü (1958), Azərbaycanın Əməkdar elm xadimi (1960), Azərbaycan Dövlət mükafatı laureatı (1974).

Məmməd Arif 1904-cü il iyunun 10-da Bakı şəhərində fəhlə ailəsində doğulmuşdur. Burada rus-tatar məktəbini bitirdikdən sonra bir müddət müəllimlik etmiş, Bakı Xalq Maarifı İnstitutunda təhsilini davam etdirmişdir (1920-1925). ADU-nun şərq fakültəsini bitirmiş, Moskvada Sovet Şərqi Xalqları Elmi-Tədqiqat-İnstitutunun aspiranturasına daxil olmuşdur (1925-1931). Azərbaycan Maarif Komissarının müavini, eyni zamanda APİ-nin rus ədəbiyyatı kafedrasının baş müəllimi, dosent işləmiş, ADU-nun rus ədəbiyyatı kafedrasının müdiri təyin edilmişdir (1932-38).

Keçmiş SSRİ EA Azərbaycan filialının Ədəbiyyatı və Dil İnstitutunda baş elmi işçi (1938-1939), direktoru (1939-1950; 1957-1959), "Vətən uğrunda" jurnalının redaktoru (1941-1945), Azərbaycan EA Rəyasət Heyəti nəzdində olan Terminologiya Komitəsinin sədri (1957) kimi çalışmışdır. "Cəfər Cabbarlının yaradıcılıq yolu" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1954). O, Azərbaycan EA müxbir üzvü (1955), üç il sonra həqiqi üzvü seçilmişdir. Azərbaycan EA-nın ictimai elmlər bölməsi-akademik-katibi (1959), sonra vitse-prezident (1960) olmuş, ömrünün sonunadək bu vəzifədə işləmişdir.

Ədəbi fəaliyyətə 1923-cü ildə "Molla Nəsrəddin" məcmuəsi səhifələrində çıxan "Bədgümanam", "Belə getsə düzələr", "Elan", "Mərsiyə xəbərləri" felyetonlar ilə başlamışdır. 20-30-cu illərdə dövri mətbuatda şeir və hekayələrlə vaxtaşırı çıxış etmişdir. O dövrdən başlayaraq sovet ədəbiyyatşünaslığı və tənqidinin yaranması, təşəkkülü və inkişafında çalışmışdır. Azərbaycan, rus və dünya xalqları klassik ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, müasir proses, ədəbi-mədəni əlaqələr onun əsas tədqiqat obyekti olmuşdur. O, Azərbaycan ədəbiyyatı tarixinin yaradıcılarından biridir. İkicildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi" (1943-1944), üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi" (1967), "Azərbaycan sovet ədəbiyyatı tarixi oçerki"nin (M.,1963) müəlliflərindən biridir. "Azərbaycan xalqının ədəbiyyatı" kitabı rus, erməni, ingilis və fars dillərində çapdan çıxmışdır. "Azərbaycan ədəbiyyatı tarixi (qısa oçerk)", (B., 1971), "Azərbaycan ədəbiyyatı" (M.,1979), "Azərbaycan ədəbiyyatı tarixi" (B., 1987) kitabları rus dilində buraxılmışdır. 1932-ci ildən başlayaraq onun təkcə və H.Araslı, F.Qasımzadə, Ə.Sultanlı, M.Rəfili, C.Xəndan ilə şərikli orta məktəb şagirdləri üçün yaratdığı ədəbiyyat dərslikləri 50 ildən artıqdır ki, dönə-dönə çap olunub məktəblərdə tədris olunur.

O, həm də "Qədim rus ədəbiyyatı (XI-XVII əsrlər)", "Rus ədəbiyyatı (XVIII əsr)" ali məktəb dərsliklərinin redaktoru və müəlliflərindən biri idi. Nikolay Qoqol, Lev Tolstoy, Anton Çexov, M.Qorki, Nikolay Ostrovski, Evripid, Servantes, İ.Bexer, E.Remark və başqalarının əsərlərindən bədii tərcümələr etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və xarici dillərə çevrilmişdir. EA-nın "Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları" problemi üzrə elmi şurasının, Moskvada çıxan "Qısa ədəbiyyat ensiklopediyası"nın (1962-1978) redaksiya heyətinin, 6 cildlik "Çoxmillətli sovet ədəbiyyatı tarixi"nin (M., 1970-1974) baş redaksiya heyətinin üzvü idi. İran yazıçılarının I konqresində (1946), şərqşünasların XXV Beynəlxalq konqresində (M., 1960) iştirak etmişdir. Azərbaycan KP XXVI-XXVU qurultaylarında Azərbaycan KP MK üzvlüyünə namizəd seçilmişdir. Azərbaycan Ali Sovetinin (6-cı çağırış) deputatı və sədri olmuşdur. Lenin ordeni (1971), iki dəfə "Qırmızı Əmək bayrağı" ordeni (1939, 1964), "Qabaqcıl maarif xadimi" nişanı (1964), SSRİ medalları ilə təltif edilmişdir. 1975-ci il dekabrın 27-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur. Bakıda küçələrdən biri və Yazıçılar Birliyinin kitabxanası onun adını daşıyır.