Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



Rəfili Mikayıl


Rəfili Mikayıl Həsən oğlu - şair, ədəbiyyatşünas, tənqidçi, 1935-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Filologiya elmləri doktoru (1944), professor (1945)

Doğum tarixi 25 aprel 1905, Ölüm tarixi 25 aprel 1958 Mikayıl Rəfili 1905-ci il aprelin 25-də Qasım İsmayılov rayonunun (indiki Goranboy) Borsunlu kəndində varlı kəndli ailəsində doğulmuşdur. Yelizavetpol klassik gimnaziyasında təhsil almışdır. Bu dövrdə bədii yaradıcılığa başlamışdır. Onun "Mikayıl Rəfizadə" imzası ilə ilk qələm təcrübələri "Mücadileyi-həyat" hekayəsi, "Elmə doğru" şeiri və "Qərb mədəniyyəti" məqaləsi "Əfkari-mütəəllimin" jurnalında (1919, 2,3 nömrələrində) dərc olunmuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Borsunlu kəndində müəllim və məktəb müdiri olmuş, kəndin mədəni həyatında fəal çalışmış, komsomol sıralarına qəbul olunmuşdur.

1921-ci ildə orta təhsil almaq məqsədilə Gəncəyə gəlmiş, eyni zamanda ictimai işlərdə fəallıq göstərmiş, III Azərbaycan qurultayına nümayəndə seçilmişdir. "Rosta" qəzetində iştirak etmişdir. Bakıda Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, həm də Azərbaycan Dövlət Universitetinin Şərq dilləri fakültəsində məşğələlərin dinləyicisi, 1924-cü ildə müdavim olur. "Maarif və mədəniyyət" jurnalı redaksiyasında işləyir. 1926-1927-ci illərdə bütün qüvvəsini ədəbi fəaliyyətə həsr edir.

1927-ci ildə Moskva Dövlət Universitetində təhsil alır. Bu dövrdə Kremldə qanunların Azərbaycan mətnlərinin redaktoru işləyir. Bakıda Azərbaycan Dövlət Nəşriyyatında bədii şöbənin müdiri işlədiyi zaman Azərbaycan proletar yazıçıları birliyində fəal çalışır. 1929-cu ildə Moskvaya I Ümumittifaq proletar yazıçılarının qurultayına nümayəndə seçilir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda rus ədəbiyyatı kafedrasında müəllim, sonra dosent (1930-1935) işləmiş, eyni zamanda "Bakinski raboçi" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdir müavini olmuşdur. Bu dövrdə SSRİ yazıçılarının təşkilat komitəsinin üzvü seçilmişdir. Həm də "Hücum" və "Qabaqcıl" ("Udarnik") jurnalları redaksiya heyətinin üzvü olmuşdur. Qorki, Mayakovski, Serafimoviç haqqında monoqrafiya, "Sevastopol" və "Leninqrad" poemalarını qələmə almışdır. SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında elmi işçi işləmişdir (1934-1935). Sovet yazıçılarının I Ümumittifaq qurultayına nümayəndə seçilmişdir. 1935-1936-cı illərdə SSRİ EA-nın (Leninqrad) aspiranturasında təhsil almış, orada "Azərbaycan ədəbiyyatının rus mədəniyyəti ilə əlaqələri haqqında" mövzusunda dissertasiya müdafiə etmişdir. Sonra "A.S.Puşkinin həyat və yaradıcılığı", "A.S.Puşkin və Azərbaycan", "M.F.Axundov" əsərlərini yazmışdır (1935-1937). Nizami Gəncəvi yubiley komitəsi tərkibində məsul katib olmuşdur. 1938-ci ildən Azərbaycan Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət Universitetində professor olmuş, Azərbaycan ədəbiyyatı tarixi kursunu aparmışdır. İkinci Dünya müharibəsi illərində radioda, Qızıl Ordu hissələrində, hərbi xəstəxanalarda çıxışlar etmiş, "Səbuhi" ssenarisini, "Şirvanşah İbrahim" pyesini yazmışdır. SSRİ Yazıçıları idarəsinin üzvü olmuşdur. 1944-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir.

Xidmətlərinə görə "Şərəf nişanı" ordeni və medallarla təltif olunmuşdur.

1958-ci il aprelin 25-də vəfat etmişdir.