Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



Qarayev Yaşar


Qarayev Yaşar Vahid oğlu — tənqidçi, ədəbiyyatşünas, 1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1980), professor (1985), Azərbaycan Dövlət mükafatı laureatı (1980), Azərbaycanın Əməkdar elm xadimi (1982), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının həqiqi üzvü (1990), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2002).

Yaşar Qarayev 1936-cı il martın 5-də Şəki şəhərində xırda sənətkar ailəsində anadan olmuşdur. 1946-cı ildə ailəliklə Bakıya köçmüşlər. Burada 31 saylı şəhər orta məktəbini bitirmişdir. ADU-nun filologiya fakültəsində təhsil almışdır (1954-1958).

Sonra Azərbaycan EA Nizami Gəncəvi adına Dil və Ədəbiyyat İnstitutunda baş laborant, kiçik elmi işçi, baş elmi işçi, nəzəriyyə və ədəbi proses şöbəsinin müdiri, institutda direktorun elmi işlər üzrə müavini işləmiş, həmin şöbəyə başçılıq etməklə yanaşı, institutun direktoru vəzifəsində çalışmışdır (1987).

Ədəbi fəaliyyətə 1955-ci ildə "Lenin tərbiyəsi uğrunda" və "Azərbaycan gəncləri" qəzetlərində çıxan ilk ədəbi qeydləri ilə başlamışdır. Bundan sonra müasir ədəbi prosesə, teatr tənqidinə, bədii ədəbiyyatın digər problemlərinə dair elmi-nəzəri məqalələri ilə dövri mətuatda müntəzəm çıxış etmişdir. Məqalə və kitabları "Yaşar", "Q.Yaşar", "Y.Qarayev" imzaları ilə dərc olunmuşdur.

Azərbaycan Yazıçılar İttifaqının tənqid və ədəbiyyatşünaslıq şurasının rəhbəri olmuşdur (1976-1991). Azərbaycan Yazıçılar Birliyinin katibi işləmişdir (tənqid və ədəbiyyatşünaslıq üzrə) (1991-?). Ali Attestasiya Komissiyasının, Azərbaycan Milli Yaradıcılıq Akademiyası rəyasət heyətinin üzvü və humanitar bölməsinin həmsədri (1990-?) seçilmişdir.

Həmçinin Azərbaycanda daimi fəaliyyətdə olan Şəhriyar konqresi komitəsinin sədri (1993-?), "Ədəbi proses" adlı illik elmi-tənqidi məcmuənin təşəbbüsçüsü, müəlliflərindən biri və məsul redaktoru olmuşdur. M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun hazırladığı doqquz cildlik dünya ədəbiyyatı tarixi, "Çoxmillətli Sovet ədəbiyyatı tarixi (inqilaba qədərki dövr)" və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun hazırladığı yeddicildlik "Azərbaycan ədəbiyyatı tarixi" monumental əsərlərin müəlliflərindən biri idi.

Respublikanın elmi və ədəbi-mədəni inkişafında fəal çalışmış, dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları problemi üzrə əlaqələndirmə şurasının sədri, ədəbiyyat institutu elmi şurasının sədri, Memarlıq və İncəsənət İnstitutunun, Türkmənistan EA Dil və Ədəbiyyat İnstitutu elmi şurasının, Azərbaycan Dövlət nəşrkomu yanında redaksiya heyətinin, Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin, Mədəniyyət Nazirliyi bədii şurasının, "Yazıçı" nəşriyyatının bədii şurasının, "Azərbaycan" və "Ulduz" jurnalı redaksiya heyətinin, "Bilik" Cəmiyyəti rəyasət heyətinin, ensiklopediya elmi redaksiya heyətinin üzvü olmuşdur.

Eyni zamanda SSRİ Yazıçılar İttifaqı rəyasət heyəti yanında tənqid və ədəbiyyatşünaslıq şurasının, Azərbaycan Yazıçılar İttifaqı , M.F.Axundov adına mükafat komissiyasının üzvü idi. "Füzuli Vəqfı" fondunun rəyasət heyətinin üzvü kimi fəaliyyət göstərmişdir (1994-?).

2002-ci il avqustun 25-də vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.