Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



Babayev Etibar

 

Etibar Babayev —(1950-)  alim, televiziya jurnalisti, pedaqoq, sənətşünaslıq namizədi, dosent, Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyəti nəzdində yaradılmış Teleradio Akademiyasının rektoru

Etibar Babayev 1950-ci il dekabrın 15-də Bakıda anadan olub.

1968-ci ildə orta məktəbi, 1973-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Politoloq ixtisası ilə ikinci ali təhsilini Bakı Ali Partiya məktəbində alıb.

Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Teleradio verilişləri Komitəsinin redaksiyaları ilə əməkdaşlıqla başlayıb. "Tələbə klubu", "Yeddinci qitə", "Sözlü-nəğməli İstanbul", "Kanal-6 təqdim edir" kimi populyar verilişlərin müəllifi və aparıcısı olaraq tamaşaçıların rəğbətini qazanıb. Etibar Babayev Azərbaycan Komsomolu Mərkəzi Komitəsində təlimatçı, daha sonra təbliğat və mədəni kütləvi işlər şöbəsinin müdiri (1975-1979), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində mədəniyyət şöbəsində təlimatçı (1979-1981), 1981-1988-ci illərdə Bakı şəhər Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri (1981-1988) kimi məsul vəzifələrdə çalışıb. 1981-1989-cu illərdə dörd çağırış Bakı Şəhər Sovetinin deputatı seçilib. 1989-1992-ci illərdə "Azərbaycantelefilm"in direktoru, Azərbaycan Dövlət Teleradio şirkətinin sədr müavini vəzifəsində işləyib. 1993-2001-ci illərdə Bakı İcra Hakimiyyətində məsul vəzifələr daşıyıb. 2001-2006-cı illərdə "Space" müstəqil teleradio şirkətinin prezidenti olub.

Sənətşünaslıq namizədi E.Babayev həm də elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin incəsənət və Mədəniyyət Universitetində, daha sonra Bakı Slavyan Universitetində dərs deyir. 2009-cu ildən dosent E.Babayev jurnalistika kafedrasının müdiridir. 2010-cü ilin iyul ayında Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətində yeni yaradılan Teleradio Akademiyasına rektor təyin edilib.

Etibar Adil oğlu Babayev Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının, Teatr Xadimləri İttifaqı və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Azərbaycan Reklamçılar İttifaqının vitse-prezidentidir.

Müxtəlif illərdə "Hacı Zeynalabdin Tağıyev" milli mükafata, Jurnalistlərin "Qızıl qələm" mükafatına, Yusif Məmmədəliyev medalına, müxtəlif Fəxri Fərmanlara və Diplomlara layiq görülüb.

E.Babayev ABŞ, İngiltərə, Rusiya, Fransa, İspaniya, Belçika, Hollandiya, Almaniya, Macarıstan, Avstriya, Ruminiya, Polşa, Türkiyə, Seneqal, Misir, Vyetnam, Kuba, Çin Xalq Respublikası, İran, İsveç, İsveçrə və digər ölkələrə xidməti səfər edib, görkəmli ictimai-siyasi xadimlərlə, elm, sənət aləminin, iş dünyasının tanınmış simaları ilə görüşüb, onlardan eksklüziv müsahibələr alıb. Xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə, forumlarda rəsmi nümayəndə heyətləri tərkibində iştirak edib. Azərbaycanda və xarici ölkələrdə dərc olunan çoxsaylı publisistik yazıların, elmi məqalələrin, "Bu da bir imtahandır", "Yalana heykəl", "Düz söz əyri qulağa necə girər?" adlı kitabların, "Sağalmaz yara", "Birincilər", "Bir millət, iki dövlət", "Zirvə", "Çiçək yağışı" kimi televiziya ekranlarında dəfələrlə göstərilən sənədli filmlərin müəllifidir. Adil Babayevin oğludur.