Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



Cəfərov Cəfər

Azərbaycan teatrşünaslıq elminin formalaşmasında müstəsna xidmətlər göstərən, bu elmin fundamental inkişaf proqramını müəyyənləşdirən alim-nəzəriyyəçi Cəfər Haşım oğlu Cəfərov olub. O, milli teatrşünaslığın konseptual inkişaf istiqamətlərinin əsl elmi məcraya düşməsində müstəsna işlər görüb. Cəfər Cəfərov Bakıda doğulub və ilk təhsilini də burada alıb.

1937-ci ildə Moskvada A.Bubnov adına Pedaqoji İnstitutu bitirib. Bakıya qayıdaraq Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri (1937-1938), Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin müdiri (1938 -1939), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1939), Mədəniyyət Nazirinin müavini işləyib. Hökumətdə müxtəlif məsul vəzifələr tutub.

Cəfər Cəfərov 1959-cu ildən ömrünün sonunadək Azərbaycan MEA Memarlıq və İncəsənət İnstitutu teatr və kino şöbəsinin müdiri olub. Burada bir sıra teatrşünas alimlərin yetişdirilməsinə, kino və teatr sənətinə aid tədqiqatlar aparılmasına rəhbərlik edib. Teatrşünas, ədəbiyyatşünas və estetik Cəfər Cəfərov tənqidi fəaliyyətə 1930-cu ildən başlayıb.

Milli səhnəmizin korifeyləri olmuş Hüseyn Ərəblinskinin, İsmayıl Hidayətzadənin, Həqiqət Rzayevanın, Mehdi Məmmədovun, Tofiq Kazımovun, Abbasmirzə Şərifzadənin, Rza Təhmasibin yaradıcılıqları barədə dəyərli elmi məqalələr və samballı monoqrafiyalar yazıb. Akademik Milli Dram Teatrının tarixini fundamental şəkildə araşdırıb və həmin mövzuda bir neçə kitab çap etdirib..

Azəbaycan və bir sıra rus teatrlarının ən maraqlı tamaşalarına samballı resenziyalar yazıb. Alimin "Rejissor sənəti", iki cilddə Azərbaycan və iki cildə rus dillərində "Seçilmiş əsərləri", "Azərbaycan Dram Teatrı" kitabları dəyərli tədqiqat nümunələridir. Onun "Cavid və teatr", "Mirzə Fətəli Axundazdənin dramaturgiyası", "Mirzə Fətəli Axundzadə və teatr", "Vilyam Şekspirin dramaturgiyası" elmi əsərləri milli teatrşünaslıq elmimizin dəyərli yaradıcılıq örnəkləridir. Cəfər Cəfərov sənətşünaslıq doktoru (1961), Azərbaycan MEA-nın müxbir üzvü (1962) idi. Alim 1972-ci ildə Azərbaycan Respubliksının Əməkdar İncəsənət Xadimi fəxri adı ilə təltif olunub. Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.