Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Teatrşünaslar



Cəfərzadə Əzizə

Cəfərzadə Əzizə Məmməd qızı (1921-2003) — yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, 1946-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olmuşdur. İbtidai təhsilini 25 saylı məktəbdə almiş, sonra teatr texniki məktəbində və ikiillik müəllimlər institutunda oxumuş, 1942-1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləmişdir.

1946-1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.

1944-1946-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947-1949-cu illərdə teatr texniki məktəbinin müdiri, 1950-1955-cı illərdə pedaqoji institutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka pedaqoji institutunda dosent, 1957-74-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-ci ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışmışdır. Ə.Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə "XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik , 1970-ci ildə "XIX əsr Azərbaycan poeziyasında xalq şeir üslubu" mövzusunda doktorluq dissertasiyaları mudafiə etmişdir.

Ədəbi fəaliyyətə 16 yaşında başlamış və "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirmişdir. İlk kitabı 1948-ci ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılmişdir. Əzizə xanımın nəsr əsərləri əsasən tarixi roman janrında yazılmışdır. O, müasir Azərbaycan nəsr tarixində bu janrı yenidən həyata gətirmişdir.

1981-1989-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində çalışmışdır. Azərbaycan qadın və uşaqlarının hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərmiş, respublikanın ən ucqar rayon-kəndlərinə belə dəfələrlə getmiş və millətin tarixi, taleyi ilə bağlı problemlərlə tanış olmuş, bu problemlərin həll edilməsində yaxından iştirak etmişdir.

O həyatı boyu xeyriyyəçiliklə məşğul olmuş, 1979-cu ildə indiki Hacıqabul rayonunun Tağılı kəndində öz vəsaiti hesabına orta məktəb və klub binası tikdirmişdir. Azərbaycanın müstəqilliyi uğrunda və erməni təcavüzünə qarşı hərəkatda daim öndə və fəal iştirak edən bir vətəndaş olmuşdur.

Əzizə Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, dönə-dönə müxtəlif fəxri fərmanlar, "Xalqlar dostluğu" ordeni və müstəqil Azərbaycanın ali mükafatı - "Şöhrət" ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi."Azərtelefilm" birliyi onun həyat və yaradıcılığı haqqinda 2 telefilm çəkmişdir. Əzizə xanımın ən böyük mükafatı isə xalqın ona qarşı olan böyük məhəbbəti idi. Bu sevginin məntiqi nəticəsi kimi, o 2001-ci ildə "Azərbaycan Anası" və "Xalq Yazıçısı" kimi yüksək adlara layiq görülmüşdür. Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra haqqın dərgahına qovuşmuşdu və vəsiyyətinə əsasən Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilmişdir.