Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Rejissorlar



Kazımov Ağakişi

Ağakişi Şəmməd oğlu Kazımov 28 iyun 1935-ci ildə Ağcabədi rayonunun Ağcabədi kəndində doğulub. Aktyorluq həvəsini onda anası Suğra xanım oyadıb.

O, Ağcabədi rayonunda Xəlfərəddin kənd orta məktəbini bitirib (1942-1952). Kamal attestatı alan ili Bakıya gələrək Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub. İnstitutun əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib və ali məktəbdə sənət müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Məhərrəm Haşımov olublar.

Səhnəyə ilk dəfə Milli Dram Teatrında 1952-ci ilin noyabrında Qaçaq ("Vaqif", Səməd Vurğun) epizod rolunda çıxıb. Teatrın repertuarında olan "Şərqin səhəri" (Ənvər Məmmədxanlı), "Fərhad və Şirin", "Xanlar" (Səməd Vurğun), "Namus" (Aleksandr Şirvanzadə) tamaşalarda sözsüz kiçik rollara, kütləvi səhnələrə daxil edilib. 1954-cü ilin yayında Milli Dram Teatrı İrəvan şəhərinə bir aylıq qastrola gedib. Tətildə olan Ağakişi də truppa ilə səfərə çıxıb və İrəvanda göstərilən Mirzə İbrahimovun "Həyat" dramının tamaşasında İkinci kolxozçu obrazı ilə ilk sözlü rolunu oynayıb.

Çalışqanlığı və bacarığı Akademik Teatrın bədii rəhbəri Adil İsgəndərovun xoşuna gəldiyinə görə Ağakişi Kazımov 1955-ci il fevral ayının 1-də truppanın yardım heyətinə aktyor götürülüb, bir il sonra isə ştata keçib. 1957-ci ildə Əliheydər Ələkbərovun quruluşunda Cəfər Cabbarlının "Almaz" dramının tamaşasındakı Barat roluna görə Ümumittifaq Teatr Festivalının laureatı olub. Bu rolu 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında (ongünlüyündə) da uğurla oynayıb.

Bundan əlavə Akademik teatrın səhnəsində aktyor kimi çalışdığı illərdə Murad ("1905-ci ildə", Cəfər Cabbarlı), Seniçka ("Özgə uşağı", Vasili Şkvarkin), Ramiz ("Şeyx Sənan", Hüseyn Cavid), Fərəc ("Şirvan gözəli", Ənvər Məmmədxanlı), İran sərkərdəsi ("Fərhad və Şirin", Səməd Vurğun), Gil ("Tufanlı il", Aleksey Kapler), Zabit ("Otello", Vilyam Şekspir), Qumarbaz ("Hind gözəli", Viktor Vinnikov və Yuri Osnos), Sergey ("Daş qartal", Pavel Malyarevski) rollarında çıxış edib. 1960-cı ilin əvvəllərində, fevral ayının 24-də işdən çıxıb. Mart ayının 1-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sərəncamı ilə Abbasqulu ağa Bakıxanov adına Quba Dövlət Dram Teatrına baş rejissor göndərilib. Burada üç ay ərzində Yusif Əzimzadənin "Aprel səhəri" (10 aprel 1960) və Aleksandr Şirvanzadənin "Namus" (17 iyun 1960) dramlarına səhnə quruluşu verib. Bu il teatr təzə mövsümə başlayan ərəfədə, sentyabrın 21-də Adil İsgəndərov onu yenidən Akademik teatra aktyor dəvət edib. Ancaq oktyabr ayının 22-də gözlənilmədən və ədalətsiz şəkildə adil İsgəndərov bədii rəhbərlikdən və direktorluqdan, ümumiyyətlə isə teatrdan çıxarıldı və baş rejissorluğa Mehdi Məmmədov təyin olundu. Lakin nədənsə Mehdi Məmmədov öz tamaşalarında Ağakişi Kazımova aktyorluq yaradıcılığında təkamül və dönüş yarada biləcək rol tapşırmadı. O, Aleksis Parnisin "Gözəllik və sevgi adası" (26 aprel, 1961) tamaşasında quruluşçu rejissor Tofiq Kazımova assistent oldu.

Digər rejissorların hazırladıqları Cəfər Cabbarlının "Od gəlini" (İldırım), Mehdi Hüseynin "Alov" (Gümrah), Cabbar Məcnunbəyovun "Məhəbbətin hokmü" (Levon), Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Vəli), Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (Murov), Hüseyn Cavidin "Səyavuş" (İkinci məmur) əsərlərinin tamaşalarında rollar oynadı. Ancaq həmin ifalar aktyorun parlaq nailiyyətinə çevrilə bilmədi. 1960-1964-cü illəri öz yaradıcılığının tərəddüdlü axtarış dövrü adlandıran Ağakişi Kazımov 1963-cü il noyabr ayının 25-dən Akademik teatrdan çıxıb.

1964-cü ilin 24 fevralında Azərbaycan Dövlət Filarmoniyasına bədii qiraət ustası ştatına götürülüb. 1964-cü ilin avqust ayında Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun əyani rejissorluq fakültəsinə daxil olub.  Bu qənaətə gəlincə aktyor Qubadan əlavə, 1956-cı ildən 1960-cı ilə qədər Azərbaycan Dövlət Pedaqoji İnstitutundakı dram dərnəyinin və 1958-ci ildən 1964-cü ilə qədər Azərbaycan Dövlət Universitetinin "Gənclik teatrı"nın rəhbəri olmuşdu.

Dram dərnəyində Fridrix Şillerin "Qaçaqlar" faciəsinə, Anton Çexovun "Ayı", "Evlənmə" məsxərələrinə, "Gənclik teatrı"nda Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin və dərviş Məstəli şah", Q.Stefanskinin "Şeytan əməli" əsərlərinə quruluşlar verib. Leninqradda təhsilini başa vurarkən diplom işi ərəfəsində Kazanda Qalıəsgər Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrında Mar Bayciyevin "Duel" psixoloji dramını teatrın baş rejissoru Marsel Səlimcanovla birgə hazırlayıb. Premyera 1968-ci il dekabr ayının 8-də göstərilib. Diplom işi üçün isə Cəfər Cabbarlının "Aydın" (tatarcaya Əbdürrəhman Minski tərcümə edib) faciəsini seçib. "Aydın"ın ilk tamaşası 20 mart 1969-cu ildə oynanılıb. Diplomantın işi "əla" qiymət alıb. Azərbaycana ali ixtisaslı rejissor diplomu ilə qayıdan Ağakişi Kazımovu Respublika Mədəniyyət Nazirliyi Sumqayıt Dövlət Dram Teatrına direktor göndərdi (25 dekabr 1969-25 dekabr 1970). 1971-ci il dekabrın 25-dən 1973-cü il martın 19-na kimi isə baş rejissor vəzifəsini daşıyıb. O, yenicə fəaliyyətə başlamış gənc teatr kollektivinin inkişafında, repertuarın formalaşmasında faydalı işlər gördü.

Ağakişi Kazımov Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (22 sentyabr 1974-30 dekabr 1975), Gənc Tamaşaçılar Teatrında (30 dekabr 1975-14 fevral 1983 və 20 aprel 1990-14 mart 2002) baş rejissor, Azərbaycan Dövlət Opera və Balet Teatrında (1 iyun 1973-22 noyabr 1974), Akademik Milli Dram Teatrında quruluşçu rejissor işləyib. Hazırda Akademik teatrda quruluşçu rejissordur.

1977-ci ildən bugünkü Mədəniyyət və İncəsənət Universitetində aktyor və rejissor sənətindən dərs deyən Ağakişi Kazımov 18 iyun 2001-ci ildən bu ali məktəbin professorudur.

Qazandığı sənət uğurlarına görə 20 mart 1987-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 28 oktyabr 2000-ci ildə xalq Artisti fəxri adları ilə təltif olunub.