Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Rejissorlar



Fərzəlibəyov Mərahim

Rejissor Mərahim Fərzəli oğlu Fərzəlibəyov 26 iyun 1949-cu ildə Bakıda anadan olub. 56 saylı orta məktəbi bitirib. Səhnəyə orta məktəbdən maraq göstərib. Elə o zamanlardan 26-lar adına Mədəniyyət sarayının xalq teatrında hazırlanan tamaşalarda epizod rollar oynayıb. Ancaq əsasən rejissor sənətinə maraq göstərib. Orta məktəbi bitırəndən sonra Azərbaycan Respublikası Jurnalistlər İttifaqının yaradıcılıq fotostudiyasında şagird-laborant, Suraxanı rayon mədəniyyət evində kinomexanik köməkçisi, 26-lar Mədəniyyət sarayında pioner "Şəfəq" dram dərnəyinin rəhbəri işləyib.

Az və həvəskar səviyyəsində olsa da müəyyən təcrübə toplayan Mərahim Fərzəlibəyov ali təhsil almaq üçün Leninqrada (indiki Sankt-Peterburq şəhəri) gedib. Burada Dövlət Teatr, Musiqi Kinematoqrafıya İnstitutunun rejissorluq fakültəsinə daxil olub. İxtisas müəllimi dünya şöhrətli rejissor, SSRİ xalq artisti, professor Georgi Tovstonoqovdan beş il (1970-1975) seçdiyi ixtisasın incəliklərini öyrənib. Diplom işi kimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrının rus bölməsində dramaturq Maykl Stüartın, bəstəkar Cerri Germanın "Hello Doli" müzikl-operettasını tamaşaya hazırlayıb. Bundan sonra isə bütün yaradıcılığı boyu bir daha operetta janrına müraciət etməyib, yalnız dram teatrında tamaşalar hazırlayıb. İnstitutda təhsilini başa vuranda Mərahim Fərzəlibəyovun təyinatını Çeçenistan Muxtar Respublikasının paytaxtı Qroznı şəhərindəki Mixail Lermontov adına Dövlət Rus Dram Teatrına veriblər. O, mövcud təyinat qaydasına əsasən iki il bu teatrda quruluşçu rejissor işləyib (16 noyabr 1975 - 18 avqust 1977).

Bu təcrübəli kollektivdə Tennessi Uilyamsin "Arzu tramvayı" dramına, Jan Batist Molyerin "Tartüf" komediyasına, Boris Vasilyevin "Qış gecəsinin nağılı" pyesinə, Alla Sokolovanın "Faryatevin fantaziyası" psixoloji tragikomediyasına, Yevgeni Sefip və Nikolay Novitskinin "Yegelyanın səadəti", uşaqlar üçün Sergey Mixalkovun "Lovğa dovşan" nağılına maraqlı səhnə quruluşları verib. Mərahim Fərzəlibəyov Sumqayıt Dövlət Dram Teatrında baş rejissor (1 noyabr 1977-9 mart 1981) işlədiyi illərdə gənc kollektivin yaradıcılıq işlərində, janr və üslub axtarışlarında səmərəli reformalar apara bilib. Bu teatra özü ilə bərabər yeni janrlar, təzə və orijinal kompozisiya, dil-ifadə, bədii təfsir prinsipləri gətirib. Dörd il ərzində sənət ocağının repertuar quruluşuna əlvanlıq, canlılıq, mövzu rəngarəngliyi verə bilib. Bir sıra aktyorun "gizli" yaradıcılıq imkanlarının genişliyi, məlahət və cazibəsi xarakterik səciyyələri məhz Mərahim Fərzəlibəyovun Sumqayıt teatrında bıtkin quruluşlar verdiyi aşağıdakı tamaşalarda açılıb.

Sumqayıt teatrında "Bütün Şərq bilsin" tamaşasına quruluş verəndən on altı gün sonra Mərahim Fərzəlibəyov Respublika Mədəniyyət Nazirliyinin əmri ilə Akademik Milli Dram Teatrına rejissor təyin olunub (9 mart 1981). Kollektivin məhsuldar rejissorlarından biri kimi əsasən çağdaş dramaturqlarımızın, həmçinin dünya klassiklərinin əsərlərinə müxtəlif janrlarda səhnə quruluşları verib.

Rejissor Mərahim Fərzəlibəyov dəvətlə Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəriman Həsənzadənin "Pompeyin Qafqaza yürüşü" və "Atabəylər", Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Marat Haqverdiyevin "Məhəbbət, şeytan və lambada" (8 iyun 1991) və "Ləyaqət" (19 mart 1982) pyeslərini tamaşaya hazırlayıb. 1980-ci illərin əvvəllərində Cəfər Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının nəzdində Kino-Aktyor Teatrı truppası fəaliyyət göstərirdi. Həmin kollektiv Mərahim Fərzəlibəyovun quruluşunda Məmməd Muradın "Təkan" ("Köksüz budaqlar"), Tofıq Kazımovun tərcüməsində Qarsia Lorkanın "Qanlı toy", Qeybulla Rəsulovun çevirməsində Aleksandr Nikiti "Abşeronda bir gecə" pyeslərinin tamaşalarını oynayıb.

Teatr sənətinin inkişafında göstərdiyi xidmətlərə, rejissorluqda qazandığı nailiyyətlərə görə Mərahim Fərzəlibəyov 1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 28 oktyabr 2000-ci ildə isə xalq artisti fəxri adları ilə təltif olunub.

12 yanvar 2006-cı il tarixində Respublika Mədəniyyət Nazirliyinin əmri ilə Mərahim Fərzəlibəyov Akademik Milli Dram Teatrına baş rejissor təyin olunub.