Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Rejissorlar



Dadaşov Soltan
(27.5.1906 - 7.9.1968)

Ali təhsil görmüş ilk milli musiqili teatr rejissorumuzdur. Xalq oyun tamaşalarının poetika göstəricilərini dərindən bilir və onun estetik prinsiplərindən məharətlə istifadə edirdi. Klassik muğam operalarımıza, operettalarımıza verdiyi quruluşlar zəngin milli koloriti ilə seçilirdi. "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarına monumental səpkili, lirik-romantik ruhda quruluşları birinci dəfə Soltan Dadaşov verib. Təxəllüsü "Zaki" olan Soltan Baba oğlu Dadaşov 1906-cı il mayın 27-də Bakıda doğulub. Kiçik yaşlarında ruhani təhsili alıb. Fərasət və diribaşlığına, oxumağa həvəsli olmasına görə atası onu türk-rus məktəbinə verib. Qabaqcıl şagird kimi müəllimlərin sevimlisi olan yeniyetmə Soltan buradan da realni məktəbə keçib.

1920-1921-ci illərədə Soltan Dadaşov Bakıdakı Mərkəzi fəhlə klubunun dram dərnəyinin fəallarından olub. Sovet hökumətinin təşkil etdiyi təbliğat və təşviqat briqadalarının fəal üzvü kimi Azərbaycanın rayonlarında aktyor, müğənni, deklomasiyaçı kimi çıxışlar edib. 1923-cü ildə milli səhnə mədəniyyətimizi peşəkar ixtisaslı kadrlarla təmin etmək məqsədilə Bakı Teatr Məktəbi (Texnikumu) açılır. Soltan Dadaşov həmin məktəbin ilk məzunlarından olub və 1924-cü ildə həmçinin Milli Dram Teatrının yardım heyətində aktyorluq edib.

Milli Dram Teatrının səhnəsindəki sərbəst yaradıcılıq cəhdlərinə görə və ən əsası, sənət müəllimi Aleksandr Tuqanovun zəmanəti ilə Azərbaycan Respublikasının Xalq Maarif Komissarlığı (XMK) 1927-ci ildə Soltan Dadaşovu Moskvada təhsilini davam etdirməyə göndərib. Mərkəzi Teatr Texnikumunda dörd il təhsil alan Soltan Dadaşov 1931-ci ildə Bakıya musiqili teatr rejissoru ixtisası ilə qayıdıb.

Təhsilini bitirib təyinatla Azərbaycan Xalq Maarif Komissarlığının sərəncamına göndərilən Soltan Dadaşov opera teatrına quruluşçu rejissor təyin olunub. O, opera teatrında çalışan ilk peşəkar təhsil almış rejissor idi və buna görə də elə ilk işindən onun quruluşları əzəmətli vüsətinə, zəngin koloritinə və tamaşaların səhnə həllinin bəstəkarların partiturası ilə uyğun gəlməsmə görə seçilirdi.

Klassik operanın əsas partiyalarını azərbaycanca oxuyan vokal ustalarını təkidlə aktyorluq sənətinin incəliklərinə yiyələnməyə, obrazın psixoloji-estetik, sosial-fəlsəfi mahiyyətini ifadəli cizgilərlə tamaşaçılara çatdırmağa təhrik edən ilk milli opera rejissoru da məhz Soltan Dadaşov olub. Soltan Dadaşov Opera və Balet Teatrında otuz səkkiz illik rejissorluğu dövründə Üzeyir bəy Hacıbəyovun "O olmasın, bu olsun" ("Məşədi İbad"), "Arşın mal alan", "Leyli və Məcnun" (bir neçə quruluşda), "Cəbhə və vətən", "Əsli və Kərəm", Müslüm Maqomayevin "Nərgiz", "Şah İsmayıl" (bir neçə quruluşda), Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" (iki quruluşda), Cüzeppe Verdinin "Riqoletto", "Traviata", Soltan Hacıbəyovun "Gülşən" (balet), İbrahimov Məmmədovun "Tülkü və Alabaş", Rucero Leonkovallonun "Məzhəkəçilər" əsərlərinin quruluşçu rejissoru olmuşdur. Aşğabad Dövlət Azərbaycan Teatrı "dram və opera teatrı" adı ilə fəaliyyət göstərdiyi vaxtlarda Soltan Dadaşov həmin kollektivdə tamaşa hazırlamağa dəvət edilib. Rejissor 1937-ci ilin dekabrında Aşğabad teatrında Müslüm Maqomayevin "Şah İsmayıl" operasının məşqlərinə başlamışdır. Operanın premyerası 1938-ci il yanvar ayının 16-da göstərilmiş və təntənəli keçən tamaşa sənət ocağının yaradıcılığında hadisə kimi qiymətləndirilmişdir.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında (ongünlüyündə) "Arşın mal alan" operettasının böyük uğurundan sonra Bakıda müstəqil Musiqili komediya Teatrı yaratmaq barədə Dövlətin qərarı oldu. Teatrın ilk işi kimi Zülfüqar bəy Hacıbəyovun "Evliykən subay" operettası seçildi. Operettanın rejissorluğu Soltan Dadaşova tapşırıldı və əsərin ilk tamaşası 30 may 1938-ci ildə "Rote Fane" parkının (İndiki "Nizami" parki) möhtəşəm yay salonunda göstərildi. 1967-ci ildə Soltan Dadaşov sirk proqramında milli folklorumuzun bütün estetik gözəlliklərini, etno-mədəni tariximizin oyun-tamaşa səciyyələrini təcəssüm etdirən xüsusi "Novruz" proqramı hazırlayıb. Opera və Balet Teatrında işləyən Soltan Dadaşov 1949-cu ildə bağlanmış Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyorlarını, əsasən Filarmoniyanın estradasında çalışan sənətçilərini bir yerə cəm edib. 1954-cü ildə dövlət sözü yazılmadan Azərbaycan Musiqili Komediya Teatrı kimi truppanın fəaliyyətinə nail olub. "Arşın mal alan", "Məşədi İbad", dramaturq Məhərrəm Əlizadənin və bəstəkar Ağası Məşədibəyovun "Toy kimindir?", dramaturq Süleyman Rüstəmin və bəstəkar Səid Rüstəmovun "Durna" operettalarını burada tamaşaya hazırlayıb. Məhz bu kollektivin güclü bazasında truppa 1956-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrı kimi fəaliyyətə başlayıb və bugünədək yaradıcılığını davam etdirməkdədir. Soltan Dadaşovun rejissor üslubunun novatorluq xüsusiyyətləri, məzmun və forma həllində milli xalq oyunlarından bəhrələnmə cəhdləri Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin də diqqətini cəlb etmişdi.

Azərbaycan musiqili teatrının inkişafında xidmətlərinə və rejissorluq sənətində qazandığı ciddi nailiyyətlərə görə Soltan Dadaşov 23 fevral 1940-cı ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi və 26 aprel 1958-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub. Sənətkar 7 sentyabr 1969-cu ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri xiyabandadır.