Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Rejissorlar



Bədəlbəyli Şəmsi
(23.02.1911 - 24.05.1987)

Azərbaycanın tanınmış rejissoru, teatr rəhbəri Şəmsi Bədəlbəy oğlu Bədəlbəyli 23 fevral 1911-ci ildə Şuşada ziyalı ailəsində doğulub. Atası Bədəl bəy Bədəlbəyli, əmisi Əhməd Ağdamski (Bədəlbəyli) milli dram və musiqi teatrımızın dirçəlişində böyük işlər görmüşlər. Bədəl bəy həm müəllimlik edir, həm də aktyor kimi səhnəyə çıxır, operetta, opera və dram əsərlərinin tamaşalarında oynayırdı.

Şəmsi Bədəlbəyli atasının yolu ilə gedərək 1923-cü ildən 1927-ci ilin mayına qədər Bakı Pedaqoji Texnikumunda təhsil alıb. Tələbə vaxtı həvəskar aktyor kimi tamaşalarda oynayıb. 1927-ci ildə o, Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri sinifinə daxil olub. Sonra Üzeyir bəy Həcıbəyovun rəhbərlik etdiyi kompozisiya nəzəriyyəsi sinifində təhsilini davam etdirib.

Tələbə ola-ola Milli Dram Teatrının kiçik orkestrində tar çalıb. Yaş fərqlərinə baxmayaraq burada dramaturq Cəfər Cabbarlı, aktyor-rejissor İsmayıl Hidayətzadə ilə, rejissor-pedaqoq Aleksandr Tuqanovla dostluqları başlayıb. 1932-ci ildə rejissor assistenti kimi bir neçə tamaşanın hazırlıq prosesində iştirak edib.

Şəmsi Bədəlbəylinin sənət qabiliyyətini nəzərə alaraq Xalq Maarif komissarlığı onu 1933-cü ildə Moskvaya təhsil və təcrübə keçməyə göndərib. Təhsilini başa vurub Bakıya qayıdan Şəmsi Bədəlbəyli Akademik Milli Dram Teatrının rejissor heyətinə işə götürülüb və 1941-ci ilə qədər bu kollektivdə çalışıb.

Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (1943 - 1949) bədii rəhbər təyin olunub. Teatrda 1956 - 1961-ci illərdə baş rejissor və 1965 - 1974-cü illərdə də bədii rəhbəri işləyib. 1949-cu ildə teatr bağlananda o, Azərbaycan Dövlət Filarmoniyasına direktor təyin edilib. Bu vəzifədə 1974-1976-cı illərə qədər çalışıb. 1976 - 1981-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (indiki Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri seçilib. 21 noyabr 1986-cı ildə fəxri təqaüdə çıxıb. Yaradıcılığı Musiqili Komediya Teatrı ilə daha sıx bağlı olan Şəmsi Bədəlbəyli bu kollektivin geniş yaradıcılıq yoluna çıxmasında böyük işlər görüb.

Görkəmli rejissor, bacarıqlı inzibatçı Şəmsi Bədəl oğlu Bədəlbəyli musiqili teatr sənətimizin inkişafında, onun tərəqqi yolunda göstərdiyi böyük xidmətlərə görə 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 29 iyul 1964-cü ildə Xalq Artisti fəxri adları ilə təltif olunub. Bir sıra bədii filmlərə çəkilib.

Bakıda 23 may 1987-ci ildə vəfat edən sənətkar ikinci Fəxri xiyabanda dəfn olunub. Adina Bakıda küçə var.