Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Rejissorlar



Hüseynqulu Sarabski
(20.3.1879 - 16.2.1945)

Görkəmli teatr xadimi, aktyor, rejissor və pedaqoq olub. Milli operamızın, aktyorluq sənətinin yaradıcılarından biridir. Lirik tenor səsi olub və milli muğamlarımızın hamısını məharətlə ifa edib. Tarın ən zil pərdələrində də mürəkkəb muğam guşələrini sərbəst, xoş avazla, məftunedici məlahətlə oxuya bilib. Əsil soyadı Rzayev olan Hüseynqulu Məlik oğlu Bakıdakı İçərişəhərin Yeddilər məhəlləsində doğulub.

Üzeyir bəy Hacıbəyovun milli operamızın təməl daşı olan "Leyli və Məcnun" əsərində Məcnunun ilk və ən görkəmli ifaçısıdır. O, bu rolda 400 dəfədən artıq çıxış edib. Özü həm dram əsərlərinə, həm də opera və operettalara dəfələrlə quruluşlar verib. Məcnun roluna Üzeyir bəyin tövsiyəsi ilə çağırılıb. Dahi bəstəkar onu Henrix Heynenin "Əl Mənsur" dramının tamaşasında Ərəb rolunda "Hicaz" muğamı üstündə oxuyanda görüb bəyənmişdi. Milli opera sənətimizin, xüsusən onun ifaçılıq məktəbinin formalaşmasında Hüseynqulu Sarabskinin xidmətləri misilsizdir. O, həmçinin dramaturgiya ilə də məşğul olmuşdur. 1906-cı ildən başlayaraq yazdığı "Cəhalət", "Axtaran tapar", "Nə tökərsən aşına, o da çıxar qaşığına" pyesləri müxtəlif teatr dəstələrində tamaşaya qoyulub.

Hüseynqulu Sarabski əsasən Bakıda, həmçinin Tiflis, İrəvan, Dərbənd, Batum qastrollarında "Ölülər" (Cəlil Məmmədquluzadə), "Əl Mənsur" (Henrix Heyne), "Napoleon muharibəsi və yaxud Moskva yanğını" (Baxmetov), "Yezid ibn Müaviyyə" (Mehdi bəy Hacınski), "Əmir Əbül Üla" (Hüseyn Bədrəddin və Məhəmməd Rüfət), "Cəhalət" (Hüseynqulu Sarabski), "Pəri cadu" (Əbdurrəhimbəy Haqverdiyev), "Xan-xan" (Haşım bəy Vəzirov), "Dilin bəlası" ("Şamdan bəy", Nəriman Nərimanov), "Molla Nəsrəddin" (Qulamrza Şərifzadə), "Xor-xor", "Axşam səbri xeyir olar" (Soltanməcid Qənizadə) tamaşalarına quruluşlar verib. "Ölülər", "Napoleon müharibəsi" və "Pəri cadu" onun ən bitkin quruluşları saylır.

Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Məcnun. Bu rolu ilk dəfə 12 yanvar 1908-ci ildə, Tağıyev teatrının binasında, Hüseyn Ərəblinskinin quruluşunda oynayıb), "Rüstəm və Söhrab" (Rüstəm), "Şah Abbas və Xurşid banu" (Şah Abbas), "Əsli və Kərəm" (Kərəm), "Şeyx Sənan" (Şeyx Sənan), "Ər və arvad" (Mərcan bəy), "Məşədi İbad" (Sərvər), "Arşın mal alan" (Əsgər), Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" (Aşıq Qəpib), "Evliykən subay" (Orduxan bəy), "Əlli yaşında cavan" (Xosrov və Muxtar bəy), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Şah İsmayıl), mətni Hacıbaba Şərifovun və musiqi tərtibatı David Slavinskinin "Mehr və Mah" (Mehr) opera və operettalarının ən müxtəlif quruluşlarında əsas partiyaları ifa edib. 1932-ci ildən 1945-ci ilədək Azərbaycan Dövlət Konservatoriyasında, Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində muğam sənətindən dərs deyib, Hüseynağa Hacıbababəyov, Məmmədtağı Bağırov, Əlövsət Sadıqov kimi müğənni aktyorları Məcnun və Kərəm rollarına hazırlayıb. 1917-ci ildə Bakıda "Film" aksioner cəmiyyətinin çəkdiyi "Arşın mal alan" filmində Əsgər rolunu oynayıb, "Səbuhi" filmində Aşıq roluna çəkilib. Hüseynqulu Sarabski Azərbaycan Respublikasının Əməkdar Artisti (1926) və xalq Artisti (1932) fəxri adları ilə təltif olunub. Məzarı Bakıdakı Fəxri xiyabandadır.