Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Rejissorlar



Həmzəyev İbrahim
(25.12.1908-4.2.1982)

Aktyor və rejissor olub. Naxçıvan teatrının formalaşmasında, aktyor və rejissor yaradıcılığının inkişafında, kollektivin truppasının müntəzəm olaraq yeniləşməsində, sənət ocağının özəl üslubunun təsdiqində İbrahim Həmzəyevin böyük xidmətləri var. Teatrın bir sıra qabaqcıl sənətkarlarını səhnəyə o gətirib. Naxçıvan teatrının həm dram, həm də musiqili dram kollektivləri kimi yetkinləşməsi ilk növbədə onun adıyla bağlıdır. İbrahim (Mir İbrahim) Tağı oğlu Həmzəyev Gəncə şəhərində doğulub. Səhnə sənətinə məhəbbəti yeniyetmə yaşlarından başlayıb. Əvvəlcə Gəncə İşçi klubunda, sonralar Qadınlar klubunda, bir müddət paralel olaraq Dəmiryolçular klubunda dram dərnəklərinin rəhbəri olub.

Əksəriyyətini özü və həmçinin Adil İsgəndərovun hazırladıqları tamaşalarda baş rolları ifa edib. Dram dərnəyinin repertuarının əsasını İbrahim Həmzəyevin səhnə təfsiri verdiyi "Aydın", "Solğun çiçəklər" (Cəfər Cabbarlı), Bəxtsiz cavan" (Əbdürrəhim bəy Haqverdiyev), "Hacı Qara" (Mirzə Fətəli Axundzadə) tamaşaları təşkil edib.

İbrahim Həmzəyev 1930-cu illərin əvvəllərində Bakı Teatr məktəbində təhsil alıb. Tələbəlik illərində Türk İşçi Teatrında yardım heyətinin üzvü olub. Teatr təhsilini başa vurandan sonra Gəncəyə qayıdıb. TİT Gəncəyə köçəndə kollektivə üzv olub.

Son dərəcə yaraşıqlı səhnə görkəmi, ifa məlahəti, ehtiraslı və emosional daxili aləmi, səhnədəki yöndaşları ilə münasibətlərində psixoloji dürüstlüyü olan İbrahim Həmzəyev bu kollektivdə Qacar ("Ağa Məhəmməd şah Qacar", Əbdürrəhim bəy Haqverdiyev), Pərviz və Gavə ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Arif ("İblis", Hüseyn Cavid), Həsən bəy ("Məşədi Ibad", Üzeyir bəy Hacıbəyov), Rodriqo ("Otello", Vilyam Şekspir), Yaşar, Elxan, Balaş ("Yaşar", "Od gəlini" və "Sevil", Cəfər Cabbarlı), Seyran ("Namus", Alensandr Şirvanzadə) rollarını oynayıb.

İbrahim Həmzəyev 1937-ci ildə Xalq Maarif Komissarlığı İncəsənət İşləri İdarəsinin sərəncamı ilə sənət yardımı üçün Naxçıvan teatrına göndərilib. Əvvəlcə bu teatrda quruluşçu rejissor və aktyor işləyib. Yüksək təşkilatçılıq bacarığına və kollektivlə işləmək səriştəsinə görə bu teatrda direktor və aktyor (1941-1945), direktor və baş rejissor (1943-1961. Qısa fasilələrlə), direktor (1964) işləyib. Arada yardım üçün Karyagin (indiki Füzuli) Dövlət Dram Teatrına göndərilib (1947- 1948-ci il teatr mövsümündə). Burada həyat yoldaşı Zəroş Həmzəyeva ilə birlikdə aktyor və rejissor kimi çahşıb. Qısa müddətdə teatrın yaradıcılığındakı durğunluğu aradan qaldırmağa nail olub.

Aktyorluq və rejissorluq fəaliyyətinə görə 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 15 oktyabr 1965-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub. İbrahim Həmzəyev Naxçıvanda vəfat edib.