Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Rejissorlar



Kazımov Tofiq
(14.1.1923-2.8.1980)

Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır. O, görkəmli teatr xadimi, şair Səməd Mənsurun oğludur. Səməd Mənsur Bakıda mövcud olan bir sıra mədəni-maarif cəmiyyətləri (məsələn, "Nicat", "Səfa") teatr truppalarının rəhbərlərindən idi.

Tofiq Kazımov 14 yanvar 1923-cü il Bakıda doğulub və yeddiillik təhsilini burada alaraq teatr məktəbini bitirib (1939-1942). Böyük Vətən müharibəsində iştirak edib. Döyüşlərdə yaralanaraq 1943-cü ildə qayıdıb və Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. Əyyub Abbasovun "Məlik Məmməd", Abdulla Şaiqin "Ana" dramlarının tamaşalarında Bulud və Əmrah rollarını oynayıb.

1945-1951-ci illərdə Moskvada Ümumittifaq Teatr Sənəti İnstitutunda rejissor təhsili alıb. Tələbə ikən Ağdam Dövlət Dram Teatrında Həsən Qasımovun "Kür sahilində" pyesini tamaşaya hazırlayıb. 1951-ci ildə Akademik Milli Dram Teatrında diplom tamaşası kimi Hüseyn Muxtarovun "Ailə namusu" ("Allanın ailəsi") pyesinə səhnə quruluşu verib. 1952-ci il aprelin 25-də Gənc Tamaşaçılar Teatrına baş rejissor göndərilib, ancaq burada tamaşa hazırlamayıb. Elə həmin il oktyabrın 1-də Akademik teatra rejissor götürülüb. 1964-cü il martın 16-da bu teatra baş rejissor təyin olunub. Tofiq Kazımov 1980-ci il avqust ayının 2-də avtomobil qəzasında həlak olana qədər baş rejissor işləyib.

Tofiq Kazımov uzun illər teatr institutunda aktyor və rejissor sənətindən dərs deyib. Xalq artistləri Ağasadıq Gəraybəyli, Məmmədəli Vəlixanlı, Kazım Ziya, Əliağa Ağayev (Zəfər Nemətovla birgə), İsmayıl Osmanlı barədə monoqrafiyalar yazıb. "Çağırış", "İşıqlı yollarda", "Şəfəq", "Qoçaq Polad" və digər pyeslərin müəllifidir. Mətbuatda teatr sənətinə, müxtəlif tamaşalara aid resenziya və məqalələrlə çıxış edib.

Tofiq Kazımov 1965-ci ildə "Antoni və Kleopatra" (Vilyam Şekspir) və 1979-cu ildə "Şəhərin yay günləri" (Anar) tamaşalarına görə Dövlət mükafatları ilə təltiflənib. Respublikanın Əməkdar incəsənət xadimi (1961) və xalq Artisti (1 iyun 1974) fəxri adlarına layiq görülüb.

Tofiq Kazımovun tamaşalarında həm fikir, həm də estetik forma baxımından həmişə təzə -tərlik, təravət vardı. Tofiq Kazımovun quruluş verdiyi tamaşalarda iyirminci əsrin hərəkət və təfəkkür sürəti, qlobal ictimai və siyasi proseslərin ritmi, insanların həyat tərzinin dinamikası, düşüncə tərzinin itiliyi müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapırdı. Tofiq Kazımovun tamaşalarının finalı özü bir tamaşa idi.

Milli rejissuramızın korifeylərindən sayılan Tofiq Kazımovun məzarı Bakıda ikinci Fəxri xiyabandadır.