Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Rejissorlar



Şərifov Ələsgər
(25.12.1909-8.9.1982)

Azərbaycan teatrının tanınmış rejissorlarından olan Ələsgər Məmmədtağı oğlu Şərifov 25 dekabr 1909-cu ildə Şamaxıda imkanlı ailədə doğulub. Onun altı yaşı olanda ailəsi Bakıya köçüb və Ələsgər burada təhsil məktəbinə gedib. Bakı teatrının ən görkəmli simalarından biri, aktyor və rejissor, təşkilatçı Abbasmirzə Şərifzadə Ələsgərin əmisi oğlu idi. Təbii ki, bu, onun qəlbində səhnə sənətinə maraq oyanmasında mühüm rol oynayıb.

Ələsgər Şərifov Bakıda Nəriman Nərimanov adına texnikumun elektromexanika fakültəsinin axşam şöbəsinə daxil olub. Eyni zamanda 1923-cü ildə açılan teatr texnikumunun ilk tələbələri sırasında təhsil alıb. Tələbəlik illərində Mustafa Mərdanovun, Mirseyfəddin Kirmanşahlının, Süleyman Səlimbəyovun ayrı-ayrı vaxtlarda rəhbərlik etdikləri Şvarts adına klubun dram dərnəyində "İblis" (Hüseyn Cavid), "Aydın", "Sevil", "Oqtay Eloğlu" (Cəfər Cabbarlı), "Qaçaqlar" (Şiller), "Qaçaq Kərəm" (Vano Mçedaşvili) tamaşalarında baş rolları oynayıb. Həmçinin Akademik teatrın tamaşalarında epizod rollarda səhnəyə çıxıb.

1926-cı ildə texnikumun buraxılış kursunda oxuyan Ələsgər Şərifov imtahanları vaxtından əvvəl verərək Moskvaya ali təhsil almağa gedib. Ancaq orada oxumaq ona iki il sonra nəsib olub. Buna görə Bakıya qayıdaraq aktyor işləyib.

Müəyyən təcrübə toplayan Ələsgər Şərifov 1934-cü il iyun ayının 11-də Milli Dram Teatrına rejissor götürülüb. 1935-ci il-də bu teatrda ilk müstəqil işi kimi Qurban Musayevin "Qızıl çeşmə" dramına quruluş verib. Teatrda Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (1938, 1940, 1948, 1957), İmran Qasımovun "Arzu" (1938), Məmmədhüseyn Təhmasibin "Bahar" (1940), "Aslan yatağı" (1942), Cəfər Cabbarlının "Oqtay Eloğlu" (1940), "Sevil" (1944), "Od gəlini" (1951 və 1961), Abdulla Şaiqin "Nüşabə" (1946), Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (1948), Cabbar Məcnunbəyovun "Məhəbbətin hökmü" (1962), Hüseyn Cavidin "Səyavuş" (1963), Qeybulla Rəsulovun "Söz yarası" (1966), Mirzə İbrahimovun "Közərən ocaqlar" (1967), Seyfəddin Dağlının "Mənziliniz mübarək!" (1971) pyeslərinin quruluşçu rejissoru olub. Ələsgər Şərifovun tamaşaya hazırladığı pyeslər içərisində tərcümə əsərləri ayrıca yer tutur.

Ələsgər Şərifov Azərbaycan teatr səhnəsinə Lenin mövzusu gətirən ilk və bu istiqamətdə daha çox tamaşa hazırlamış rejissordur. Ələsgər Şərifov klassik və müasir rus dramaturqlarının şöhrətli əsərlərinə daha çox müraciət edən, bu sahədə müəyyən səmərəli işlər görən rejissor idi.

Bir rejissor kimi Ələsgər Şərifov daha çox istedadlarını sübut etmiş, təcrübəli aktyorlarla işləməyə üstünlük verirdi. Gənc aktyoru sınaqdan çıxarmağa risk göstərməsə də, müəyyən məqamlarda onlara mürəkkəb rol tapşırırdı.

O, 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 24 may 1960-cı ildə isə Xalq Artisti fəxri adları ilə təltif olunub. 1982-ci il sentyabrın 9-da Bakıda vəfat edib.