Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Rejissorlar



Quliyev Əşrəf
(25.4.1920 - 10.2.1994)

Yaradıcılığa aktyorluqla başlayıb. Hazırladığı tamaşalara qaralama eskizləri özü çəkir və sonra rəssamla bu qaralamalar əsasında yaradıcılıq axtarışları aparırdı. Rejissor yaradıcılığının ilkin dövründə romantik monumental üsluba meyil göstərib. Tədricən istər klassik, istərsə də müasir əsərlərin tamaşalarında realist forma-üslubu üstün tutub. Lirik-psixoloji üslubda da tamaşalar hazırlayıb.

Əşrəf Hacı oğlu Quliyev 25 aprel 1924-cü ildə Bakıda doğulub. Yeddiillik təhsili bitirəndən sonra Azərbaycan Dövlət Teatr Məktəbində oxuyub. Teatr məktəbində oxuya-oxuya MDT-nin tamaşalarında kütləvi səhnələrə çıxıb. 1938-ci ildə təhsilini başa vurub və təyinatla İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor işləməyə göndərilib. Böyük Vətən müharibəsində iştirak edib (1941-1945). Müharibədən qayıtdıqdan sonra az müddət İrəvan teatrında işləyib və sonra yenicə açılmış Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. 1952-ci ildən Akademik Milli Dram Teatrında rejissor işləyib. Əvvəlcə assistent və ikinci rejissor kimi müxtəlif tamaşaların hazırlanmasında çalışan Əşrəf Quliyev 1956-cı ildən müstəqil quruluşlar verib.

MDT-də Əşrəf Quliyev dramaturqlardan Vasili Şkvarkinin "Özgə uşağı" (8 sentyabr 1956), Yuri Osnos və Viktor Vinnikovun "Hind gözəli" (2 oktyabr 1959), Həsən Seyidbəylinin "Bağlı qapılar" (3 iyun 1961), Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (26 oktyabr 1962), Sabit Rəhmanın  Toy" (14 dekabr 1963), Cavad Fəhmi Başqutun "Köç" (19 sentyabr 1964), Mirzə İbrahimovun "Yaxşı adam" (24 aprel 1965), "Kəndçi qızı" (15 may 1976), Cəfər Cabbarlının "Oqtay Eloğlu" (29 iyun 1966), İlyas Əfəndiyevin "Mənim günahım" (5 may 1967), Bernard Şounun "Şeytanın şagirdi" (23 dekabr 1967), Bəxtiyar Vahabzadənin "İkinci səs" (19 aprel 1969), "Yollara iz düşür" (30 oktyabr 1977), Anatoli Safronovun "Kişilərə inanmayın" (13 iyun 1970), "Gecənin sirri" (2 sentyabr 1982), Nəbi Xəzrinin "Sən yanmasan..." (2 fevral 1972), "Əks-səda" (14 fevral 1975), Aleksandr Ostrovskinin "Müdriklər" (19 may 1973), Vilyam Şekspirin "Heç nədən hay-küy" (10 mart 1979), Sabit Rəhmanın "Əliqulu evlənir" (3 oktyabr 1980) dram, faciə və komediyalarını tamaşaya hazırlayıb.

Rejissor 1984-cü il yanvar ayının 2-dən yalnız Azərbaycan Dövlət İncəsənət İnstitutunda işləyib və burada aktyor və rejissor sənətindən dərs deyib. Müxtəlif illərdə Lənkəran və Gəncə teatrlarında tamaşalara quruluşlar verib. 1974-cü il iyun ayının 1-də Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Əşrəf Quliyev 10 fevral 1994-cü ildə Bakıda vəfat edib.