Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Rejissorlar



Turabov Səftər
(5.3.1910-26.11.1989)

Əsil adı Əlisəftərdir, lakin quruluş verdiyi bütün tamaşaların proqram və afişalarında "Səftər Turabov" kimi yazılıb. Yaradıcılıq üslubu romantik teatr məktəbinə uyğun idi. Eyni zamanda formaca monumentallığa meyil göstərib. Hazırladığı tamaşalarda müəyyən janr məhdudluğu olsa da, yaradıcılıq üslubu forma baxımından əlvan və rəngarəng idi. Mürəkkəb kompozisiya qurmağı və musiqidən yardımçı atribut kimi yox, bədii obraz tutumunda istifadə etməyi xoşlayıb.

Bir rejissor kimi hazırladığı tamaşalara, adətən, bitkin, dəqiq və yaradıcılıq fikirləri üst-üstə düşən aktyor ansamblı seçib. Nəzəri əsas kimi psixoloji yaşama məktəbinin (Stanislavski sistemi) estetik prinsiplərinə əsaslanıb.

Səftər (Əlisəftər) Həbib oğlu Turabov 1910-cu il may ayının 5-də Bakıda doğulub. Yeddiillik təhsil alıb. On altı yaşında Milli Dram Teatrında səhnə fəhləsi kimi əmək fəaliyyətinə başlayıb.

1930-cu ildən texniki rejissor, laborant-rejissor, rejissor assistenti kimi çalışıb. Teatrda işləyə-işləyə 1934-cü ildə Bakı Teatr Məktəbini bitirib. Diplom alandan sonra teatrın ştatına həm aktyor, həm də rejissor assistenti götürülüb. Bir neçə tamaşada rejissor assistenti kimi səylə çalışandan sonra ona müstəqil quruluşlar tapşırılıb. Səftər Turabov Milli Dram Teatrında Nəcəf bəy Vəzirovun "Müsibəti- Fəxrəddin" (18 mart 1940), Konstantin Simonovun "Vətən oğlu" ("Bizim şəhərli oğlan". 27 sentyabr 1941), Zeynal Xəlilin "İntiqam" (16 may 1942), Vsevolod Rokkun "Mühəndis Sergeyev" (28 noyabr 1942), Cəfər Cabbarlının "Almaz" (10 yanvar 1943), "1905-ci ildə" (28 mart 1944), Mir Cəlalın "Mirzə Xəyal" (6 iyul 1943), Mehdi Hüseynlə İlyas Əfəndiyevin "İntizar" (26 dekabr 1944), Tur qardaşlarının "Bir evin sirri" (4 dekabr 1949), Əbdürrəhim bəy Haqverdiyevin "Köhnə dudman" (10 iyun 1950), Səttar Axundovun "Zərif tellər" (30 noyabr 1951) əsərlərinə quruluş verib.

O, rejissor həmkarları Əliheydər Ələkbərovla birlikdə Zeynal Xəlilin "Qatır Məmməd" (3 may 1945), Leonid Malyuginin "Köhnə dostlar" (21 yanvar 1947), Məhərrəm Haşımovla müştərək Ceyms Qou və Arno Nyussonun "Dərin köklər" (6 mart 1948) pyeslərini tamaşaya hazırlayıb.

Səftər Turabov 1954-cü ildə hələ dövlət statusu olmayan Azərbaycan Musiqili Komediya Teatrında, 1956-cı ildən Dövlət Radiosunda rejissor işləyib. Teatr sənətində qazandığı naililiyyətlərə görə 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. 26 noyabr 1898-ci ildə Bakıda vəfat edib.