Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Rejissorlar



İsgəndərov Ədil
(5.5.1910-18.9.1978)

Azərbaycan monumental rejissurasının görkəmli siması, Akademik Milli Dram Teatrının aktyor ansamblının formalaşmasında böyük xidmətləri olan rejissor, xarakterik ekran rollarının yaradıcısı Ədil Rza oğlu İsgəndərov 5 may 1910-cu ildə Gəncədə doğulub. Əsil adı Ədil olan sənətkar əksər sənədlərdə rusca deyimə uyğun "Adil" kimi təqdim edilib.

Teatr sənətinə orta məktəbin son siniflərindən maraq göstərib. Gəncədəki İşçi klubunun dram dərnəyində iştirak edib. Bakıda və Moskvada tələbə olarkən tətilə gələndə Ədil İsgəndərov İşçi klubunda Cəfər Cabbarlının "Od gəlini", "Sevil", Aleksandr Şirvanzadənin "Namus", Vano Mçedaşvilinin "Qaçaq Kərəm" pyeslərini həvəskarlarla tamaşaya hazırlayıb. Özü həmin tamaşalarda Balaş ("Sevil"), Şəkinski ("Oqtay Eloğlu"), Qaçaq Kərəm rollarını oynayıb.

Ədil İsgəndərov 1928-1931-ci illərdə BAM Teatr Məktəbinin rejissor-aktyor şöbəsində təhsil alıb. Tələbə ikən Milli teatrın tamaşalarında kütləvi səhnələrə çıxıb, epizod rollar oynayıb. Bu baxımdan "Hacı Qara"dakı Yasovul obrazı daha maraqlı olub. Teatr məktəbini bitirərkən o, dostlaşdığı Cəfər Cabbarlının tövsiyəsi ilə Moskvaya ali təhsil almağa gedib. Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Tələbəlik illərində Moskva Bədaye Akademik Dram   Teatrında, Vaxtanqov teatrında ciddi sənət təcrübələri keçib, zəngin təcrübə toplayıb. Son kursda oxuyarkən İsgəndərov diplom tamaşası hazırlamaq üçün Bakıya göndərilib. Akademik teatrda 1935-ci ilin payızında Aleksandr Korneyçukun "Platon kreçet" əsərinin Mustafa Mərdanov və Ülvi Rəcəb tərəfindən "Polad Qartal" adı ilə təbdil edilmiş variantının məşqlərinə başlayıb. Tamaşanın premyerası 3 yanvar 1936-cı ildə oynanılıb. Rejissorun ilk müstəqil işi əla qiymətləndirilib. Yenidən Moskvaya qayıdan Ədil İsgəndərov iyun ayında təhsilini başa vuraraq Akademik Milli Dram Teatrına təyinat alıb. Teatra sıravi rejissor götürülən Ədil İsgəndərov 1937-ci ildə xeyli müddət baş rejissor vəzifəsində əvəzedici-icraçı olub. 15 may 1938-ci ildə isə Akademik teatra baş rejissor təyin edilib.

Bir müddət sonra baş rejissor vəzifəsi bədii rəhbər vəzifəsi ilə əvəzlənib və həmin kreslonu tutan Ədil İsgəndərov 1954-cü ildə həm də teatrın direktoru kimi fəaliyyətə başlayıb. Teatrda böyük islahatlar aparan, güclü kollektiv formalaşdıran, zəngin və əlvan repertuar quran Ədil İsgəndərov gözlənilmədən 22 oktyabr 1960-cı ildə həm tutduğu vəzifələrdən, həm də ümumiyyətlə teatrdan uzaqlaşdırılıb. Riyakar intriqanın güdazına gedən Ədil İsgəndərovu müdrik çağında, yaradıcılıq üslubunun yüksək peşəkarlıq səviyyəsində formalaşdığı əlli yaşında teatrdan uzaqlaşdırmaq milli mədəniyyətimizə, təbii ki, ilk növbədə Akademik Milli Dram Teatrına ciddi zərbə vurdu.

Azərbaycan Dövlət Opera və Balet Teatrında Reynqold Qlierin "Şahsənəm" (1938), Azərbaycan Dövlət Rus Dram Teatrında Səməd Vurğunun "Vaqif", Bakı Erməni Dövlət Dram Teatrında Mirzə İbrahimovun "Həyat", Cəfər Cabbarlının "1905-ci ildə" əsərlərini tamaşaya hazırlayıb. Onun yazdığı "Partizan Məmməd" (Sabit Rəhmanla birgə) pyesi Gənc Tamaşaçılar Teatrında, "Dağlar qoynunda" komediyası (bəstəkar Əşrəf Abbasov) Musiqili Komediya Teatrında oynanılıb.

Ədil İsgəndərov 1937-ci ildən Bakı Teatr Məktəbində, sonralar isə Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib, neçə-neçə kursa rəhbərlik edib. 1956-cı ildən professor idi. Azərbaycan SSR Ali Sovetinin dördüncü və beşinci çağırış deputatı olub. Teatrdan uzaqlaşdırılandan sonra "Azərbaycanfilm" kinostudiyasında sıravi rejissor işləmiş, 1966-1974-cü illərdə oranın direktoru olmuşdur. Özü "Əhməd haradadır?" kinokomediyasının ekran rejissorudur.

Ədil İsgəndərov "Şərqin səhəri" (Ənvər Məmmədxanlı) tamaşasındakı rejissor işinə görə 1948-ci ildə Stalin mükafatı (sonralar "SSRİ Dövlət mükafatı" adlandırıldı) ilə təltif olunub. Görkəmli teatr xadimi böyük sənət nailiyyətlərinə görə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (4 dekabr 1938), xalq Artisti (17 iyun 1943) və SSRİ Xalq Artisti (9 iyun 1959) fəxri adlarına layiq görülüb.

Ədil Rza oğlu İsgəndərov 18 sentyabr 1978-ci ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri xiyabandadır.