Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Rejissorlar



Tuqanov Aleksandr
(31.3.1871-6.3.1960)

Azərbaycan milli teatrının inkişafında böyük işlər görmüş rejissor və pedaqoq Aleksandr Aleksandroviç Tuqanov 31 mart 1871-ci ildə Moskvada doğulub. Teatr fəaliyyətinə aktyor kimi Moskvada həvəskar dəstədə, sonra Korşun teatrında başlayıb. Ayrı-ayrı illərdə Tula, Hacıtərxan, Nijni Novqorod, Yaroslav, Bakı (1914), Riqa, Penza, Voronej və digər şəhərlərdə aktyorluq edib. 1915-ci ildə Tiflisə gəlib. K.Nikulinin truppasında çalışıb və həm də buradakı "Rusiya Teatr Cəmiyyəti Artistləri İttifaqı"na rəhbərlik edib.

Aktyorluqla məşğul olduğu teatrlarda Hamlet və Petruççio ("Hamlet" və "Şıltaq qızın yumşalması", Vilyam Şekspir), Çatski ("Ağıldan bəla", Aleksandr Qriboyedov) rollarının mahir ifaçılarından sayılıb. Uzun illər müxtəlif truppalarda fəaliyyət göstərən Tiflisdəki azərbaycanlı səhnə fədailəri 1922-ci ildən Tiflis Dövlət Azərbaycan Dram Teatrı kimi yeni yaradıcılığa başlayıb. Kollektivin əsas aktyorları ilə əvvəldən müxtəlif truppalarda yaradıcılıq ünsiyyətində olmuş Aleksandr Tuqanov bir il sonra Tiflis teatrına baş rejissor təyin edilib. Burada onun rejissorluğu ilə Cəfər Cabbarlının "Aydın", "Oqtay Eloğlu", Hüseyn Cavidin "Şeyda", "İblis", "Uçurum", "Şeyx Sənan", Vilyam Şekspirin "Otello", Fridrix Şillerin "Qaçaqlar", Şəmsəddin Saminin "Dəmirçi Gavə" əsərləri tamaşaya hazırlanıb və repertuarın əsasını təşkil edib.

Aleksandr Tuqanov Tiflis Azərbaycan Teatrının repertuarının zənginləşməsində, aktyor yaradıcılığının formalaşmasında cəsarətli addımlar atıb. O, teatrın repertuarında azərbaycanlı dramaturqların əsərlərinin üstünlük təşkil etməsinə xüsusi diqqət yetirib.

1924-cü ilin ikinci yarısında Aleksandr Tuqanov Azərbaycan hökumətinin qərarı ilə Bakıya dəvət olunub. İyun ayının 19-da o, Akademik Milli Dram Teatrına baş rejissor təyin edilib. Rejissor yeddi ildən çox bu kollektivə rəhbərlik edib, kollektivin mövzu və məzmun, üslub və forma istiqamətindəki müasirlik axtarışlarında səmərəli işlər görüb.

1931-ci ildə teatr daxili çəkişmələr nəticəsində kollektivdən ayrılan Aleksandr Tuqanov Bakıdan uzaq Şərqə gedib. Bir müddət sonra oradan Qroznıya gələrək müxtəlif teatrlarda işləyib.

Milli Dram Teatrında yenə baş rejissor problemi yarananda Aleksandr Tuqanov 1935-ci ildə Bakıya çağırılıb. O, Akademik teatra baş rejissor göndərilib. İki il burada çalışan rejissor sonra Gənc Tamaşaçılar Teatrında işləməyə gedib. Bu kollektivin əsasən rus bölməsində tamaşalar hazırlayıb.

GTT-da işləyə-işləyə Opera və Balet Teatrında, Dövlət Rus Dram Teatrında, həm də Akademik sənət ocağında quruluşlar verib. Əvvəllər Bakı Teatr Məktəbində dərs deyən rejissor 1945-ci ildən teatr institutunda pedaqoji fəaliyyət göstərib. 1947-ci ildən professor idi.

Aleksandr Tuqanov Bakı Teatr Məktəbində və sonralar Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib. Təcrübəli pedaqoqun onlarca yetirməsi ölkəmizin müxtəlif teatrlarında səmərəli yaradıcılıq axtarışları aparıblar.

Azərbaycan milli teatrının inkişafında göstərdiyi xidmətlərinə, Milli Dram Teatrının yaradıcılıq üsluburıun monumental səpkidə formalaşmasındakı səmərəli fəaliyyətinə görə Aleksandr Tuqanov 4 aprel 1936-cı ildə respublikanın xalq Artisti fəxri adı ilə təltif olunub. Rejissor 6 mart 1960-cı ildə Bakida vəfat edib.