Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr xadimləri   Aktyorlar



Səidə Quliyeva
( Azərbaycan Akademik Milli Dram Teatrı)

Səidə Quliyeva 5 mart 1957-ci ildə Bakıda anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram və kino aktyoru" fakültəsini bitirib. Həmin ildən təyinatla Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb.

Böyük səhnədə debütü 1979-cu ildə rejissor Ə.Quliyevin hazırladığı Vilyam Şekspirin "Heç nədən hay-küy" komediyasında Hero rolu olmuşdur. Bundan sonra, aktrisa teatrda müxtəlif rejissorların səhnə quruluşlarında maraqlı obrazlar yaratmışdır. S.Quliyeva Akademik Milli Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" tarixi dramında Bəyim, Ş.Qurbanovun "Sənsiz" dramında Sevinc, Maksim Qorkinin "Həyatın dibində" əsərində Nastya, Əli Əmirlinin "Ağqoyunlular və Qaraqoyunlular"ında Qaraqoyunlu ana, Elçinin "Ah Paris! Paris!" komediyasında Firəngiz, Süleyman Sani Axundovun "Eşq və intiqam" pyesində Həcər xanım, Nazim Hikmətin "Kəllə" dramında Qadın, Bəxtiyar Vahabzadənin "Dar ağacı"nda Ana, Elçinin "Qatil" əsərində Qonşu, Mir Cəlalın "Dirilən adam"ında Çəpəl Suralı, Cəlil Məmmədquluzadənin "Ölülər"ində Kərbəlayi Fatma, Abdulla Şaiqin "Eloğlu"nda Ana Torpaq kimi müxtəlif janrlı obrazlar qalereyası yaratmışdır.

Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı İlyas Əfəndiyevin "Atayevlər ailəsində" əsərində Reyhan, "Sarıköynəklə Valehin nağılı"nda Reyhan, Ruhəngiz Qasımovanın "Yollar görüşəndə" dramında Çiçək, "Qonşu qonşu olsa" əsərində Balacaxanım, Mövlud Süleymanlının "Kökdən düşmüş piano"sunda Gülər, Əli Əmirlinin "Bala-başa bəla"sında İzzət Nəfisli, Aqşin Babayevin "Nekroloq"unda Elmira, "Dəvətnamə"də Məleykə və s. kimi maraqlı obrazlar oynamışdır.

S.Quliyeva 2000-ci ildə respublikanın Əməkdar Artisti, 9 may 2012-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdür.