Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D museum exposition Virtual tour Encyclopedic Dictionary of Theatre Siteography Epistolary heritage  

Teatr təhsili   Mühazirə mətnləri




Mərasim və mövsümi oyun tamaşaların spesifik xüsusiyyətləri.

Açıq havada, şəhər meydanlarında, karvansaralarda, bazar və küçələrdə göstərilən kütləvi xalq tamaşalarına el içində "meydan teatrı" deyirlər. Bu teatrlarda göstərilən tamaşalarda xalqın qədim mədəniyyətini, bu günkü durumunu, mənəvi və idrakı təkamülünü ifadə edən dramatik vəziyyətlər nümayiş etdirilir. Bu teatrlar əslində xalqın əsatir və folklor mədəniyyətinin estetik prinsiplərini müxtəlif məzmun və formalarda təcəssüm etdirən oyun vəsaitlərinin üslub və janr toplusudur.

Meydan tamaşalarını şərti olaraq dörd bölümə ayırmaq olar:

  1. Mərasim və əsatir şənlik – oyun – tamaşaları;
  2. Kütləvi məişət xarakterli etno – mədəni oyun – tamaşaları;
  3. Əyləncə xarakterli oyun – tamaşalar;
  4. Mistik xarakterli şəbih – tamaşaları.

Azərbaycanda mərasim tamaşaları 2 qismə bölünür. Birincisi mövsümi mərasimlər, ikincisi məişət mərasimləri. Mövsümi mərasimlər yazın gəlişi, əkinin başlanması, məhsulun yığılması, elin – elatın yaylağa çıxması, qoyun qırxımı ilə keçirilir. Məişət mərasimlərinə isə aşıq toyları, dərviş düyünləri, ağlaşma məclisləri və s.

Qodu-qodu adlı kütləvi xalq mərasimləri ölkəmizdə qədim zamanlardan aramsız yağan və əkinə - biçinə ziyan vuran yağışın kəsilməsi üçün keçirilirdi. Tamaşada qadın formasında kuklalar düzəldilir və yağışın altında qapı-qapı gəzərək qodunun şəninə nəğmələr oxunur, tərifləyib onu vəsf edirlər. Onları musiqiçilər müşayət edirdilər. Qodunu Günəşin rəmzi olaraq qırmızı parçaya büküb günəşin çıxmasını, yağışın kəsilməsini arzulayırdılar.

Kəvsəc – mərasimi qışı qorxutmaq, onun şiddətinə, şaxtasına hazır olmaq məqsədi daşıyan bir mərasim idi. Bu mərasim zamanı qışın zalım obrazını ifadə edən bacarıqlı, çevik, çalıb – oxuyan, məzəli əhvalatlar danışan bir nəfərə cır-cındır geyindirib, üz-gözünü kömür və unla eybəcər hala salıb qatıra mindirir və kəndi, obanı gəzdirirdilər.

Cütcü şumu: Torpağa inam və etimad əlaməti olaraq dədələrimiz Novruz bayramının torpaq çərşənbəsində bu mərasimi icra edirdilər. Və ən bərəkətli əkin sahəsi yanında keçirilirdi. Burada cüt və kotan vəsf edilir, onların şəninə gözəl sözlər deyilirdi.

Yel-baba – mərasimləri də torpaqla bağlı mərasimlərdən biri olub. Bu mərasim taxıl biçini zamanı, xırmanda dəni soruğa vermək məqsədinə xidmət edib. Bu tədbir zamanı buğdanı təmizləmək üçün "yel babanı" köməyə çağıran iştirakçılar nəğmə oxuyur, mahnının məzmununa aid hərəkətlər icra edirdilər.

Güdül – el mərasimləri zamanı insanlar quraq keçən təbiəti bol məhsul üçün göylərdən su istəyir. İştirakçılar suya və yağışa həsr edilmiş nəğmələr oxuyub, bayatılar söyləyərdilər.

Yuğ – mərasimləri hələ islamdan çox-çox əvvəl Azərbaycanda mövcud olub. İgid oğulların ölümünə həsr edilən bu mərasimlərdə ölən igidi anmaq, onun haqqında dəyərli sözlər, ürək yaxan ağılar deyib ağlayırdılar. Bu mərasimdə beş dəstə bir-birilə üzləşərdi: qılınc oynadanlar, çalğıçılar, ağçı qadın və kişilər, birdəki çalğıçılar.

Sayaçı – oyunu Azərbaycanda çox məşhurdur. Bu mərasim köçəri tərəkəmə türkləri arasında daha çox yayılmışdır. Qoyunçuluqla bağlı – döl, qırxım və quzulama dövrlərində bu mərasim keçirilir. Oyunçular şən bayatılar, holavarlar söyləyə-söyləyə ortamı şənləndirməyə başlayarlar. Bərəkət və ruzi mənbəyi olan qoyunun şəninə şöyləmələr deyib yurdları gəzərdilər.

Qaravəllilər – mahiyyət etibarı ilə komediya tamaşalarıdır. Orta əsrlərdə Azərbaycanda toy –nişan mərasimlərində, dastan-nağıl məclislərində qaravəllilər söylənib. Əvvəllərdə varsaqlar, sonralar aşıqlar bir qədər nəfəs dərib dincəlmək üçün qaravəllilərdən istifadə etmişlər. Məzhəkə, məsxərə tipli bu söyləmələr qaravəlli adlanmışdır. Bu oyun tipi əsrlərdən keçərək, müəyyən estetik səciyyəyə malik vəziyyət kəsb etmiş və məzhəkə - oyun meydan tamaşaları kimi formalaşmışdır.

Məzhəkələr –də qədim oyun növlərindən biridir. Formaca xalq tamaşalarının hamısından daha bitkin və çevikliyi ilə fərqlənən məzhəkələrin oyun prinsipi daha çox improvizəyə bağlıdır. Bu tip oyun tamaşalarda qaravəllilərdən fərqli olaraq kobud, şit zarafatlara, əndazəni aşmış atmacalara və intim epizodların şişirdilməsinə üstünlük verilirdi. Məzhəkələrdə əsas etibarı ilə mənfi xarakterli, əməli qüsurlu, əxlaqi naqis, davranışları yersiz insanlar gülüş hədəfinə tutulur, cəhalət, kütlük, biganəlik və digər insana xas olmayan hallar təndiq edilirdi.

Məsxərələr – də qədim oyun növlərindən olub məzhəkə xarakteri daşıyır. Qədim saraylarda yaranan bu oyun-tamaşalar getdikcə çərçivəsini aşaraq meydanlara çıxır və yeni bir mahiyyət kəsb edərək qrotesskli hərəkətlərin vasitəsilə müxtəlif peşə sahiblərini, xalqın tanıdığı bəzi yaramaz insanların tipikləşdirilmiş obrazını xalq təqdim etmək yolu tutdu. Bəzən bu oyuna "lağoyunu" da deyiblər.

Dərvişlik – XI əsrdən üzü bəri Hindistan, Pakistan, İndoneziya, İran və Azərbaycanda geniş yayılmışdır. Sufi təriqətinin bir qolu kimi formalaşan bu oyun-mərasimlərində dərvişlər ictimai və sosial ədalətsizliyə etiraz etmiş, Allaha qail olmayan dar gözlü, dünyagir insanları tənqid edərək, onları uca mənəviyyata dəvət etmişlər. Onlar el arasında nağılçı-oyunbazlar kimi də tanınmışdır. Onlar özləri ilə ilan, əqrəb və digər zəhərli heyvan və həşərat gəzdirib əllərində oynatmaqla, ritmik hərəkətlər və əfsunçu oyunlar göstərməklə insanları özlərinə cəlb etmişlər. El arasında onların göstərdikləri tamaşalara "dərviş mərəkəsi" də deyirlər.

Hoqqa – sözünün mənası "sehirli qutu", sandıqça deməkdir. Sonralar bu mənanı ifadə edən mürəkkəb xarakterli oyunlar yaranıb və ona gözbağlayıcı oyunu da deyilib. Sürpriz xarakteri daşıyan bu oyun-mərasimlər bu gün sirklərdə rast gəldiyimiz bəzi oyunlar əsasını təşkil etmişdir.

Bundan başqa – Lal oyunu, Şəbədə oyunu, Lağ-lağı oyunu, Tənbəki oyunu, Kəndirbaz və digər oyun – tamaşa növləri qədim milli mədəniyyətimizin maraqlı nümunələri olub, bu günkü teatrlarımızın formalaşmasında xüsusi əhəmiyyət daşımışdır.