Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D museum exposition Virtual tour Encyclopedic Dictionary of Theatre Siteography Epistolary heritage  

Teatr təhsili   Mühazirə mətnləri




Milli mədəniyyətimizdə xalq oyun tamaşalarının yeri.

Qədim insanlar hələ danışmağı bacarmadıqları zamanlarda bir-birini müxtəlif mimik hərəkətlər və jestlərlə anlamağa çalışmışlar. İbtidai insanlar ov mərasimlərini müxtəlif heyvan dərilərinə bürünərək, onlara bənzəmək yolu ilə ova yaxınlaşa bilmək məharətinə yiyələnmişdilər ki, bu da həmin dövrlər üçün ritual səciyyə daşımışdır.

Bəşəriyyət öz halı və əhatə olunduğu təbiət hadisələri içərisində bir oyuna məhkumdur. Sevinmək, ağlamaq və müxtəlif vəziyyətləri dərk edib davranmaq özü də, insanı hər hansı bir hərəkətə məruz qoyur. Minilliklər keçdikcə oda sitayiş, ocağa -oda tapınmaq ənənələri yaranıb. İnsanlar onları isidən, torpaqları cana gətirən günəşin bir parçasını öz yaxınlıqlarında görmək istəmişlər. Ocaq, tonqal qalamaq, oda sitayiş etmək bu anlamla bağlı olmuşdur. Bütün xalqların, millətlərin odla bağlı, günəşlə bağlı maraqlı ənənləri vardır. O, cümlədən də türk xalqlarının bu ünsürlə bağlı bir çox ənənələri olmuşdur. Türklərin inamlarına görə Su, Od və Torpaq hər bir natəmizliyi pak edə bilər.

Qədim türklərdə ölüm anlayışına xüsusi yanaşma olmuşdur. Ölüm anlayışında həyatın davam fəlsəfəsi dayanır. "İnsan ölür ki, onun dünyaya gətirdiyi insan onun yerini tutsun. Çünki, bir vaxtlar o da öz yerini öz evladına verəcək." Bu həyat fəlsəfəsində toy ilə yasın anlayışı bir-birini tamamlayır. Elə türklərdəki "Yuğ" mərasimləri buna nümunə ola bilər.

Avropa tarixində dini və bayram mərasimlərinin keçirilməsi də marağ doğurur və demək olar ki, qədim Şərq mədəniyyətinin tərkib hissəsi kimi özünü göstərir. Osmanlı alimi Türhanın fikrincə Dionis mərasimlərindəki əsas atribut olan keçi obrazı Kiçik Asiyadan gəlmişdir. Bu keçi mərasiminin əsas qayəsi torpaq, od, su və oturaq həyat anlayışı ilə bağlıdır. Dionis bayramları qədim Romada keçirilən Vakx bayramlarına da çox bənzəyir. Bu bayramlardakı Keçi obrazı bir də onu göstərir ki, insanlar yarandıqları ilkin dövrlərdə ən əvvəl keçini əhliləşdirmişlər. Çünki dünya xalqlarının əksəriyyətinin qədim bayram mərasimləri keçi ilə bağlı olmuşdur.

XX əsrin tanınmış tarixçisi və mədəniyyətşünası Hollandiya alimi Yohan Heyzinqa özünün "Homo Ludeks" ("Oynayan insan") kitabında oyun fenomeni, onun anlayış və funksiyasını təhlil edərək göstərir ki, "oyun mədəniyyətindən qədimdir." Onun qənaitinə görə oynamaq meyli yalnız insanlara deyil, heyvanlar aləminə də xas olan bir daxili tələbatdır. Əsatirlər, mərasimlər, ayinlər daha sonralar yaranmışdır. Görkəmli Azərbaycan alimi Mirəli Seyidovun elmi qənaətlərinə görə oyun sözü türkdilli xalqların mifoloji, qam-şaman görüşləri, bədən altaylar, qırğızlar və başqırdlar qam – şaman görüşləri, mərasim meydan tamaşaları ilə bağlıdır. Bir çox xalqlar, o cümlədən altaylar , qırğızlar və başqırdlar qam- şamana aid mərasimlərə oyun demişlər. Qam – şaman xalq üçün ağıllı və zəkalı bir öndər sayılırdı. Çünki o çalmağı, rəqs etməyi, "sehirli" oxumağı bacarırdı. Ona oyun babası deyirmişlər. Yuğ oyun – tamaşalarında da oyun babalarının böyük rolu vardı. Türkdilli xalqların məişətində yuğ sözü matəm, ölü basdırmaq, qəbir mərasimləri mənası daşıyır. Bu sözə islamdan əvvəlki yüzilliklərin abidələrində, Mahmud Qaşqarinin yazılarında rast gəlinir. Hazırda Çində yaşayan türkdilli soylar ölü üstündə söylənən ağıya, deyilən yanıqlı bayatılara "uyğu" deyirlər. Azəri türkləri də bu soylardan biri olaraq təbiətlə, məişətlə və ölümlə bağlı müxtəlif xarakterli oyun- tamaşalar yaratmış və onu mədəniyyətimizin ayrılmaz hissəsi kimi yaşadaraq bu günümüzə qədər qoruyub saxlamışlar. Kütləvi xarakter daşıyan bu mərasimlər etno – mədəni oyun – tamaşalar olaraq milli – mədəni sərvətimiz kimi həmişə qorunmalı və gələcək nəsillərə ötürülməlidir.

Şifahi xalq ədəbiyyatının məişətimizdə xüsusi yeri vardır. Buna ağız ədəbiyyatı da deyilir. Çünki hələ yazı yaranmamışdan əvvəl yaranan ədəbiyyat, sonralar yazı əmələ gələndən sonra insanın dünyagörüşü artanda da əfsanələrə əsatirlərə, nəğmələrə nağıllara dönüb ağızdan ağıza keçdi və yayıldı. Atalar sözləri, zərb məsəllər çox yəqin ki, dünyagörmüş, müdrik babalarımızın, dədələrimizin fikirləridir ki, bu günümüzə qədər ağızdan – ağıza keçib yaşamışdır. Məsələn, "Kitabi – Dədə Qorqud" dastanın da Qorqud Dədənin söylədiyi dəyərli atalar sözlərinin yəqin ki, çoxu özünündür. Amma o da yəqindir ki, onun da özündən əvvəlki Dədələrdəm öyrəndiyi və sonra onu kiməsə öyrtədiyi nəsnələr, atalar sözləri, zərb-məsəlləri vardır.

Şifahi xalq ədəbiyyatı milli musiqi ilə əkizdir. Azərbaycan nəğmələrinin müəyyən ahənglə oxunması buna əyani sübutdur. Əkinlə, biçinlə, qoyun və inək sağımı vaxtı, laylalar, ağılar, bayatılar, holavarlar deyilməsi də bu fikirin ifadəsidir.

Şifahi xalq ədəbiyyatı həm də yazılı ədəbiyyata zəngin material vermişdir. Nizaminin "Leyli və Məcnun", "Xosrov və Şirin" əsərləri dastan və əfsanələrdən mövzusu alındığı üçün maraqlıdır.

Qaravəlli – "qara evli" türk – oğuz qəbiləsi adının təhrifidir. Orta əsrlərdə toy şənliyi və nağıl – dastan məclisləri arasında varsağın, sonralar isə bir və ya iki aşıq köməkçisinin söylənib oynadığı yüngül təbiətli məzəli oyun növü və xalq içində bəzən "oyun", "oyunçu" anlamı qarşısında işlənən bir deyim. Məzmun etibarı ilə lətifə və qaravəlli ilə qidalanan bu oyunda yorulmuş tamaşaçılarda dastandakı faciəli hadisələrin ağır təsirini yüngülləşdirmək, onların könlünü açmaq və yenidən dastana qulaq asmaq həvəsi oyatmaq məqsədi güdürdü. Get gedə bu oyun növü aşıq, nağıl məclislərindəki ayrılmış və müstəqil məzhəkə tamaşasına çevrilmişdir. Kənd meydanı, karvansara və çayxanalarda qaravəlli adı ilə oynanılan tamaşanın tərkibinə sonralar gözbağı, canbaz və hoqqa oyunları da əlavə olundu və bu oyunu ustad bir aşıq öz çalğıları ilə müşayiət etməyə başladı.

Kosa–kosa – Törəniş etibarı ilə ən qədim zamanlardan bağlı olub XX yüzilliyin ortalarına kimi yazqabağı şənliklər ərəfəsində uşaq və subay gənclər tərəfindən icra olunan bir mərasim tamaşasının adıdır. Əsasən ələ salmaq, təhqir edib alçaltmaq məqsədi ilə icra olunan bu lağoyunu növü, ilk çağlar, ölümə məhkum edilmiş bir caninin, orta əsrlərdə - ulağa mindirilmiş əsir olunmuş eybəcər görkəmli düşmən başçısının, sonralar isə tanınmış bir insanın müqəvvası, və yaxud da onun kimi görünən bir oyunbaz tərəfindən icra edilirdi. Sonralar Kosa Novruz şənliklərinə qoşulub saya gəzişi kimi mərasim tamaşalarına qovuşaraq onlarla ayinləşib.

Burada isə artıq baş obraz qışı təmsil edən Kosa olmuşdur. Oyun iştirakçıları evbə-ev, qapı-qapı gəzərək ətrafdakıları yazın gəlişi münasibəti ilə təbrik etmişlər. Həmən el oyunu 1917-ci ildə ilk dəfə Bakıda teatr səhnəsində oynanılmışdır. Onun digər adları "Koskosa", "Kosamürd" (yəni Kosa öldü) və "Kosagəzdirmədir". Vaxtilə Bakıda icra olunan Qoduqodu oyunu da bu adı daşımışdır.