Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D museum exposition Virtual tour Encyclopedic Dictionary of Theatre Siteography Epistolary heritage  

Teatr təhsili   Mühazirə mətnləri




İlk Azərbaycanlı aktrisa Gövhər Qazıyeva (Göyərçin xanım)

İlk qadın aktrisamız xanım - əslində onun teatr təxəllüsüdür, əsl adı isə Gövhərdir. Gövhər Əhməd qızı Qazıyeva 1887 – ci ildə Tiflisdə ziyalı ailəsində anadan olub, orada Nəcib qızlar institutunu bitirib, rus və Azərbaycan dillərində mükəmməl təhsil alıb. İbrətamiz, maraqlı bir həyat yolu keçib.XIX əsrin sonu XX əsrin əvvəllərində Tiflisin teatr mühiti çox maraqlı və rəngarəng idi.Tiflis zadəgan teatrında həvəskar azərbaycanlı aktrisalar, aktyorlar da tez –tez tamaşalar verirdilər. Bu zaman Tiflisdə bir neçə Azərbaycan teatr truppası fəaliyyət göstərirdi. Bunlardan mühümləri Mirzə Əli Abbasovun rəhbərlik etdiyi "Dram cəmiyyəti" və Həbib bəy Köçərlinskinin başçılıq etdiyi "Səadət" truppası idi. 1906- cı ildən səhnə fəaliyyətinə başlayan Gövhər Qazıyeva(Göyərçin xanım) hər iki truppanın tamaşalarında uğurla çıxış etmişdir. İlk qadın aktyorumuzun Tiflis zadəgan teatrında iştirak etdiyi ilk tamaşa Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" faciəsi idi.1910- cu il oktyabrın 9-da verilmiş bu tamaşa böyük müvəffəqiyyətlə keçmişdi.Yenə həmin il oktyabrın 30-da "Səadət" dram dəstəsi Şəmsəddin Saminin "Gaveyi-ahəngdar" pyesini tamaşaya qoymuşdu. Tamaşada Gavə rolunda Sultanov, Fərhad rolunda Mir Seyfəddin Kirmanşahlı, Xubçöhr rolunda Gövhər Qazıyeva çıxış edirdilər.

Gövhər Qazıyevanın şöhrəti tez bir zamanda bütün Zaqafqaziyaya yayıldı. Bakı qəzetləri ona məqalələr həsr etdi. "Nicat" cəmiyyəti onu Bakıya çağırdı.

Göyərçin xanımın repertuarı geniş və əhatəli idi.O,Henrix Heynenin "Əlmənsur", Loxmanovun "Napaleonun vəfatı", Namiq Kamalın "Qara bəla" əsərləri ilə yanaşı, Azərbaycan dramaturqlarının tamaşalarında da oynamışdır. Azərbaycanlı qızı Nəriman Nərimanovun "Nadir şah" pyesində Gülcahan, Əbdürrəhim bəy Haqverdiyevin "Pəri Cadu" tamaşasında Hafizə, "Bəxtsiz cavan" faciəsində Mehri xanım, Zülfüqar Hacıbəyovun "Evliykən subay" əsərində Pərizad rollarını sənətkarlıqla yaratmışdır. Üzeyir Hacıbəyovun "O olmasın,bu olsun" tamaşasında Gülnaz, "Leyli və Məcnun"da Leyli rollarının ifaçısı olan Gövhər Qazıyeva bu obrazları səhnədə özünəməxsus tərzdə canlandıra bilmişdir.

1911-ci il mayın 26-da və 30-da Tiflisdə Gövhər Qazıyevanın benefisi keçirildi. Bu gecədə ilk dəfə Zülfüqar Hacıbəyovun " On bir yaşlı arvad" pyesi göstərildi. Lakin azərbaycanlı qadının səhnəyə çıxmasından, cahil adamları narahat edirdi. Odur ki, cahillər və din xadimləri müsəlman qadının səhnəyə çıxması əleyhinə müxtəlif fitnələr törədirdilər.

Gövhər Qazıyeva Azərbaycan teatr səhnəsinin bir çox görkəmli aktyorları- Hüseyn Ərəblinski, Mirzəağa Əliyev, Hüsynqulu Sarabski, Mir Seyfəddin Kirmanşahlı və başqaları ilə birgə çıxış etmişdir.Onun Mirzəağa Əliyevlə əməkdaşlığı ilk dəfə Tiflisdə "Əlli yaşında cavan" tamaşasında olmuşdur. İrəvanda onlar daha böyük müvəffəqiyyət əldə etmişdilər. Mirzəağa Əliyevlə Gövhər Qazıyevanın sənət dostluğu sonralar məhəbbətə çevrildi.1912-ci ilin mayında onlar evlənib Bakıya köçdülər.Çar höküməti orqanlarının fitnəkarlığı nəticəsində Mirzəağa Əliyev həmin il Həştərxana sürgün olundu.Gövhər Qazıyeva isə 1913-cü ildə Polşaya getdi və Varşavada "Müqəddəs Sofiya" tibb məktəbinə daxil oldu.1915-ci ildə mamalıq üzrə bu təhsil müəssisəsini bitirib Bakıya qayıtdı.1915-ci ildə "Bəsirət" qəzeti akuşerka Gövhər xanım Əliyevanın peşə fəaliyyətinə başlaması haqqında elan da vermişdi.

Mirzəağa Əliyevlə Gövhər Qazıyevanın tale yolları ayrıldığı üçün onlar boşanmışdılar. Qəribədir ki, evlənəndən sonra Mirzəağa Əliyev həyat yoldaşının səhnədə çıxış etməsinə icazə verməmişdir. Reallıq budur ki, Gövhər Qazıyeva ərə gedəndən (bu, onun ikinci nigahı idi və birinci ərindən onun İsmayıl adlı oğlu var idi) sonra səhnəyə çıxmamışdır.

1937- ci ildə Gövhər Qazıyeva artıq daima yaşadığı İrandan bir neçə günlüyə Bakıya gəlir. Keçmiş səhnə yoldaşları teatrda onun şərəfinə qəbul düzəldirlər. Keçmiş aktrisa Cəfər Cabbarlının "Almaz" pyesinin tamaşasına baxır. Tamaşa və qəbul günü qeyri-adi hadisə baş verir. Gövhər Qazıyeva on beş ildən bəri itirdiyi oğlu İsmayılı tapır. Qəfil sevincdən özünü itirən Göyərçin xanım hamıya hədiyyə paylamışdır.

Gövhər Qazıyeva İrana görkəmli aktyor və rejissor Mir Seyfəddin Kirmanşahlının təhriki ilə getmişdir.

1960-cı ildə Cənubi Azərbaycanda vəfat etmiş Gövhərin- Göyərçin xanımın Azərbaycan teatrının salnaməsinə ilk qaranquş kimi düşməsi təbiidir.