Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D museum exposition Virtual tour Encyclopedic Dictionary of Theatre Siteography Epistolary heritage  

Teatr təhsili   Mühazirə mətnləri




Rabindranat Taqorun musiqili teatrı

XIX yüz il hind mədəniyyətinin ən böyük şəxsiyyəti Rabindranat Taqordur. Üzeyir bəy Hacıbəyli XX əsr Azərbaycan milli mədəniyyəti üçün kimdirsə, Rabindranat Taqor da hind mədəniyyəti üçün odur. Məhz Taqorun fəaliyyəti nəticəsində Avropa mədəniyyətilə hind mədəniyyəti arasında körpü salınır. Taqor hindistanın ən universal zəkası olub. O, həm bəstəkar, həm rəssam, həm yazıçı, hım dramaturq, həm də rejissor və aktyor idi. Qalın romanların, çoxsaylı şeirlərin və hekayələrin, pyeslərin, rəsm əsərlərinin müəllifi Rabindranat Taqor hind musiqili teatrının yaradıcısıdır. Milli musiqi ənənələrində tərbiyə almış Taqorun 1878-1880-cı illərdə Avropaya səfəri onun musiqi qavrayışının hüdudlarını xeyli genişləndirir. Taqor xüsusilə irland xalqının folklor oxumalarına heyran qalır. Vətənə döndükdən sonra tez bir zamanda 1881-ci ilin fevralında dahi Rabindranat "Valmiki Dahisi" ("Valmiki-protibha") adlı musiqili dramını səhnələşdirir və seyirçilərin ixtiyarına verir. Bu tarix başqa bir faktla da xarakterikdir, hind səhnəsində ilk qadın məhz 1881-ci il fevralın 26-da görünmüşdür. Həmin gün Taqorun 12 yaşlı qardaşı qızı onun tamaşasında tanrıça Sarasvati rolunda çıxış etmişdir.

"Valmiki dahisi" dramının sujeti ənənəvidir: Bilik və Sənət himayədarı tanrıça Sarasvati öz ilahi qüvvəsilə Valmikiyə şairlik dühası bəxş eləyir. Heç şübhəsiz ki, sujet xəttinə Taqorun şəxsi həyatının hadisələri də təsir göstərmişdir. Belə ki, Rabindranatın atası öz oğlunu vəkil sifətində görmək istəyirdi. Taqor doğma atasının arzusu əleyhinə gedərək bütün ömrünü ədəbiyyata və sənətə həsr etmişdir. Təbii ki, burada "Valmiki dahisi"lə analogiya qaçılmazdır.

Buna baxmayaraq "Valmiki dahisi"nin qəhrəmanı heç də tanrının fərqləndirdiyi adam deyildi, o, adi ötəri insan idi. Bu əsərin sujeti əfsanə ilə reallığın sərhəddində qurulub. Valmikinin meşədə azmış qıza yazığı gəlir. Ancaq onun dostları bu balaca qızcığazı tanrıça Kaliyə qurban gətirmək fikrindədirlər. Valmiki ikinci dəfə də qızın həyatını xilas edir. Bu zaman pyesə başqa bir motiv də daxil olur, qarşısı alınmış şər yenicə törədilmiş günahla əvəzlənir. Ovçular ailə cütü yaratmış iki ağ quşu izləyirlər. Axır ki, onlardan biri oxunu atıb quşu öldürür. Amma qətl bununla bitmir, möcüzəli ox geriyə qayıdıb ovçunun özünü məhv edir. Hər bir qətl bu həyatda cəzalanmalıdır. Böyük qüssə və şərə nifrət hissi Valmikini əsl şairə çevirir.

Əsər hind ənənəvi teatr formalarına uyğun şəkildə vokal partiyaları üzərində qurulmuşdur. Lakin Taqor burada yalnız bəstəkarlıqla kifayətlənməmişdir. O, pyesin musiqi kompozisiyasinı hazırlayarkən bir aranjemançı kimi də çıxış etmişdir. Belə ki, Rabindranat Taqor Avropa xalqlarının melodiyalarından da bəhrələnmiş, onları milli musiqi mədəniyyəti kontekstində yenidən işləyib səsləndirmişdir. Əlbəttə ki, Taqorun milli mədəniyyət şəbəkəsində inqlabi fəaliyyətinin məğzini təkcə Avropa mahnılarının aranjemanı təşkil etmir. Taqor səhnədə musiqi obrazının yaradılması prinsipini dəyişir. O, xanəndə-vokalçı üçün hind ənənəvi musiqisinin nəzərdə tutduğu improvizə spektrini azaldıb minimuma endirir. Taqorun musiqili teatrında əsas məsələ müəllif fikrinin tamaşaçıya dəqiq çatdırılmasıdır.

Musiqili dram yaradıcılığını davam etdirən R.Taqor 1882-ci ildə özünün növbəti "Faciəli ov" ("Kalmriqayya") pyesini sona yetirir. 1888-ci ildə üçüncü pyes "Təsəvvür oyunu" ("Mayyar khela") meydana gəlir. Taqor bu musiqili dramını Kəlküttənin "Şakti samiti" adlanan qadın klubunda səhnələşdirir.

Hİnd mədəniyyətində Rabindranat Taqorun maarifçilik fəaliyyətinin misli-bərabəri yoxdur. O, 1901-ci ildə Şantiniketon şəhərində bir eksperimental məktəb açır. Düz 20 ildən sonra bu məktəb Vişvabharati universitetinə çevrilir. Bura Hindistanın milli mədəniyyətlərinin öyrənilməsi və yayılması universitetidir. Universiteti eyni zamanda "aşram" da adlandırırlar. Aşram "müqəddəs ocaq" deməkdir, hind mədəniyyətinin müqəddəs ocağı. Hind rəqqaslıq sənətinin inkişafında da Taqorun xidmətləri böyükdür. Rəqs onun dramlarında müşayiətçi statusu qazanır. Odur ki, Rabindranat Taqor daha çox Manipuri tipli yüngül rəqslərə, rəqslərin sintezinə üstünlük verərdi. Bir xoreoqraf kimi də Taqorun gördüyü işlər böyük tarixi və elmi-praktiki əhəmiyyət kəsb edir. XX əsrdə Hindistanın avropatipli teatrı məhz Rabindranat Taqorun musiqili teatrından impuls alıb intişar edir və ya, Avropa teatrı Hindistana Rabindranat Taqorun musiqili teatrı formasında gəlib təşəkkül tapır və bu teatr özündə hər iki mədəniyyətin leksik vahidlərini bir cədvəldə birləşdirməyə səy göstərir.