Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D museum exposition Virtual tour Encyclopedic Dictionary of Theatre Siteography Epistolary heritage  

Teatr təhsili   Mühazirə mətnləri




Kalidasa

Bhasa kimi Kalidasa barəsində də faktiki tarixi məlumat tapmaq çətindir. Lakin Kalidasanın həyat və yaradıcılığı ilə bağlı bir sıra əfsanələr mövcuddur ki, onun şəxsiyyətini müxtəlif yönlərdə tanıdır. Kalidasanın həyatı ilə ilişkili əfsanələrin yaranmasının əsl səbəbkarı dramaturqun adı olub: KALİDASA. "Kali" yeraltı dünyanın qadın hökmdarı, qaraüzlü, qəzəbli tanrının adıdır, "dasa" isə qul deməkdir. Rəvayətlərin birində söylənilir ki, çobanlar kastasına mənsub kasıb bir ailədə kifir bir oğlan uşağı böyüyürdü. Başqa bir əfsanəyə görəsə, bu hadisə brahmanlar kastasında baş vermişdir. Uşaq pəltək, qaradərili, sərsəm bir oğlan idi. Onu xəstə bilib tədris üçün perspektivsiz sayan kahinlər cocuğu məktəbdən qovurlar. Çünki uşaq heç nəyə qadir deyildi və adi məsələləri belə yadda saxlamırdı. Odur ki, bütün dünyadan bezikmiş incik uşaq tanrıça Kalinin məbədinə təşrif buyurur. Oğlan gecəni məbədgahda keçirir və Kaliyə yalvarır ki, ya onun canını alsın, ya da ona ağıl, idrak, yaddaş versin. Kalinin balaca cocuğa yazığı gəlib onu öz himayəsinə götürəcəyini vəd edir. Bu şərtlə ki, o, Kaliyə sədaqətli qalıb daima ibadətdə bulunmalıdır. Kali həqiqətən möcüzə yaradır, həmin bu gecədən sonra oğlan mərifətli və sədaqətli bir bəndəyə dönür, gözəl görkəm alır. Uşağın valideynləri və kahinlər bu möcüzəni görüb ona KALİDASA adı qoymuşdular. Bu əfsanənin başqa variantları da var. Amma bu rəvayətlərin hamısı birlikdə olduqca vacib bir mətləbi aydınlaşdırır, Kalidasa adlı və ya təxəllüslü bir dramaturq şivaizmin şaktist sektalarından birinin üzvi olub, Şakti-Kaliyə tapınmışdır. Lakin bütün bu məlumatlar içində yalnız bircəciyi daha ağlabatan və həqiqətə uyardır. Bu fərziyyəyə əsasən Kalidasa hind hökmdarı Çandraqupta II Vikramadityanın (IV-V y.) hakimiyyəti dövründə yaşamışdır. Kalidasaya aid edilən 30 pyesdən ancaq 6-sında onun həqiqi müəllifliyi təsdiq olunur: bunlar "Malyavika və Aqnimitra", "Kişiliklə fəth edilmiş Urvaşi", "Şakuntala və üzük-əlamət", "Bulud-qasid", "Raqhu nəsli" "Hərb tanrısının doğumu". Ara-sıra "İlin fəsli" pyesini də bu siyahıya əlavə edirlər. Dünya mədəniyyəti tarixində Kalidasaya hind şeirinin Himalayı deyirdilər. Onun ən məşhur əsəri "Şakuntala"dır ki, müxtəlif ölkələrin səhnələrində dəfələrlə tamaşaya qoyulub. 1789-cu ildə Uilyam Cons tərəfindən ingiliscəyə tərcümə edilib və bununla da hind dramaturgiyası Avropa teatrını fəth etməyə başlayıb. 1914-cü ildə isə Moskva Kamera Teatrının bədii rəhbəri A.Y.Tahirov bu əsəri modern bir üslubda səhnələşdirir və teatr mühitində böyük uğur qazanır.

Hind ədəbiyyatı tarixində belə bir fikir dolaşır ki, sənətlərin ən gözəli dram, dramların ən gözəlisə "Şakuntala" pyesidir. Onun sujeti "Mahabharata"dan götürülüb. 7 pərdədən ibarətdir. Burada bir sevgi macərası nəql edilər. Birinci pərdədə Hasinapur hökmdarı Duşyanta ov ovlar, quş quşlar, ormanla at sürüb gedər və gəlib iki rahibə rast olar. Onlarla söhbətləşən Duşyanta ceyranı ovlamaqdan vaz geçər, məbədgahda zahidləri ziyarət etmək istər. Yolda bir yasəmən bağçasında ağaclara su verən üç gənc qızla qarşılaşar. Onlardan birinə, - nərgiz toxumlarından da narın olan Şakuntalaya, - vurular. Sonra öyrənər ki, Şakuntala münzəvi Kanvanın götürülmə qızıdır. Və bu əsnada ona hökmdar Kosikanın tarixçəsi danışılar. Kosika çox ünlü bir insanmış və istəyirmiş ki, ibadətlər yolu ilə, nəfsini güdmək yolu ilə öz batinini işıqlatsın, nurlandırsın, ideala çevrilsin. Bu zaman tanrılar görürlər ki, Kosika bu həvəslə, bu cəhdlə özünü təkmilləşdirsə, tez bir vaxtda onları keçəcək. Odur ki, tanrılar yubanmadan apsarların ən gözəli Menakanı Kosikanın yanına göndərirlər və dünyaya Şakuntala gəlir. Bununla da Duşyanta qızlarla xudafisləşir və öz düşərgəsinə qayıdır.

İkinci pərdə Duşyanta ilə onun təlxəyi Madhavyanın dialoqudur. Hökmdar öz iqamətgahına dönməlidir. Ancaq Şakuntaladan necə ayrılsın? Bu zaman eşq tanrısı onun köməyinə çatır. Kanva getdiyindən orman cin və şeytanlarla dolub. Ona görə də Duşyanta rahiblərin icazəsilə məbədgahda özünə yer bulur.

Üçüncü pərdədə isə artıq cinlər məğlub olub, geriyə çəkilirlər. Ancaq Şakuntala qəmgindir, çünki o da Duşyantaya aşiqdir. Əgər belədirsə, onların görüşməsinə heç bir maneə yoxdur. Budur, Şakuntala hamilədir. Hökmdar sevgilisinə bir üzük-möhür bağışlayıb ormanı tərk etmiş, Şakuntalanın arxasınca öz xidmətçilərini göndərəcəyini bildirmişdir. Amma Duşyanta Kosikanın qızını unutmuşdur. Buna bais Durvasa adlı bir münzəvidir. Ona qarşı nəzakətsizlik göstərdiyi üçün Durvasa Şakuntalanı qarğımışdır. Duşyanta üzük-möhürü görməyincə heç nəyi xatırlamayacaq. Odur ki, Duşyanta Hasinapurda ixtişaşlara son qoymaq üçün Şakuntalanı xatırlamadan bu möcüzəli diyarı tələsik tərk edər.

Uzun müddət sevgilisinin geri dönəcəyini gözləyən Şakuntala, nəhayət ki, beş yaşlı oğlunu özü ilə götürüb yola düzələr, gəlib Duşyantanın sarayına çıxar. Lakin o, çay qırağında uşağın üzünü yuyarkən barmağındakı üzüyü suya salıb itirər. Duşyanta arvadı Hansapadikanın gözəl səsini dinləsə də, onun kefi nədənsə açılmır. O, dalğındır, Şakuntalanı tanımır, oğlunu qəbul etmək istəmir. Buna baxmayaraq Şakuntalanı saray mətbəxinə işə götürərlər. Bir müddət aşpazxanada çalışan Şakuntala bir dəfə balıq təmizlərkən balığın qarnından öz üzüyünü tapar. Bununla da qəmli bir sevgi hekayəti şən bir ovqatla tamamlanar: Duşyantanın yaddaşı özünə qayıdar; o, Şakuntalanı və oğlunu bağrına basıb qucaqlayar. Üzük müqəddəs bir ailənin yaranmasına səbəb olar. Göründüyü kimi, Kalidasa pyesi dramın ihamriqa növündə yazmışdır.