Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D museum exposition Virtual tour Encyclopedic Dictionary of Theatre Siteography Epistolary heritage  

Teatr təhsili   Mühazirə mətnləri




Tamaşanın yaranması və onun komponentləri haqqında.

Tamaşa incəsənət əsəridir və digər bədii əsərlər kimi bütöv və bitkin təsir bagışlamalıdır. Səhnə sənətində belə bütövlüyü əldə etmək o qədər də asan iş deyildir. Çünki tamaşa müxtəlif sənət növlərinin və müxtəlif sənətkarların iştirakı ilə hazırlanır. Bu mənada rejissorun üzərinə böyük məsuliyyət düşür. Rejissorun fikri dramaturqun və pyesin ali məqsədinə uygunsuz, yaxud da zidd ola bilməz.Çünki rejissor fikri müəllifin ali məqsədinə əsaslanır və onu tamaşaçının qəlbini həyacanlandıran əsas ali məqsədə çevirmək məqsədinə xidmət edir. Ali məqsəd pyesin canününı-cövhəri, müəllifin son məqsədidir.

Tamaşada bu məqsədə dogru hərəkət edən iştirakçılar bir-birini əvəz edən səhnə hadisələrində rejissorun tapşırıgına əməl edərək bu məqsədə dogru irəliləyirlər. Stanislavskinin fikrincə pyesdə və tamaşada hər nə varsa, rejissor və aktyorlar hər nə iş görürlərsə-hamısı bu məqsədə, yəni ali məqsədə tabe tutulmalıdır. "Pyesdə baş verən hadisələrin hamısı, oradakı böyük və kiçik məqsədlər, artistin rola müvafiq bütün fikirləri və hərəkətləri, bunların hamısı pyesin ali məqsədini yerinə yetirməyə yönəlir. Ali məqsədlə ümumi baglılıq, tamaşadakı işlərin hamısının ondan asılılıgı o qədər böyükdür ki, hətta ən kiçicik bir təfərrüat belə, ali məqsədlə əlaqəsi olmayanda bizə artıq görünür, zərərli olur, əsərin əsas mahiyyətindən diqqəti yayındırır. Ali məqsədə dogru meyl bütöv, fasiləsiz olmalı, bütün pyesin və rolun içərisindən keçməlidir... Belə fasiləsiz meyl şah damarı kimi artistin və onun oynadıgı şəxsin orqanizmini qidalandırır, həm onlara, həm də bütün pyesə həyat verir".(K.S.Stanislavski. Əsərləri, M., 1954,II cild, səh. 332-333.)

Tamaşa komponentlərdən ibarətdir. Birinci dərəcəli komponentlərə aiddir: bədii material, rejissor, aktyor və tamaşaçı. Bunlar əsas komponentlərdir ki, bunlarsız tamaşa alınmaz. İkinci dərəcəli komponentlərə daxildir: geyim, qrim, dekorasiya, musiqi tərtibatı, işıq tərtibatı və sairə. Teatrda tamaşanın yüksək səviyyədə alınmasında rejissor fikrinin xüsusi önəmi vardır. Rejissor fikri yarandıgı andan ta hədəfə çatdığı, yəni tamaşanın hazır olaraq tamaşaçıların şüuruna təsir etdiyi vaxta qədər uzun və çətin bir yol keçir.

Bu yol səmərəli keçməyəndə, fikir bədii obrazlarda konkret təcəssüm tapmayanda ali məqsəd havadan asılı qalır. Nə müəllifin, nə də rejissorun fikri emosional qüvvə kəsb etmir. Rejissor fikri bədii obraza çevrilə bilmir ki, tamaşaçının emosional yaddaşına, şüuruna təsir göstərə bilsin. Rejissor fikri özünə müvafiq bir şəkildə təcəssüm taparsa təbii ki, obrazlı, ahəngdar və bitkin bir tamaşa yaranır. Tamaşa incəsənət əsəridir. Digər bədii əsərlər kimi o, da ideya-bədiilik vəhdəti daxilində yaranmalı, bütöv və bitkin bir təsir bağışlamalıdır. Bu prosesdə tamaşanın kompozisiyasının rabitəli və mütənasib şəkildə düzülməsi əsas şərtlərdən biridir. Kompozisiya çox müxtəlif və çoxsaylı yaradıcılıq üsullarının, ifadə vasitələrinin cəmindən yaranır.

Buraya tamaşanın əsas tərkib hissələri- süjeti, ana xətti, hadisələr silsiləsi, xarakterlər və onların münasibətləri, ayrı-ayrı ideya aksentləri daxildir. Kompozisiya yaratmaq üçün səhnə mizanlarından, temp və ritmindən, danışıq və pauzalardan, dinamika və statikadan istifadə edilir. Rejissorun istedadının ən vacib cəhətlərindən biri də onun maraqlı kompozisiya qurmaq bacarıgıdır. Bu zaman o, tamaşanı küll halında bitkin bir səhnə əsəri kimi təşkil edib, qurur və tamaşaçının emosional dünyasına təsir edə bilir.