Raslila tamaşaları
Hindistanda xalq teatr formaları çeşid-çeşiddir. Hindlilər arasında ramlila, raslila, catralar, tamaşalar, nakalalar çox geniş yayılmışdır. Bu baxım bucağından yanaşanda mütləq deyilməlidir ki, meydan tamaşaları cərgəsində raslilaların yeri xüsusidir. Bunun başlıca səbəbkarı hindlilərin sevimli tanrısı Krişna şərəfinə keçirilən bayramlardır. Cavan Krişnanın igidliklərilə bağlı hörgülənmiş sujetlər "Raslila" adı altında Hindistanda məhşur olan teatr tamaşalarından ötrü də əsas müəyyənedici faktordur. Onun vətəni Qanq çayının qollarından ən irisi Camna çayı üzərində məskunlaşmış Mathur şəhəridir. Anası Devakidir, dayısı Kamsa. Mathur Hindistanın müqəddəs şəhərlərindən biridir, zəvvarlıq diyarıdır. Tanrı Krişnanın cavanlığı barədə dolaşan əksər əfsanələr bu şəhərlə bağlıdır. Rəvayətə görə dayısı əcinə Kamsadan gizlədilən Krişna Mathur şəhərinin kənarında Vrindavana kəndinə gətirilir və onun bütün uşaqlığı burada keçir. Guya bir kahin əcinə Kamsaya deyib ki, onu öz doğma bacısı oğlu öldürəcək. Əcinə Kamsanın Krişna ilə düşmənçiliyi də elə bundan sonra başlayır.
Hind kəndliləri hələ indinin özünə qədər tanrı Krişnanın uşaqlıq sərgüzəştlərindən danışan nağıllara valehliklə qulaq asırlar. M.ö. III əsrdə yaşamış yunan mütəfəkkiri Meqasfenin qeydlərinə görə hələ o zaman Krişna hindlilərin sevimli tanrılarından biri imiş. Bu qədim yunan tarixçisi Krişnanı Zevsin igid oğlu Herakla bənzədir. Bəzi dinşünaslar isə tanrı Krişnanı İsa peyğəmbərin ilk örnəyi sayır. Onlar söyləyirlər ki, Tövrat və İncil bu Dravit tanrısını sadəcə olaraq gəncləşdirmişdir. "Dravit tanrısı" güney Hindistanın ari olmayan yerli tanrısı deməkdir.
Raslila tamaşaları adətən Krişnaya həsr olunmuş bayramlar zamanı oynanılırdı. Bu tamaşalar açıq meydanda göstərilirdi. Əksərən seyirçilər raslila zamanı ya ayaq üstə dayanır, ya da dövrə vurub ifaçılar ətrafında əyləşirlər. Raslila tamaşaları oynanılan meydanda həmişə xüsusi struktura malik səhnə qurulur. Düzünə qalsa, bu, səhnə deyil, taxt-tac formalı bir komadır. Bu koma-taxtın uzunluğu təqribən 3, enisə metrə yarımdır. Koma yaşıl yarpaqlarla örtülür, arxadan isə çit pərdə asılır. Ortadan hündürlüyü metrə yarım olan bir taxt düzəldilir, balış və parçalarla bəzədilir. Bir qədər aşağıdan isə üstünə parça çəkilmiş pilləkən qurulur. Bu pilləkən taxta əyləşəcək aktyorlara kömək etmək məqsədini güdür. Digər tərəfdən bu pilləkəndən az nüfuza malik olan personajlar da oturacaq kimi istifadə edirlər. Komanın qarşısına xalça (və ya palaz) sərilir və hadisələr bu xalça üzərində oynanılır. Dramın baş qəhrəmanı tanrı Krişna və onun qardaşı Balarama həmişə meydanda olurlar.
Bir tərəfdən bu qəhrəmanlar dramın əsas personajlarıdır, digər tərəfdən isə bu raslila bir tamaşa kimi məhz onların şərəfinə oynanılır. Krişna və Balaramanın daima tamaşa meydançasında gəzişmələri həm də onu bildirir ki, bu tamaşalar, hər şeydən əlavə, bir ayin qismində təsəvvür olunur. Koma-taxtın tamaşada öz funksiyası var. O, qorxulu ilan-əjdaha Kalinda üzərində qələbə çalıb Camna çayının dalğaları arasında peyda olduğu zaman taxt üstünə çıxır. Qasidi dinləmək üçün də Krişna taxtdan yararlanır. Palazın sağ tərəfində sazəndələr əyləşir. Orkestr adətən yeddi nəfərdən ibarət olur. Bu orkestrin tərkibinə mridanq tipli təbillər, saz və kamançaya oxşar simli alətlər, metal nimçələr və balaca fisqarmoniya daxildir. Sonuncu alətin cəmi iki oktavası var, sol əllə tuluqdan alətə hava vurulur, sağ əlləsə melodiya çalınır. Sazəndələr həmişə elə otururlar ki, üzləri aktyorlara tərəf olsunlar, əks təqdirdə müşayiət aktyorların oyunu ilə uyuşmur.
Krişna, Balarama və onların dostlarını yeniyetmələr ifa edir. Digər rollar böyüklərə tapşırılır. Raslila tamaşalarında, Kathakalidə olduğu kimi, cəmi rollar kişilər tərəfindən oynanılır. Burada iştirak edən personajların geyimləri çox sadədir. Təbii ki, baş qəhrəmanların geyimləri daha zəngin və daha əlvandır. Raslila dramlarının bütün personajları meydana papaqda yox, çalmada çıxırlar. Krişna və Balaramanın papaqları isə bir növ dərviş kalansuvasını xatırladır. Kalansuvanın arxa hissəsinə müqəddəslərin haləsini nişan verən "taxta çevrə" bərkidilir. Krişna qırçınlı, uzun qara paltarda, Balarama isə ağ geyimdə olur, formaca paltarlar eynidir. Onların dostları, - çoban oğlan və qızlar, - adətən al-əlvan kostyumlar geyinirlər. Kamsa həmişə çalma qoyur, muncuqlarla bəzədilmiş zəngin qaftanda çıxış edir. Vasudevanın da paltarı Kamsanın geyiminə oxşayır. Vasudeva Krişnanın ögey atasıdır.
Bu dramlarda xüsusi yeri olan personajlardan biri də Naradadır. O, tanrı qasididir, falçıdır. Raslila tamaşalarında bəzi personajlar saqqal və parikdən faydalanırlar. Alicənab personajların, - Krişna, Balarama, Vasudeva və Devakinin, - boyunlarında həmişə gül çələngi olur. Çoban oğlan və qızların şən xoruna Hindistanda RASLİLA deyilir. Bu xor əcinə Kamsanın Vrindavanaya şər törətməyə göndərdiyi rakşas Putananın Krişna tərəfindən öldürülməsilə bağlıdır. Kathakali teatrında olduğu kimi Raslila tamaşalarında da şərtilik dərəcəsi çox yüksəkdir. 10 yaşlı oğlan uşağının asanlıqla böyük kişilərin ifa etdiyi obrazlar üzərində fiziki qələbə qazanması avropalı seyirçidə ironik münasibət əmələ gətirə bilər. Lakin hindli bu şərtiliyi əfsanənin gerçəkliyinə inanaraq tam sakit qəbul edir. Sujetin və hadisələrin görükdürülməsinin vizual şərtiliyinə baxmayaraq aktyorların oyun tərzi Raslila tamaşalarında son dərəcə realistikdir. Raslila, həqiqətən, təmiz dramdır, meydan tamaşasıdır. Klassik hind dramları və catralar kimi Raslila da nəsr və şeirdən qurulmuş dialoqlardan ibarətdir. Şeirlər tamaşa zamanı oxunur, dialoqların danışıq parçaları isə aktyorlar tərəfindən improvizə edilir.
Benqal catraları Raslilanın daha sadə, musiqi dili baxımından daha cəlbedici variantıdır. Hind xalq teatrında satirik ruhlu oyunlara da yer var. TAMAŞA (raslila tipində olan bir göstəri kimi) isə haradasa meydanın məzəli mahnı teatrıdır. Beləliklə, Kathakali teatrı, ramlila, krişnalila (raslila), bhaqavata-mela, burrakatha, bhand-cəşn, nautanka dramları, vidhi-attam Hindistanda mövcud özəl teatr formalarıdır ki, ənənəvi teatr mədəniyyətinin bu məmləkətdə sonsuz dərəcədə zəngin olduğunu sübuta yetirir.
|