Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D museum exposition Virtual tour Encyclopedic Dictionary of Theatre Siteography Epistolary heritage  

Teatr təhsili   Mühazirə mətnləri




Kathakali teatrı

Bharata Natyam, Manipuri, Odissi, Kathak rəqsləri hind klassik rəqqaslıq sənətinin zirvəsidir. Bu rəqslər bir çox xüsusiyyətlərinə görə bir-birlərinə bənzəsələr də, onlar arasında müəyyən fərqli cəhətlər də mövcuddur. Manipuri, Odissi, Kathak vahid hind rəqqaslıq mədəniyyətinin ənənələrinə söykənsələr belə, onlar heç vaxt mənsub olduqları məmləkətlərin etnoqrafik əlamət və məziyyətlərini itirmirlər. Kathakali onlardan fərqlidir, bu təmiz rəqs yox, rəqs üzərində qurulmuş tamaşadır. Bundan əlavə Kathakalinin seçilən nişanələrindən biri də budur ki, teatrın tamaşaları folklor örnəklərinə, şifahi xalq yaradıcılığı ənənələrinə diskurs baxımından geniş yer verib, qədim əfsanə və rəvayətlərə əsaslanır. Çakiyar Kothu, Kudiyattam, Krişnattam, Ramanattam kimi teatrallaşdırılmış sənət növləri Kathakali teatrının soykökündə iştirak ediblər. Bu, Kathakali teatrını birbaşa nağılçı sənətilə əlaqələndirir. Kathakali teatrının şəcərəsində Kerala ştatında tətbiq edilən Şərq əlbəyaxa döyüşlərinə də müəyyən bir hücrə mənsubdur. Çakiar Kothunu xüsusi bir kasta çakiarlar Malabara məbədlərində müqəddəs puranalar (qutsal mifoloji hekayətlər) və epik poemalar əsasında ifa edirdilər. Kerala ştatında yaranmış Kudiyattam daha dramatik bir forma idi. Onun tamaşaları da Krişnattam kimi gecələr oynanılırdı. Kathakali məhz onların ifadə formalarından faydalanaraq meydana gəlmişdir. Onun tamaşaları da təsadüfi deyil ki, gecələr nümayiş etdirilir.

Qədim hind rəvayət və əfsanələrinin, hindlilərin eposları "Mahabharata" və "Ramayana"nın taleləri çox qəribədir və öz-özlüyündə unikaldır, qutsal mətnlərə taydır. Mif, əfsanə, rəvayət, toplusu olan "Mahabharata" "Ramayana" süjetləri hindlilərin dilinin əzbəridir. Məhz bu səbəbdən nağılçılıq sənəti Hindistanda həmişə güclü, çoxşaxəli və müxtəlif təzahürlü olmuşdur. Kəndbəkənd dolaşan nağılçılar, səyyahlar, rahib və zahidlər öz repertuarlarını əsasən bu qəhrəmanlıq eposları zəminində qururdular. Hindistanda onlara "kathak" deyirlər. Sanskrit dilindən "kathak" sözü hərfən nağılçı kimi tərcümə edilir. Kathakali teatrı da bu ənənədən bəhrələnir. "Katha" nağıl, "kali"sə musiqili təfsir, şərh deməkdir. Kathakali teatrı uzun sürən mürəkkəb inkişaf prosesi keçmişdir. Bu teatr öz çağdaş formasını hələ XVII əsrdə qazanmışdı. Düzdür, XX əsrin əvvəllərində Kathakali teatrı öz acınacaqlı günlərini yaşayırdı, hətta iş o yerə gəlib çatmışdı ki, bu ənənəvi teatr formasının itirilməsi təhlükəsi yaranmışdı. 1930-cu ildə Hindistanın dahi şairi Vallathol Narayan Menon bu teatrı, sözün həqiqi mənasında, xilas edir. Həmin il bu alicənab şəxs Şoranurda Kathakali sənətinin ənənələrini cavanlara öyrətmək üçün "Kerala Kala Mandalam" adlanan bir Mərkəz açdırır. Ora Ravuni MenonKuncu Kurup kimi sənətçilər uşaqlara təlim keçməyə dəvət olunurlar və beləliklə də Kathakali teatrının gözəl ənənələri qorunub saxlanılır.

Bütövlükdə, isə XVII yüzillik bu teatrın tarixində ən əlamətdar dövrdür. Məhz bu əsrdən başlayaraq teatrın tamaşaları müəlliflər (Thampurana /1665-1743/, Kartikeyya Tirunal /1724-1748/, İrayiman Thampi /1783-1863/, Svathi Tirunal /1813-1847) tərəfindən yazılmış pyeslər əsasında hazırlanmışdır. Bu məqamda qeyd edilməlidir ki, sanskritoloq alimlər "kathakali" sözünü Avropa dillərinə məhz pyes-nağıl kimi çevirirlər. Təbii ki, bu pyeslər veda ədəbiyyatı, sakral mətnlər, dini folklor müstəvisində yazılırdı. Hətta həmin əsərlərdə belə "Natyaşastra" risaləsindən üzü bəri bəlli olan dram qayda-qanunlarına riayət edilirdi. Bütün veda ədəbiyyatında, eposlarda olduğu kimi burada da pyeslər nəzmlə yazılırdı.

Kathatakali teatrında ədəbi material səhnə fəaliyyətinin inkişaf istiqamətini müəyyənləşdirən əsas amildir. Bu material yaradılarkən birinci növbədə xanəndənin ifası nəzərdə tutulur. Təsadüfi deyil ki, Kathakali teatrında ədəbi material həmişə çoxsaylı poetik nəğmələrdən ibarətdir. Elə buna görədir ki, Kathakalinin dialoqundan ibarət parçaları PADA (nəğmə) adlandırılır. Bu padaların ünvanı, əlbəttə ki, xanəndədir. Ancaq gərək unudulmasın ki, pada həm də aktyor tərəfindən ifa ediləcək rəqsin ədəbi güzgüsüdür.

Kathakali tamaşalarının vacib elementlərindən biri orkestrdir. Bu tamaşalarda orkestr azsaylı olsa da dramatik gərginliyə malik qəhrəmanlıq ovqatının bildiricisidir. Kathakali teatrında həmişə iki xanəndə və iki təbilçi olur. Xanəndələr ritmi saxlamaq üçün digər alətlərdə də çala bilərlər. Burada iki zərb alətindən istifadə olunur. Maddalam mridanqa oxşar, lakin ondan böyük bir nağaradır. Təbilçi tamaşadan öncə barmaqlarını düyü xəmirinə batırır. Az bir zamanda həmin bu xəmir gips kimi bərkiyir. Bu, həm səs, həm də fiziki baxımdan təbilçiyə sərfəlidir. İkinci təbil çenda adlanır. Onu çiyindən asıb ayaq üstə çalırlar. Edakka isə balaca təbildir, formaca qum saatına oxşayır. Bu təbili qadın personajları səhnəyə çıxarkən səsləndirirlər. Çünki kişi çendasından fərqli olaraq edakkanın səsi yumşaq və şirindir. Bu təbillərin imkanları bəlkə də hüdudsuzdur. Təbiətdə elə bir səs yoxdur ki, hind təbili onu yamsılaya bilməsin.

Kathakali teatrının aktyorlarının tamaşa boyu bir dəfə də olsun belə dodaqları tərpənmir. Səhnə obrazının yaradılmasında həmişə iki ifaçı iştirak edir: xanəndə və rəqqas. Xanəndənin ifa etdiyi nəğmənin mətni, onun səslənmə xarakteri rəqsin xoreoqrafik rəsmini, onun vizual görkəmini müəyyənləşdirir. "Natyaşastra"nın təsiri altında formalaşmış Kathakali teatrında rəqsin olduqca zəngin ifadələri var. Lakin Kathakalidə "təmiz" rəqs heç də oxunulmuş nəğmənin məkanda çıxarılmış dəqiq surəti deyil. Rəqs, ilk növbədə, emosional dolğunluğa can atır. Kathakali rəqsləri öz gözəlliyi, plastikliyi, cəldliyi, yüngüllüyü və yumşaqlığı etibarı ilə nümunəvidir.

Kathakaili teatrında fiziki treninqə, - karaliyə, - xüsusi diqqət yetirilir. KARALİ aktyorların tərbiyəsi üçün olduqca vacibdir. Çünki bu tamaşalarda akrobatikadan, tullanışlardan, qrup şəklində ifa olunan hərbi rəqslərdən istifadə edilir.

Hindistanda mövcud olan ənənəvi teatr formalarından ən universalı Kathakalidir. Kathakali teatrı, əgər müasir teatrşünaslığın elmi dililə desək, aktyor teatrıdır. Burada aktyorun yaradıcılığı dedikdə bədii ifadə vasitələrinin tam bir kompleksi nəzərdə tutulur. Kathakali teatrında aktyor həm xanəndədir, həm rəqqasdır, həm akrobatdır, həm himcim ustasıdır, həm də dramatik sənətin bilicisidir. Ortabab aktyora Kathakali teatrında yer yoxdur. Öz-özlüyündə "kathakali aktyoru" deyimi artıq sənətçi məharətinin yüksək pilləsinin simvoludur.

Belə sənətçi məharətinə nail olmaq üçün aktyor Kathakali teatr məktəbində 12 illik təlim kursu keçməlidir. Aktyor sənətinə yiyələnməkdən ötrü şagirdlər əsasən 5-7 yaşlarından məktəbə yığılırlar. Mümkündür ki, təlim prosesi bəzən 20 ilə yaxın bir müddəti əhatə etsin.

Malabarada, Hindistanın Kerala ştatında, o yerdə ki, Kathakali bir teatr forması kimi təşəkkül tapmışdı, aktyorlar ən ali kastalardan seçilirdi. Kathakali teatrının aktyorları həmişə brahmankşatri kastalarına mənsub olublar. Brahmanlar tanrı məbədgahlarının rahibləri, kşatrilər isə hərbçi feodallar idilər. Bu günün özündə belə klassik sənət akademiyasında uşaqların aktyor sənətinə yiyələnməsi eynilə Kathakali məktəblərində tətbiq edilən "qurukula" sistemi üzrə aparılır. Qurukula iki sözdən ibarətdir: qurukula. Quru ustad, kula isə şagird deməkdir. Bu çətin və asketik bir təlim sistemidir. Qurukula qaydalarına görə şagird aktyorluq sənətinə tam yiyələnənə qədər ustadın yanında yaşamalıdır. Aktyor Kathakali teatrında məsuliyyət daşıyan əvvəlinci şəxsdir. Çünki tamaşanın bütün ağırlığı onun çiyinlərinə düşür. Kathakali teatrında aktyor heç bir ənənədən kənara çıxa bilməz. Burada aktyor yeniliyi nonsensdir, cəfəngiyatdır. Ona görə ki, hər hansı bir ənənə pozuntusu Kathakali teatrında aktyor səriştəsizliyi, aktyor bacarıqsızlığı deməkdir.

"Qurukula" sisteminin çətinliyi və asketlikliyi ondadır ki, burada təlim-məşq prosesi sübh tezdən başlanıb axşam ala-qaranlığında qurtarır. Hər gün profesional massaj ustaları uşaqların bədənini yaxşıca ovurlar. Əvvəlcə bədənə əzələləri yumşaltmaq üçün xüsusi yağ sürtürlər. Bundan sonra massaj ayaqla aparılır. Rəqqas üzüqoylu döşəməyə uzanır və massaj ustası ayağı ilə onun bədəninin hər bir əzələsini, hər bir bəndini, sinirini ideal vəziyyətə gətirir. Aktyorun əlləri və ayaqları, ələlxüsus da ki ayaq barmaqları, əla massaj edilir. Bu sayaq massajdan sonra aktyorun bədəni sanki muma dönür və o, öz bədənilə istədiyi kimi rəftar edə bilər, hər bir əzanı istədiyi kimi oynatmağı bacarar.

Kathakali teatrının səhnəsində aktyorun əsas pozası oturaq pozadır. Kənardan isə seyirçiyə elə görünə bilər ki, aktyor kətil üstündə əyləşmişdir. Ancaq bu, yalnış təsəvvürdür. Aktyorun altında heç bir kətil-filan yoxdur. Sadəcə bu, oyun üslubundan irəli gələn pozadır, dizlər yanlara geniş açılır, bel bükülür, kürək (sinə) azacıq qabağa verilir. Oturaq poza Kathakali aktyorunun bütün hərəkətlərinin, davranışlarının çıxış nöqtəsidir. Dizlər nadir hallarda birləşir. Bunun üçün rəqqas dik dayanmalıdır. O da yalnız hərəkətsiz dayanıb başqasını dinlərkən mümkündür.

Aktyorlar bədən elastikliyinə nail olduqdan sonra ağız, yanaq, boyun, qaş və çənəni məşq etdirirlər. Bu siyahıda gözlər, təbii ki, birincidir. Belə məşq aktyoru ideal mimika sahibinə çevirir. Rəqqas döşəmədə hatha-yoqanın şanagüllə (lotos) pozasında əyləşib əllərini ya sinəsində çarpazlayır, ya da dizlərinin üstünə qoyur. Sonra ağzını geniş açıb çənəsini sinəyə dayayır, gözlərini bərəldir. Bu vaxt o, göz bəbəklərilə müxtəlif istiqamətlərdə fiqurlar cızır. Gözləri "işləyən" aktyorun başı və bədəni tərpənməz qalmalıdır. Bundan sonra nrittanı, - təmiz rəqsi, - səhnədə sərbəst ifa etmək mümkünləşir. NRİTTA orqanik şəkildə oturaq pozadan doğan bir neçə rəqs fiqurundan və tullanışlardan ibarətdir. Öz-özlüyündə onları yadda saxlamaq çox çətindir. Lakin Kathakali rəqqası onların ən rəngarəng kombinasiyalarını ifa etməyi bacarmalıdır. Təmiz rəqsin tamamlanmış fraqment-parçası isə "KALASAM" adlanır. Kalasamların ifa xüsusiyəti epizodun ovqatından, nəğmənin ritmindən də asılıdır.

Kathakalinin dili "danışan" jestlərin dilidir. Burada DİALOQ haradasa lalların söhbətini xatırladır. Jestlərin "dili" haqqında "Hasta Lakşana Deyepika" kitabında ətraflı məlumat verilir. Əsərdə 24 əsas hasta işlənib hazırlanmışdır. Hastaların dəqiq sayı heç vaxt dəqiq bəlli deyil. Bu 24 hasta özündə 500-800 anlam-simvolu ehtiva edir. Çünki bir çox mətləblərin bəyan edilməsi rəqqasın ustalığından və təsəvvür zənginliyindən çox asılıdır. Hasta şeirin məkan kompozisiyasıdır, onun vizual təsviridir, plastik formasıdır.

"Qurukula" sistemində nəyəsə nail olmaqdan ötrü, ilk növbədə, gərək Ustada bənzəyəsən, ona bənzəmək üçünsə gərəkdir ki, həmişə bu mötəbər insanın yanında olasan, onun hərəkətlərini, rəftar özünəməxsusluğunu, vərdişlərini təkrarlayasan. Təlim prosesi (12-20 illik) massaj və karalidən başqa musiqi, rəqs, ədəbiyyat və sənət tarixi dərslərindən də ibarətdir. Tədrisin sonunda isə artıq hər bir aktyor əsas repertuardan təqribən 15-20 pyes əzbər bilməlidir. Bu olduqca böyük göstəricidir.

Kathakali teatrında dekorasiya yoxdur, tamaşa axşamdan sübhə kimi, gün batandan gün çıxana qədər eni və uzunu 4x4 metr olan taxta döşəmə üstündə açıq səma altında oynanılır. Səhnədə seyirçinin diqqətini yayındıracaq əlavə heç nə olmur. Sanki tamaşa qaranlıq üzərində çəkilmiş tablodur, rəngli şəkildir. Kathakali teatrında dekorasiya məhz cənub gecəsinin özüdür.

Kathakali teatrında işıq da ənənəvidir. Bütün səhnələr 10 litr yağ tutan iri bir çıraqla işıqlandırılır. Çırağa yalnız zeytun yağı tökürlər ki, his eləməsin. Tamaşanın iştirakçılarını bu çırağın işığı sanki gecənin qaranlığı içində aşkarlayıb görüntüyə gətirir və seyirçiyə nişan verir. Cənub gecəsinin qaranlıq örtüyü üzərində işıq topasının görükdürdüyü qrim və kostyumların köməyilə yaradılmış əlvan səhnələr elə bil ki yuxu və fantastika sərhəddindədir. Dünyanın heç bir teatrında qrim və geyimlər bu qədər şux, parlaq və rəngarəng, ecazkar və möcüzəli deyil. Kathakali teatrında hər bir personajın dəqiq müəyyən olunmuş kanonik qrimi var. Bu teatrda rekvizitdən də istifadə olunmur. Səhnəyə həmişə bir kətil qoyulur, aktyor onunla istədiyi kimi davrana bilər. Kətildə əyləşib istirahət etmək, müəyyən səhnələrdə onun üstünə çıxmaq, bəzənsə bu kətildən səltənətin taxt-tacı kimi faydalanmaq mümkündür. Kathakali aktyorları THERASSİLA və ya arakəsmədən yeni personajlar səhnəyə çıxarkən yararlanırlar. Bu, gözlənilməzlik effektini tamaşada artırır. Həmişə iki kişi therassilanı aktyorun qarşısına tutub onu müəyyən müddətə seyirçilərdən ötrü "məxfiləşdirir"; yəni tamaşaçı bilmir ki, ayaqlarını gördüyü rəqs edən personaj kimdir, bircə şişpapaq Xanumandan savayı.

Kathakali teatrının personajları üç böyük ampluaya bölünür: satvik, racazik, tamazik. Satviklər alicənab, hünərli, xeyirxah, səxavətli, cəngavər hökmdarlar və tanrılardır. Qrim tipinə müvafiq tərzdə bu qəhrəmanlara "yaşıl personajlar" da deyirlər. Bu qrim "PAÇHA" (və ya paçça: tələbələrin rus və ingilisdilli mətnlərlə işləyərkən müəyyən çətinliyə düşüb diskomfort duymamasından ötrü mən terminlərin hər iki insanda mövcud variantlarını göstərməyi vacib sayıram) adlanır. Paçha malayalam dilində işlənən sözdür, yaşıl rəngi bildirir. Bhima, Hindra, Krişna, Rama mütəmadi surətdə paçha qrimində görünürlər. Onların dodaqları qalın al qırmızı, qaş və göz həndəvərlərisə tünd qara rəngə boyanır. Bu obrazları ifa edən aktyorların alınlarında paçhanın üstündən sarı rəng topacığının içində onların mənsub olduqları kastanın nişanı hökmən göstərilir. Bu, "naman" adlanan xüsusi mürəkkəb dini işarədir. Sifətin qrimlənməsi başa çatdıqdan sonra aktyorun çənə sümükləri boyunca, bir qulaq düyməsindən o birinə qədər əl içi boyda ağ rəngli "ÇUTTİ" taxılır. Yalnız Şiva ilə Brahmanın qriminin rəng əsası açıq narıncıdır. Bu qrimin adı "PAJUPPA"dır. Digər əlamətlərdə isə onlar paçhalarla eynidirlər.

Hər bir aktyorun qrimi papaqla tamamlanır. Kathakali teatrında pariklərdən qəti surətdə istifadə edilmir. Paçhalar və pajuppalar səhnəyə iri, təmtəraqlı, üçtəbəqəli, haradasa şahanə "KİRİTAM" adlanan, yüngül ağacdan hazırlanmış, muncuq, güzgü parçaları, metal qırıqları ilə bəzədilmiş tacda çıxırlar. Bircə Krişnanın tacı bir qədər balaca olur. Bu taca da "MUTİ" deyirlər. Taclı qəhrəmanlar qulaqlarına bəzəkli sırğalar taxırlar. Bu tacların arxasına müqəddəslik haləsini bildirən tabaq formalı ecazkar bir disk bərkidirlir. Paçhalar adətən ağ tuman və qırmızı qaftan geyinirlər. Onların arasında tanrı Krişna yenidən fərqlənir. Bu personajın qaftanı tünd göy rəngdə olur.

Racəziklər antiqəhrəmandırlar. Ravana, Duryodxan, Kiçaka kimi personajlar onların sırasındadır. Bu qəhrəmanların qrimi "KATHİ" adlanır. Onların da qriminin rəng əsası yaşıldır. Kathilər də başlarına şahanə kiritam qoyurlar. Bu personajların da çənə sümüklərində çuttilər var. Racəziklərin xarakterinə də alicənablıq, sədaqət, sevgi, ürəyiaçıqlıq yad deyil. Lakin onların yaşıl qrimi qırmızı zolaqlarla kəsilir. Bu zolaqlar racaziklərin alınlarında, yanağa qədər uzanan bığ yerlərində və burunlarının üstündədir. Elə bu qırmızı zolaqlara görə də bu qrimə "kathi" deyirlər. Malayalam dilində bu söz bıçağı bildirir. Kathiləri paçhalardan fərqləndirən bir cəhət də onların alınlarında və burun uclarında ÇUTTİPUVA (və ya çuttippo) adlanan qabıqdan çıxarılmış soğan içinə bənzər dəyirmi ağ kürəciklərin (liana bitkisinin soğanından hazırlanan) olmasıdır. Bu personajlar geyim, papaq baxımından paçhaların güzgüvari əksidirlər. Kathi çox qürurlu, təkəbbürlü və aqressivdir, həm yumşaq, həm də sərt olmağı bacarır. Onu asanlıqla özündən çıxarmaq mümkündür. Yarışmağı sevmir və bacarmır. Ancaq o, öz xəyalında belə, məşuqəsini gördümü, həməncə ipəyə dönəcək, yumşalacaq. Adətən, seyirçilər kathiləri çox sevirlər. Digər tərəfdən isə racazikləri oynamaq aktyorlardan böyük sənətkarlıq tələb edir. Sevgili xanımlarının yanında bu qəhrəmanlar göyərçin kimi səs çıxarırlar, öz düşmənlərilə qarşılaşanda isə əsl pələngə dönüb nərildəyirlər. Seyrçilər racazikləri axşam tamaşalarının bəzəyi sayırlar.

Böyük dağıdıcı qüdrətə malik olan səhnə personajlarının qrimi "THADİ" adlanır. "Thadi" saqqal deməkdir. Bu qrimin sahiblərinə "TAMAZİK" deyilir. Onlar qəddar, zalım, əzazil, zülmkar personajlardır. ÇAVANDU THADİ, yəni qırmızı saqqallılar bu obrazları xüsusilə fərqləndirir. Vəhşi əcinə təbiətinə malik bu qəhrəmanlar əclaflıqda ad çıxarıblar. Bakasura və Duşasana onların ən bariz nümayəndələridir. Bu əcinələr əslində əvvəllər layiqli həyat sürmüş, lakin hər hansı bir günah üstündə cəza almış qəhrəmanlardır. Onların qriminin rəng əsası qara və qırmızıdır. Əgər qırmızı "Natyaşastra" risaləsində məşumluq və fəcillik rəmzi kimi yozulursa, qara hiddət, hədə bildiricisi kimi qavranılır. Çavandu thadilərin üzlərinin aşağı nahiyəsi tünd qırmızı rəngdə olur, dodaqlar, ağız içi, alın və gözlər ətrafı qara rəngə boyanır. Bu personajların da alın və burun uclarına çuttipuvalar sancılır, başlarına şahanə kiritam qoyulur. Qırmızı saqqallıların kiritamları digərlərindən böyük və ağırdır. Ona görə də iri sırğalar burada aktyorun köməyinə çatıb papağı müvazinətdə saxlayır. Çavandu thadilərin üzün yuxarı nahiyəsini basıb biz kimi duran ağ bığları olur. Belə oyuncaq dovşan bığları onları cizgi filmlərinin personajlarına oxşadır və qırmızı saqqallıların görkəminə bir məzəlilik gətirir. Təsadüfi deyil ki, Hindistanda ağ rəng komediya rəmzi sayılır. Tamazikin xarakterində bu cizginin aşkarlanması onu tragikomediya personajı kimi rəsm edir. Adətən thadiləri yalnız fiziki cəhətdən güclü kişilər oynayır. Çünki onun ağır tacını daşımaq və hər zaman coşğun emosional bir ovqatda rəqs eləmək hər aktyorun işi deyil. Thadilər qüvvətlidirlər, ancaq savadsızdırlar, özlərindən razıdırlar, ağızları söyüşlə doludur. Qədim hind risalələri bu əcinələri oynayan aktyorlara üst dodaqlarının altına fil sümüyündən düzəldilmiş iri dişlər qoymağı məsləhət görür. Hal-hazırda bu məsləhətə əməl olunmur.

Tamaşada qarasaqqal personajlar da iştirak edir. Onlara "KARUTTA THADİ" deyilir. Bu personajlar primitiv, idarəolunmaz tiplərdir, üzləri tamam qara rəngə boyanıb, burun ucunda və alnındakı çuttipuva dəyirmi kürəciyə yox, çiçəkləri sallanmış gülə oxşayır, başlarına qara, uzun silindr formalı papaq qoyurlar. Karutta thadi katalanı, yəni ovçunu təmsil edir. Bəzən ovçu görkəmində səhnəyə çıxan Şiva, - kirata, - da bu qrimdə olur.

Kali də qarasaqqallıların nümayəndəsidir, çox zalım personajdır. Bu obrazın qrimi başdan ayağa qapqaradır. Kathakali teatrı qarasaqqallıları fantastik meşə sakinləri, yarıməcinə-yarımvəhşi kimi tanrıdır. Qorxu, fəlakət nişanəsi kimi təqdim edilən karutta thadilərin gözlərinin altındakı ağ zolaqla çərçivələnmiş qırmızı ayparalar, ağ-qırmızı rəngə çalan qaşlar onların xarakterik əlamətləridir.

Ağsaqqallılar komik situasiya və vəziyyətlərlə bağlı olan personajlardır. Meymunlar padşahları Bali Suqriva da son dərəcə diqqəti şəkən personajlar olsalar da, onlardan heç biri xalq içində "Ramayana" eposunun digər meymun qəhrəmanı sərkərdə HANUMAN qədərincə sevilmir, əzizlənmir. Xeyirxah və sadiq məxluqlar-dostlar qismində tanınan bu personajlar lazım gələrsə, igid Ramanın düşmənlərilə aqressiv bir tərzdə davranıb onları öldürməyi də bacararlar.

Bu xüsusda istərdim ki, müəllifliyi ənənəvi olaraq Valmiki adlı qədim hind şairinə aid edilən "Ramayana" eposunun qısa süjetini danışım. Süjet burada, təbii ki, ədalətli və müdrik hökmdar, qüdrətli döyüşçü, xalqının düşmənlərinə qarşı amansız Ramanın həyatı ilə əlaqədardır. Ramanın atası Daşaratha öz hərəmlərindən biri hiyləgər Kaykeyanın təhrikilə oğlu Ramanı 14 illik sürgünə göndərir. Onun ardınca Ramanın arvadı Sita da, sadiq qardaşı Lakşman da cəngəlliyə yollanırlar. Ramanın cəngəllikdəki həyatı rakşaslarla, yəni əcinələrlə daimi mübarizədə keçir. Rakşaslar sultanı Ravan bir gün Sitaya aşiq olur. Həm bunun ucbatından, həm də Rama tərəfindən sevgisi rədd edilmiş bacısının, - Şurpanakhanın, - intiqamını almaq məqsədilə qüdrətli rakşas Ravan Sitanı öz yaşıl səmavi atlarında rakşaslar səltənətinə qaçırır. Dərdli Rama bir yerdə qərar tuta bilmir, dünyanı dolaşır. Bu işdə ona meymunlar padşahı Suqriva və meymun ordusunun sərkərdəsi Hanuman kömək edir. Məhz Hanuman Sitanı Lank adasında tapır. Eposun zirvə məqamı Rama ilə Ravanın döyüşüdür. Bu döyüşdən sonra qalib Rama öz məmləkətinin paytaxtına qayıdır.

Odur ki, Hindistanda meymunları müqəddəslər bilirlər və onları çox sevirlər. Haradasa demək olar ki, Hanuman "Ramayana" eposunun ikinci əsas qəhrəmanıdır. Lakin bu xeyirxah meymunlar Ramaya düşmən kəsilmiş rakşaslara qarşı yaman amansızdırlar. Elə buna görə də Hanumanın qrimində qara rəngə mühüm yer verilib. Meymunların qrim əsasını qara və qırmızı rəng təşkil edir, gözlərin həndəvəri, alın nahiyyəsi qaradır, ağız ətrafı qırmızı. Ancaq ağ nəbati naxışlar hiddət, qorxu, hədə rəmzi olan bu rənglərə sakitlik, yumşaqlıq gətirir. Hanumanın burnunun üstündəki gavalı formalı yaşıl rəng ağ haşiyəyə alınıb, hər iki yanağında dəmir pul boyda qırmızı həlqələr çəkilib. Yaşıl rəng bildirir ki, Hanuman meşə sakinidir. Onun baş geyimi "VATTA" adlanır. Bu papaq haradasa latın amerikası xalqlarının milli papağı sombreroya bənzəyir, o fərqlə ki, meymunlar sultanının vattasının kənarları düppədüzdür, heç bir tərəfə qatlanmır. Papağın yuxarı hissəsində isə modern gecə lampasının şarını xatırladan iri yumru kürə var, ətrafa işıq saçar.

Kari qadın əcinələrin qrimidir, "qara" mənasında anlaşılır. Onların geyimləri də qaradır. Bu veşam (paltarlar) rakşaslar və əcinə xanımlar tərəfindən geyilir. Ravanın qəzəbli, zalım bacısı Şurpanakha belə personajlar cərgəsindədir. Aktyorlar bu qadını həmişə eybəcər bədən görkəmində rəsm edirlər. Kari düşmənlərini amansızcasına məhv edən qadın-əcinə tipidir, meşə sakinidir, yalnız yanaqlarında və çənəsində qırmızı pulcuqlar var.

Qrim əsası paçha, kathi, thadi, kari olan qəhrəmanlardan başqa Kathakali teatrında ikinci dərəcəli personajlar da mövcuddur ki, onlar MİNAKKA (sanskritcə "parlaq" mənasını verir) tipinə aid edilir. Bunlar qadınlar və müdriklərdir. Belə personajların adi üz rəngi, adi qrimi və realistik davranış tərzi olur. Aktyorlar minakkadan brahmanları bildirmək üçün də yararlanırlar. Onların da qrimini hindli zahidlərin saç düzümünü xatırladan və "mukut" adlanan papaq tamamlayır.

Kathakali teatrında indiyə kimi 60 qrim növü aşkarlanmışdır. Haqqında danışdıqlarımızdan əlavə Kathakali tamaşalarında bu qrimlərin daha üç növündən geniş istifadə edilir: çuvappu (qırmızı) günəş və od təmsilçiləri üçündür, teppu (çəkilmiş) quşlar və ilanlardan, poymukham (maska) heyvanlardan ötrüdür. Əsasən, maskalarla qaban, maral, cüyür eyhamlaşdırılır

Kathakali teatrında qrimlənmə cərrahiyyə ilə incəsənət arasında ortaq bir mövqe tutur. Bu proses adətən 3-4 saat çəkir. Aktyor arxası döşəməyə həsir üstündə uzanır və onun üzünə usta və ya öz tərəf müqabili qrim vurur. Elə bu vaxt aktyor gözünün içinə hind badımcanının tumunu qoyur və bir-iki saata onun göz ağı qırmızı rəngə boyanır. Bu prosesdən sonra əgər aktyorun üzündə qrimlənməmiş bir yer qalırsa, o da onun bəbəkləridir. Göz ağının belə qırmızıya tutulması estetik mahiyyət kəsb edir. Lakin bu həm də bədənin hərarətini normal saxlamaqdan ötrüdür. Çünkü sifət tam qrimləndiyindən üzün dərisi tamam nəfəs almır və bədənin hərarəti qalxır. Belə qrimlənmə bacarığı sənət əsəridir və onun nəticəsi haradasa cənubi afrikalıların ritualları üçün xarakterik maska və qrimləri xatırladır.

Qrimlənmə qurtardıqdan sonra aktyorlara onun kostyumunu geyindirirlər. Kathakali teatrında aktyorlar gen ətəkli tumanlar geyinib səhnəyə çıxırlar. Alicənab qəhrəmanlar açıq rəngli, məkrli personajlar isə qara və qırmızı rəngli tumanlarda olurlar. Aktyorların hazırlığı prosesi başa papaq qoyulması ilə tamamlanır. Nədən ki, papağın yerini bərkitdikdən sonra onu tərpətmək olmaz. Geyimlər adətən sadə və ucuz parçadan tikilir. Kathakali aktyorlarının kostyumlarının ən xarakterik əlamətlərindən biri də onların boğazlarına dolayıb iki tərəfdən üç-üç sinə boyunca dizlərə qədər uzatdıqları şərf buğumlarıdır. Bu buğumların sonuna kiçik, girdə bir güzgü bağlanır. Lazım gəldikdə aktyor güzgüyə baxıb qrimini, üst-başını sahmana salır. Çünki o, səhnəni uzun müddət, bəlkə də haradasa 6-8 saat, tərk etmir. Bu şərf buğumları "UTTARİYA" adlanır. Kostyumlar bir qayda olaraq ucuz materiallardan tikilir; bəzəklər taxtadan, quş lələklərindən, metal və güzgü parçalarından hazırlanır.

Kathakali "absolyut teatr"dır, fiziki hərəkətə, jestə, rəqsə, musiqiyə əsaslanan teatrdır, sənətin təsviri formasıdır. Tamaşalar gecə oynanılır, gün batandan başlayıb gün çıxana qədər davam edir. Burada final sübh çağı olacaq. Personajlar üçün göstərilən hadisələr müstəvisində zaman məhdudiyyəti yoxdur. Tamaşa gur bir səhnə ilə qurtaracaq. Təbillər bir-birinə qoşulacaq. Aparıcı xanəndə oxumaqda davam edərək əlindəki qısa qalın çubuqla çenqalanı, - metal diski, - döyəcləyəcək. İkinci xanəndə dəmir nimçələrlə (ilattalam) becid bir ritm yaradacaq. Səhnə sanki cuşa gələcək. Fırtına qopacaq, qılınclar yuxarı qaldırılacaq, elə bil ki əlvan bir dəniz coşub daşacaq, xeyir şər üzərində qələbə çalacaq. Kathakali teatrının bir gecəlik sirli dünyasının şəkillərini günəş işığı sanki buxarlandırıb yox edəcək. Təsadüfi deyil ki, bəzən elmi nəzəri ədəbiyyatda Kathakali tamaşalarını "Malabara misteriyaları" adlandırırlar.