Vodevil janrı
Komediya janrının kiçik forması olan vodevil mahiyyət etibarilə böyük və mürəkkəb məsələlərin həllinə girişmir. Bu janr ilk dəfə Orta əsrlərdə Fransada yaranmışdır. Lakin sonralar Avropanın başqa ölkələrinə də yayılmışdır. Vodevil janrının Fransadan Avropa ölkələrinə yayılması, rus klassik vodevilinin tədqiqatçısı V.V.Uspenskinin göstərdiyinə görə iki yolla getmişdir: 1.Fransız vodevil nümunələrin başqa Avropa dillərinə tərcüməsi yolu ilə; 2. həmin xalqların dramaturqları tərəfindən vodevil janrında yeni nümunələrin yaranması yolu ilə. Orta əsrlərdə Fransada yaranan vodevil, Rusiyada XIX əsrin başlanğıcında meydana gəlmişdir. Rusiyada vodevil öz inkişafının iki məthələsini keçirmişdir: birinci mərhələ XIX əsrin 10-20-ci illərini, daha intensiv olan ikinci mərhələ isə həmin əsrin 30-40-cı illərinin əhatə edir. Rusiyaya nisbətən Azərbaycanda vodevil janrı bir qədər gec – XIX əsrin 80-ci illərində yaranmışdır. Qeyd etmək lazımdır ki. Azərbaycanda vodevil Avropada olduğu kimi, bir tərəfdən tərcümə və iqtibas yolu ilə meydana gəlmiş və Rusiyadakı kimi, iki inkişaf mərhələsini keçirmişdir. Bu mərhələnin birincisi XIX əsrin 70-80-cı illərinə təsadüf edir. Bu elə bir dövr idi ki, M.F.Axundzadənin yüksək komediyalarından sonra dramaturgiyada bir boşluq yaranmışdır. Digər tərəfdən də 1873-ci ilin mart ayında Bakıda ilk dəfə teatr səhnəsinin açılması Azərbaycanın digər bölgələrində, regionlarında da teatrın yaranmasına təkan vermişdir. Bütün bunlar repertuarın müxtəlifliyini, zənginliyini tələb edirdi. Şübhəsiz ki, təkcə M.F.Axundzadənin komediyalrını səhnəyə qoymaqla xalqın bu tələbatını ödəmək olmazdı. Odur ki, bu boşluğu doldurmaq üçün yeni səhnə əsərləri yaranmalı idi. XIX əsrin 70-80-ci illərində N.b.Vəzirovun "Əti sənin, sümüyü mənim", "Ev tərbiyəsinin bir şəkli"; Ə.b.Haqverdiyevin "Hacı Daşdəmir", Ə.A.Göraninin "Qocalıqda yorğalıq" və s. əsərlər meydana gəlmişdir.
Bu illərdə Azərbaycanın müxtəlif yerlərində həvəskar teatr truppaları da yaranır. Onların repertuar zənginliyi üçün yeni səhnə əsərlərin mövcudluğu tələb olunurdu. Məsələn, 1885-ci ildə Naxçıvan müəllimləri "Kəl döyüşü" və "Üsuli-cədid" adlı iki vodevil yazıb oynamışlar. Həmin ilin avqust ayında Naxçıvanın gənc müəllimləri M.F.Axundzadənin "Müsyo Jordan" komediyası ilə yanaşı "Görünməyən şal" vodevilini də göstərmişlər. 1890-cı il 20 aprel tarixli "Kəşkül" qəzeti yazırdı : "Bu aprelin 4-də Darülmüəllimində (Qori seminariyası-R.S.) (...)"Könülsüz nigah" ünvanında bir pərdə də təfriqə (vodevil) oynandı..Məlum ola ki, "Könülsüz nigah"ı yazan Darülmüəllimin şagirdlərindən Rzayev familyasında bir şagirddir ki, müsəlmanca oxuyub yazmağa artıq şövqü var." "Kəşkül" qəzetinin 1891 –ci il 122-ci nömrəsində "M.M" imzalı bir müəllifin "Qonça" adlı bir pərdəli vodevili nəşr olumuşdur. Mıvzusu məişətdən götürülmüş vu vodevil feodal-patriarxal adət-ənənələrinə çevrilmişdir. "Kəşkül"ün tədqiqatçısı, fillogiya elmləri doktoru A.R.Zeynalov onun müəllifini Qubada müəllimlik edən və "Kəşkül"də günün aktual məsələlərinə dair çıxış edən Mirzə Məhəmmədəli Mollazadə olduğunu ehtimal edir. Azərbaycanda vodevil janrının ikinci intensiv dövrü XX əsrin onuncu illərini əhatə edir. Bu illərdə Azərbaycan vodevili artıq formalaşmışdır. XX əsrin 10-cu illərində yaranmış Azərbaycan vodevillərində artıq aktual məsələlərə toxunulur, ictimai məişətin nöqsanları satirikcəsinə tənqid edilir, demokratik qəhrəmana üstünlük verilirdi. Bu vodevillərdəki demokratik və satirik tendensiyalar onu maraqlı edir, həyatın realistcəsinə əks etdirilməsi meylini artırırdı. Məhz bu keyfiyyətlər ona qabaqcıl cəmiyyətə xidmət etmək imkanı verirdi. Keçən əsrimizin ikinci onilliyindəki vodevillərin çoxcinsliyi, onun daxili sinfi təbəqələşməsi, janrın öz daxilində müxtəlif dramaturji prinsiplərin mübarizəsi müasirlərin bu janra müxtəlif münasibət bəsləmələrinə səbəb olmuşdur. Belə ki, bu janrın özünün müdafiəçiləri və əleyhdarları meydana çıxmışdır. Bu janrın əleyhinə çıxış edən tənqidçilər onu dramatik janrın qeyri-qanuni övladı kimi qiymətləndirir və bununla da müxtəlif bəhanələrlə vodevili nüfuzdan salmağa çalışırdılar. Nəzərə almaq lazımdır ki. vodevilə belə ikili münasibət XIX əsrin rus tənqidində də mövcud idi. Bu dövrdə böyük rus tənqidçisi V.Q.Belinski vodevilə qarşı obyektiv mövqe tuturdu. O, məşhur vodevilçisi Fyodor Konin " В тихом озере черты водятся" vodevil haqqında yazdığı resenziyada müəllifi tənqid etsə də, janrın özünə qarşı çıxmadığını bildirmişdir : "Elə zənn etməyin ki, mən ümumiyyətlə vodevilin üstünə düşmək ustəyirəm, -deyərək xəbərdarlıq edir.-heç də güman etmirəm ki. vodevil tam boş cəfəngiyatdan əmələ gələn qeyri-qanuni poeziya olsun! Əsla yox!" Tənqidçi vodevilin "yüksək dramaya" münasibətindən danışaraq göstərmişdir ki, vodevil,yüksək dramadan fərqli olaraq, aşağı həyatı, evdəki- ailədəki həyatı, insanı və cəmiyyəti tənqid edir, ali dramanın süfrəsindən tökülən qırıntıları yığır. Epiqramma satiraya necə münasibət bəsləyirsə, vodevil də yüksək dramaya elə münasibət bəsləyir. O həyata qəhqəhə ilə gülmürsə də, sifətini ona qarşı idbarlaşdırır, onu qamçılayır, üz-gözünü büzüşdürür."
V.Q Belinski dramaturgiya qarşısında "yaxşı vodevilin" yaranması vəzifəsini irəli sürərkən, onun qarşısında öz tələblərini də qoymuşdur. Qeyd etmək lazımdır ki. tənqidçi bu tələbində vodevilin onu nəşəlik və əyləncılik xüsusiyyətlərinə qarşı qoyur. V.Q.Belinski yüngüllüyü, hazırcavablığı, canlılığı vodevilin zəruri şərtlərindən hesab edir. Onun fikrincə vodevilin gülməli təlqinlər, məzəli orijinal xarakterlər, cəmiyyətin fərdi və ev məişətinin anekdotik hadisələri təşkil edir. Tənqidçi belə bir fikir irəli sürmüşdür ki, vodevil hər hansı bir xalqın ev məişətini onu bütün xırdalıqları və qəribəlikləri ilə düzgün əks etdirdikdə bədii əsər səviyyəsinə çata bilər". Bununla belə, V.Q Belinski rus həyatının materialları əsasında yazılmış və müəlliflər tərəfindən məharətlə səhnələşdirilmiş vodevillərə üstünlük verirdi. Tənqidçiyə görə toxunulan məsələlərin mühümlüyü, müasir həyatın hər hansı bir hadisəsinə işarə əsl vodevilin mütləq şərtlərindən olmalıdır . O bu haqda belə yazırdı : "водевиль может быть хорош только на одном условии : если он заключает в себе намек на какое-нибудь современное проиществие или на что-нибудь такое, чем в настоящую минуту занято внимание общества. .Разумеется талант при том требутся своим чередом". Beləliklə,V.Q.Belinski məzmunsuz və bayağı vodevillərə qarşı çıxaraq, bu janrın gözəl nümunələrini bəyənirdi.. Azərbaycanda XX əsrin onuncu illərində istedadlarından , dünya görüşlərindən və ədəbi-estetik görüşlərindən asılı olmayaraq müəllflərin böyük bir dəstəsi vodevil janrında qələmlərini sınamışlar. Bunlardan Mirmahmud Kazımovskini, Əhmədbəy Qəmərlinskini, Mirməhəmməd Mirfətullayev-İrəvanini, Mirzə Rəhim Məhəmmədzadəni, Yusif Heydərzadəni və b. göstərmək olar.Bunlardan əlavə S.M.Qənizadə və Ə.b.Haqverdiyev kimi görkəmli yazıçıların iqtibas etdikləri vodevilləri də buraya əlavə etmək olar.
Azərbaycan vodevilinin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, onun əsas müəllifləri dramaturq- aktyorlar və ya teatr sənətinə yaxşı bələd olanlar idilər.
Dramaturq tərəfindən vodevil üçün həyat materialının seçilməsi onların ictimai və ədəbi mövqelərini müəyyən edirdi. Əvvəlki dövrlərə nisbətən XX əsrin əvvəllərində yaradılmış vodevillər məzmunlara görə müxtəlif və tematikalarına görə sosial cəhətdən kəskin idilər. Bu illərdə yazılmış vodevillərdə müasir cəmiyyətin sanki bütün təbəqələrinin həyatları, məişətləri əhatə olunmuş və onlardan hər birinin məişəti ən müxtəlif nöqtələrdən əks edilmişdir. Komediyada olduğu kimi, vodevildə də komikliyin əsasını həyat hadisələrinin ziddiyyəti təşkil edir ki, bu da adətən fərdi və ailə həyatının materialalrında açılır. Gerçəkliyin bu sahəsinin təsvirini V.Q.Belinski vodevil janrının xarakterik xüsususiyyəti hesab etmişdir. Janrın müasir vəziyyətinə istinad edən V.Q.Belinski dərk edirdi ki, bir çox vodevilçilər yüksək komikliyə çata bilmirdilər. XX əsrin əvvəllərində yaradılmış məişət məzmunlu Azərbaycan vodevillərində müəyyən birtərəflilik nəzərə çarpır. Belə vodevillərin materialları və tematikası bir qayda olaraq sosial baxımdan dar və zərərsizdir. Belə vodevillərin məzmunu əsasən, məhəbbət, nigah, ailə həyatı, qısqanclıq, çozarvadlılıq və s.-dən ibarətdir ki, bunlar da öz əksini həmin əsərlərin başlıqlarında tapır. Bununla belə, bəzi tədqiqatçıların qeyd etdikləri kimi məişət məzmunlu vodevillərin tam ideyasızlığı haqqında danışmaq düzgün olmazdı. Vodevil müəllifləri kiçik mövzuluqla və ilk baxımdan zərərsiz görünən məzmunla komik situasiyalar və komik kupletlərdən bacarıqla istifadə edərək, yüngül xasiyətlilik təkəbbürlük, xəsisilik kimi nöqsanlar ifşa olunur və gülüş hədəfinə çevrilir. Vodevil müəllifləri bəzi insanların xarakterindəki bu mənfi keyfiyyətləri göstərərkən, həm də insanın müəyyən müsbət mənəvi keyfiyyətlərini də təsdiq edirdilər.. Çox zaman belə vodevillərdə dövrün tipik xüsusiyyətləri nəzərə çarpırdı. Vodevillərin tematikalarının yeknəsəngliyi, onların məişət, çox zaman əyləndirici məzmunu ilə qane olmayan dramaturqlar, vodevil janrını ciddi məqsədlərə uyğunlaşdırmaq məqsədilə ona ictimai əhəmiyyətli motivlər də daxil etməyə çalışırdılar. Amansız çar senzurası zamanı heç də vodevil yazanların hamısı sosial münasibətləri kəskin səhnəyə qoymağa cürət etmirdilər. Lakin bununla belə, bir qrup vodevil müəlliflərini göstərmək olar ki, onlar gerçəkliyin ayrı-ayrı eybəcər cəhətlərini ifşa edir, satira obyekti kimi çar məmurlarını, tacirləri, ryhaniləri seçirdilər. Vodevillərdə çinovniklik də kəskin və amansız istehza predmetinə çevrilmişdir. Dramaturqlar, sanki böyük tənqidçi V.Q.Belinskinin məmurların komikliyi ilə dolu olan məişətlərinə, işlərinə fikir verməyin zəruruliyi məsləhətini yerinə yetirirdilər, lakin məmurluq Azərbaycan vodevilçiləri tərəfindən çox zaman məişət materialları əsasında verilirdi. Məsələn, M.M.Kazımovskinin "Nə qanır , nə qandırır" vodevilində Buzuyev familyalı bir məmur əhalinin siyahıya alınmasını apararkən kərbəlayi Kəblə Hüseyni və onun arvadı Xırda bacını başa sala bilmir ki,o, yalnız əhalini siyahıya almaqla məşğuldur. XX əsrin onuncu illərində yazıb-yaradan müəllifləri öz əsərlərinə ictimai-siyasi motivlər daxil etməyə çalışsalar da, onların ifadəsi üçün effektiv formalar tapa bilmirdilər.Onlar əsasən müəyyən janr yeniliklərinə gətirib çıxara biləcək dramatik situasiyalardan, intriqalardan, konfliktdən lazımi surətdə istifadə edə bilmirdilər. Belə vodevillərdə əsas ifadə rolunu bir qayda olaraq kupletlər oynayırdılar. Müəllifin ideya-yaradıcılıq proqramının ifadəsi olan həmin kupletlər vodevildəki hadisələrdən kənara çıxırdılar. XX əsrdə yazılmış vodevillərin əsasına adətən personajların kəskin mübarizəsi üzərində qurulan məişət konflikti daxildir. Lakin belə vodevillərdəki konflikt heç də həmişə personajların açıq toqquşmasında özünü büruzə vermir.Komediyanın kiçik janrı olan vodevil, adətən həyat hadisələrinin ziddiyyəti konfliktini seçirdi. Bu konfliktlərdə müsbət sağlam başlanğıc, əsl insani gözəllik, düzgünlük, prinsipiallıq mənfiliklə, yalançı gözəlliklə, satqınlıqla, avamlıqla mübarizəyə çevrilir. Bu tamaşaçıda gülüş doğuran komik mübarizədir. Vodevil konfliktinin inkişafında bir qayda olaraq yardımçı qəhrəmanların xəttləri inkişaf etmir, qəhrəmanların bütün fikir və səyləri bir predmetin, bir məqsədin ətrafında birləşir. Vodevillərin çox hussəsi məhəbbət intriqası üzərində qurulmuşdur. Lakin bəzi vodevillərdə bu məsələ arxa plana çəkilir və yalnız əsas fabula xəttində əlavə rolunu oynayır.
Vodevillərdə konflikt tez və sürətlə inkişaf edir, hadisələrin, macəraların, gözlənilməz və ağlasığmaz təsadüflərin yüklənməsilə mürəkkəbləşir. Personajların səyləri hər hansı bir çətinliyin aradan qaldırılmasına yönəldilir. Vodevillərdə konfliktin inkişafının əsas mərhələləri bütün dramatik əsərlərdə olduğu kimidir.Lakin vodevildəki hadisələrin tez və sürətli inkişafı bir qayda olaraq ekspozisiyaya etinasızlıq göstərir. Bu zaman vodevildə mənalı və effektli düyünə xüsisi əhəmiyyət verilir ki, həmin janrda yazılmış əsərlərin çoxundakı hadisələr onunla başlanır. Çox zaman düyünün (zavyazkanın) funksiyasını hər hansı personaj tərəfindən əvvəlki hadisələrin danışılması təşkil edir Məsələn, Yusif Heydərzadənin "Vəfalı Şərəf" vodevilində Şərəf əri molla Məhəmmədin arvadbazlığından şikayət edir və sonrakı hadisələr də molla Məhəmmədin siğəbazlığının ifşasına həsr edilir. Vodevillərdə açılış (razvyazka) həmişə müvəffəqiyyətlidir, sevənlər bir-birinə qovuşur, ər-arvad münasibətləri qaydaya düşür. Lakin bəzi vodevillərdə açılış yalnız qəhrəmanın zahiri əmin-amanlığını təmin edir. XX əsrin əvvəllərində yazılmış vodevillər hadisələrin mahiyyətinə görə vəziyyət komediyasına yaxındır, zahiri komik situasiyalar gözlənilməz, ağlasığmaz hadisələrlə hərəkət edir.
Vodevil müəllifləri komik vəziyyətlər yaradarkən belə bir priyoma da müraciət edirdilər: qəhrəman özünü başqa bir şəxs kimi qələmə verir və hadisələrin gedişində onunla toqquşur. Məsələn,M.M.Mirfətullayev-İrəvaninin "Küzəməlinin övrəti" vodevilində Küzəməli mollanın paltarını geyinir.
K.S.Stanislavski yazmışdır : "Мир водевиля – это совершенно реальный мир, но необыновенные происшествия случаются в нем на каждом шагу. Жизнь в водевиле течет по всем законам логике и рсихологии, но ее беспрестанно прерывают неожиданности всякого рода" . Bu gözlənilməz hadisələr vodevildə hadisələrin inkişafını nizamlayaraq, müəyyən funksiyanı yerinə yetirirdilər.
Vodevil konfliktinin maraqlı xüsusiyyətlərindən, cəhətlərindən birisi də personajların "geyindirilməsi"dir ki, bu da aktyordan yüksək sənət bacarığı,"perevoploşeniya" tələb edir. Personajın geyindirilməsi çox zaman hərc-mərcliyə gətirib çıxarır, komik situasiyalar yaradır. Vodevil konfliktinin inkişafında əşyalar əhəmiyyətli rol oynayır. K.S.Stanislavskinin fikrincə həmin əşyalar personajlar arasında bir sıra yeni münasibətlər doğurur. Buna görə də bir çox vodevillərdə iştirak edənlərlə birlikdə lazım olacaq əşyalar da göstərilir.(M.Ə.Axundovun "Əvvəli hənək, axırı dəyənək",Ə.b.Məlikov-Qəmərlinskinin "Bəhlul- danəndə" və s.)
Vodevil konfliktinin gözəl cəhətlərindən birisi də musiqili kupletlərdir. Kupletlər bəzən hadisələrlə bağlı olmayaraq, aktyorun tamaşaçı zalı ünsiyyət rolunu oynayır ki, bunsuz da vodevili təsəvvürə gətirmək olmaz. Kupletlər vodevilin mərkəzi hissəsi olub, onun fərqləndirici xüsusiyyətidir. Tamaşaçı və tənqidçi tərəfindən vodevil hər şeydən əvvəl kupletin keyfiyyətilə ölçülürdü. V.Q.Belinski özünün vodevil haqqındakı resenziyalarında onlardakı kupletlərə xüsusi əhəmiyyət verirdi. O, tez-tez kupletlərdən sitat gətirir və qeyd edirdi ki. onlar vasitəsilə bütövlülkdə vodevil haqqında fikir yürütmək olar. Məlumdur ki, bir çox vodevillər məharətlə yazılmış kupletlərin hesabına repertuarda özlərinə yer tuturdular. Kupletin çoxcəhətliyi, günün vacib məsələlərinə təcili cavab vermək bacarığı onu tamaşaçılar arasında populyarlaşdırırdı. Aktyorlar məişətə daxil olaraq lazımi yerlərdə oxunulurdu.
Musiqi və rəqslə bağlı olan kupletlər vodevilə sadəcə olaraq kor-koranə daxil olmurdular. Həmin kupletlər pyesə komedik komponent kimi daxil olurdular.
Vodevil kupletləri çoxcəhətli bədii funksiyalar rolunu yerinə yetirirdi. Bu kupletlərdə vodevilin ideyası açıq şəkildə verilirdi. Çox zaman kupletlər tamaşaçını hadisələrin mahiyyətinə daxil edirdi.
Vodevildəki personajların xarakterləri əsas etibarilə bütün dramatik janrlara və ilk növbədə komediyalara xas olan bədii prinsiplərə müvafiq surətdə qurulmuşdur. Lakin bununla belə həmin personajların xarakterləri vodevilin poetikasına tabe olurdular.
Vodevil personajın dairəsi genişdir: müəlliflər ədəbi-teatr mühitində onlara daha yaxşı tanış olan şəxsləri səhnəyə çıxardaraq, mahiyyət etibarilə öz müasirlərini yaradırdılar.
Əyləncəli vodevil müəllifləri onun məzmununa, personajların xarakterlərinin dərindən açılmasına çalışmır, onu yaradarkən vodevil ştampına, personajların məhz bir cəhətinin qabaqlaşdırılmasına əsaslanırdı. Vodevil müəllifləri personajların xarakterlərini onlara əlverişli şəkildə dolğunluğu ilə verilməsinə çalışırdılar.
Videvilin personajı çox zaman mənfi personaj olub, dramaturqlara komik situasiyalar üçün material verirdi.
Vodevillərdə ən çox komik pefrsonaj kimi ruhanilər, din xadimləri çıxış edirdilər ki, onların ifşası üçün müəlliflər heç bir satirik priyomlardan, rənglərdən hefsilənmirdilər.
Vodevillərdə kapital dünyasının mənfur siması olan xəsis surətlərində açılır. Həmin surətlər tamaşaçıda "göz yaşları arasında gülüş" doğuraraq, dramatik sərhəddə dayanırlar. Vodevil müəllifləri təkcə mənfi komik personajların təsviri ilə məhdudlaşmayaraq, onlara qarşı müsbət qəhrəmanlar da qoyurdular. Həmin müsbət qəhrəmanalı cəmiyyətin müxtəlif təbəqələrindən çıxarırdılar.
Vodevillərdə xarakter yaradılması sistemi onun bütün poetikası ilə birlikdə kiçik komediya janrı kimi şərtləndirilmişdir. Videvillərdə xarakter elə qurulmuşdur ki, aktyora həmin rola yaradıcı şəkildə yanaşmaq imkanı verilirdi.
Vodevillərdə xarakterlərin yaradılmasının əsas priyomu personajın xüsusiyyətininn özü tərəfindən açılmasıdır. Bu da adətən kupletlər vasitəsilə verilirdi. Personajın kupletlər vasitəsilə açılan xarakteri hadisələrin gedişi zamanı daha da inkişaf edir.
Mənfi personajın komik xarakteri bir qayda olaraq onun lağa qoyulmasına səbəb olan hər hansı bir cizginin həddindən artıq şişirdilməsi,
qabarıqlaşdırılmasıdır.
Nəzərə almaq lazımdır ki, dramatik əsərlərdə personajların yaradılmasında əsas priyomlardan biri olan nitq, vodevil müəllifləri tərəfindən yaxşı mənimsənilməmişdir. Belə ki, müəlliflər qəhrəmanların nitqlərinin fərdiləşdirilməsi sənətinə yiyələnmirdilər. Vodevil personajın dili hər hansı təbəqəyə, zümrəyə aid olmalarından asılı olmayaraq, olduqca birtərəfli, yeknəsəngdir. Doğrudur, vodevil qəhrəmanının nitqi ənənəyə görə ağıllıdır, onun diqqətəlayiq xüsusiyyətini təşkil edən saysız-hesabsız nüanslarla doludur.
Beləliklə, komediyanın kiçik forması kimi məşhur olan vodevil, onunla aparıcı əlamətləri bölüşərək, eyni zamanda özünəməxsus janr təbiətinin spesifikası ilə şərtləndirilmiş poetikasını da işləmişdir.
Musiqi və rəqs elementləri ilə zəngin olan sintetik vodevil tamaşalarında xüsusi aktyor tipi yetişmişdir.
Vodevil tamaşaları aktyordan professional keyfiyyətin inkişafı ilə yanaşı ifaçılıq sənətin bütün əlamətləri (hərəkət, ritm,mimika, jest) üzərində ciddi çalışmasını tələb edir. Vodevildə iştirak edən aktyor tez bir zamanda qrimlənməyi, günün vacib məsələlərinə dair kupletlər qoşmağı, tamaşaçı zalı ilə canlı ünsiyyət yaratmağı bacarmalıdır.
Lakin vodevil aktyor sənətinin realist tendensiyasını inkişaf etdirdiyi bir halda digər tərəfdən də aktyorları məhdudlaşdırır, çox zaman onlardan yalnız texnika tələb edərək, xarakterlərin dərindən dərk edilməsinə maneçilik törədirdi. Bütün bunlara baxmayaraq Azərbaycanda vodevil janrı XX əsrin əvvəllərində realist aktyor sənətinin yetişməsində əhəmiyyətli rol oynamışdır.
|