Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D museum exposition Virtual tour Encyclopedic Dictionary of Theatre Siteography Epistolary heritage  

Teatr təhsili   Mühazirə mətnləri




Janrın təsnifatı. Janrlar haqqında ümumi məlumat

Biz tez-tez "incəsənət" sözünü işlədirik. Lakin ayrılıqda "incəsənət" mövcud deyildir. Onun ayrı-ayrı növləri vardır: memarlıq, musiqi, rəqs, heykəltaraşlıq, rəssamlıq, teatr, kino. "İncəsənət" anlayışı bədii fəaliyyətin bütün ayrı-ayrı növlərinə xas olan həmin ümumini əks etdirir. Bu ümumilik ondan ibarətdir ki, incəsənətin əsas predmeti olan insan təbiətə, cəmiyyətə və nəhayət özünə olan müxtəlif münasibətlərdə başqa şəkildə açılır.

İncəsənətin ayrı-ayrı növlərinin daxilində də müəyyən yarım bölmələr yaranmışdır. Məsələn, incəsənətin növlərindən biri olan musiqi də simfoniya, kamera, opera, balet, kantata, estrada və s.-dən ibarətdir.

İncəsənətin hər bir sahəsi janrlara bölünür. O cümlədən də drama, dramaturgiya.

Dramaturgiyanın əsas janrlarına tragediya, komediya və drama aiddir.

Sofoklun, Şekspirin, Kornelin, N.b.Vəzirovun, Ə.b.Haqverdiyevin tragediyalarında nə kimi ümumi cəhətlər vardır? Axı onların əsərləri mahiyyətcə həm həyatı məzmunlarına görə, həm estetik ideallarına görə və hətta formalarına görə bir-birlərindən kəskin surətdə fərqlənirlər. Komediya, drama haqqında da bunu demək olar. Lakin bütün bunlarla bərabər onlarda müəyyən bir ümumilik vardır.

Bütün məsələ ondadır ki, həmin ümumuliyi nədə axtarmaq lazımdır: sənətkarın subyektiv cəhdlərində və ya obyektiv gerçəklikdə. İlk dövrlərdə bədii dərk bölünməmiş xarakter idi.

İncəsənətin ayrı-ayrı növlərə və həmin növlərin də hər birinin müxtəlif janrlara bölünməsi gerçəkliyin müxtəlifliyi və onun artan zənginliyi ilə, Insanın qabiliyyətinin və tələbatının müxtəlifliyi ilə əlaqədardır.

Məsələn, ədəbiyyatı götürək. Artıq antik Yuinanıstanda ədəbiyyat üç böyük növə - epik, lirik və dramatik növlərə bölünmüşdür.

Epik ədəbiyyat nəqli xarakter daşıyır və aksent obyektiv momentə edilir.

Lirik poeziya insanın daxili aləmini, onun fikir və hisslərinin aləmini açır.

Ədəbiyyatın xüsusi növü olan dramaturgiya teatr üçün səhnə təcəssümü üçün yaranmışdır. Onun vəzifəsi insanların xarakterlərinin və talelərinin toqquşmaları vasitəsilə cəmiyyətin ziddiyyətlərini açmaqdır. Dramda xarakter əsas etibarilə dialoq və monoloqlar vasitəsilə açılır.

Dramaturgiyanın tragediyaya, komediyaya və drama bölünməsi insan münasibətlərinin daha artıq mürəkkəbləşən dünyasının əks etdirilməsilə əlaqədardır ki, bunlarda tragik, komedik, dramatik kolliziyalar ön plana çəkilir. Bunu, əlbəttə, o mənada anlamaq olmaz ki, faciə öz məzmununu yalnız tragik həyatdan, komediya- komik, drama isə dramatik həyatdan alır. Sönbət başqa şeydən gedir. Tutaq ki, tragediya öz predmetini xüsusu faciəliklə məhdudlaşdırmayaraq eyni zamanda obyektiv tragizmin – tragik konfliktlərin, şəraitlərin, xarakterlərinin daha tam şəkildə açılmasına xidmət edir. Digər janrlar da belədir

Deməli, janr – müəyyən həyat məzmunudur, dramaturji əsərlərdə olan konfliktlərin tipi həyat ziddiyyətlərinin tipidir.

Müxtəlif sənətkarlar həyatın müxtəlif estetik xüsusiyyətlərini müxtəlif hissiyyatla qarşılayırlar. Elə sənətkarlar vardır ki, həyatdakı tragikliyi daha dərindən duyurlar. Bu dünyanı tragikcəsinə dərk edən sənətkarlardır. Elə sənətkarlar da vardır ki, həyatın komizmini daha yaxşı anlayırlar. Belə sənətkarlar komik istedada malik olan sənətkarlardır.

Həyatın bu xüsusi estetik baxımından asılı olaraq eyni bir mövzu,müxtəlif sənətkarlar tərəfindən müxtəlif estetik dəyərə malik ola bilərlər.

Məsələn, məhəbbət mövzusu dünya dramaturgiyasında ən müxtəlif janrlarda təcəssüm olunmuşdur. Bu Şekspirin "Romeo və Cülyettası" əgər faciədirsə, elə onun "12-ci gecə"si komediyadır. Arbuzovun "İrkutsk əhvalatı" drama olduğu halda, Şkvarkinin "Özgə şağı" komediyadır.

İncəsənətin hər bir növü sənətkarın ümumi əsasını fərdilik və konkretlik vasitəsilə ifadə edilməsi bacarığı, qabiliyyəti ilə bağlıdır. Lakin fərdilik ilə ümumilik arasındakı nisbi münasibət müxtəlif janrlarda müxtəlif tərzdə təzahür olunur. Əgər tragediya ümumiliyə meyl edirsə, drama və məişət komediyası fərdiliyə, konkretliyə meyl edir .Bu fikir məşhur aktyor Sergey Obraztsov tərəfindən gənc aktyorlarla sönbətində irəli sürülmüşdür.O, demişdir ki, "Sakit Don"dakı Aksiniyanı, hətta "Hərb və sülh"dəki Nataşa Rostovanın səbr gətirməsini təsəvvür etmək olar, lakin Cülyettada onu heç cürə təsəvvür edə bilmərik.

Tamamilə aydındır ki, janrın təbiəti, xarakteri, ümumiyyətlə istiqaməti onun tamaşaçıya emosional təsirliyinin formasını da müəyyənləşdirir. Kobud şəkildə desək, faciə- tərpətməli, drama – həyəcanlandırmalı, komediya - isə güldürməlidir. Əlbəttə, bu yeganə və hətta həmişə həlledici əlamət deyildir.

Həyatın dəyişilməsi ilə əlaqədar olaraq janrlar da dəyişilir və inkişaf edir. Ona görə də janrın tələblərinə dəqiqliklə əməl etməyi tələb etmək olmaz.

Teatr tarixçilərinə teatr qanunlarını yaxşı bilən və ona ciddi surətdə əməl edən, lakin ədəbiyyat və teatra heç bir əhəmiyyətli töhfə verməyən çoxlu dramaturqlar məlumdur.

Əsil sənətkarları janrın tələblərinə əməl etmək deyil, insanlara həyat haqqında yeni bir söz demək cəhdi maraqlandırmalıdır.

Dramatik təsvir obyektinə həyatın əvvəllər həmin incəsənətin növünün predmeti olmayan tərəflərinin daxil edilməsi sözsüz ki, köhnə janr quruluşlarının və janr qanunlarının dağıdılmasına gətirib çıxarır.

İlk əvvəllər yenilikləri özündə təzahür etdirən əsərlər müasirləri tərəfindən müsbət şəkildə qarşılanmır. Belə əsərləri çox zaman ənənəvi janr formalarına uyğunlaşdırmaq mümkün olmur.

V.Şekspir ilə də belə olmuşdur. Bir əsərin hüdudunda tragiklik ilə komikliyi, yüksəkliklə alçaqlığı bacarıqla birləşdirməyə görə böyük Volter onu varvar adlandırmışdır.

A.P.Çexov ilə də belə olmuşdur. Müasirləri olan teatr tənqidçiləri və nəzəriyyəçiləri onu dramaturgiya və səhnə qanunlarını bilməməkdə günahlandırırdılar. Əslində isə Çexov sənətin yüksək qanunu – həyatı duymaq qabiliyyətinə malik idi O, teatr münasibətində tamamilə yeni olan pyeslərin yaradıcısı oldu. Onun pyeslərindəki üst qatındakı komedik pərdəni götürdükdə gerçəkliyin dramatik və bəzən də tragik tərəfləri də özünü büruzə verir. Çexov dramaturgiyasının novatorluğu teatrı prinsip cəhətdən yeni halllar tapmağa, aktyor sənətini, rejissor proyomlarını, səhnə texnikasını təkmilləşdirməyə məcbir edir.

Sənətkar nə qədər müstəqil və orijinal olarsa, onun həyatı dərk etməyi nə qədər yeni təravətlidirsə, yeni həyat materialını özünə nə qədər bacarıqla tabe edirsə, onun əsərinin müəyyən janr hüdudlarına gətirib çıxartmaq bir o qədər də çətindir.

Əgər dramaturji janrların böyük yaradıcıları öz fikirlərini, ideyalarını sələfləri tərəfindən işlənmiş janrın tələblərinə uyğunlaşdırsaydılar, onun sərhədlərindən kənara çıxmasaydılar, dramaturgiya və teatr sənətimiz inkişaf edə bilərdimi?

Məsələn sentimentallığına və göz yaşına, kəskin intriqaya meylli olduğuna, psixoloji dərinliyi və məişət həqiqəti olmadığına görə melodramanı çox zaman tənqid etmişlər. Tənqud bu sahədə tamamilə haqlıdır. Lakin bununla belə melodramanı demokratik janrlar səviyyəsinə yüksəldən xüsusiyyətlərini yaddan çıxartmamalıyıq: bu xeyir ilə şərin kəskin surətdə bir-birinə qarşı qoyulması, zahiri məşğulluq və yüksək emosionallıqdır.

Görünür ki. elə bu keyfiyyətlərinə görə A.V.Lunaçarski melodramanı müdafiə edirdi. O, belə hesab edirdi ki, nə qədər ki, dövrünün sosial-psixoloji draması yaranmayıbdır, melodramadan istifadə etmək olar və lazımdır. Maraqlıdır ki, A.V.Lunaçarski təkcə nəzəriyyəçi kimi çıxış etməklə yanaşı, özü də bir sıra melodramalar yazmışdır ki, bunlar da inqilabın ilk günlərində müvəffəqiyyətlə oynanmışdır.("Zəhər", "Ayı toyu" və s.)

Beləliklə, janr probleminə incəsənət və həyatın inkişafının keçmiş mərhələsini əks etdirən estetik norma baxımından yanaşmaq olmaz. Janrların qarşılıqlı təsiri, onların qarşılıqlı şəkildə bir-birlərinə keçməsi, köhnənin tələfi və yeni janrların yaranması – incəsənətin inkişafının dəyişilməz prosesidir

Janrların sərhədləri dəyişgən və sürüşgəndir. Lakin bu onların yumşaqlığını və qeyri-müəyyənliyini bildirmir. Janrın sərhədləri şərti olsalar da, onlar mövcuddurlar. Janrın təbiətinə məhəl qoymamaq müsbət nəticə vermir. Bizim bir çox pyeslərimizin zəifliyi məhz ondadır ki, onlar faciə, komediya, drama və s. deyil, məhz elə pyes adlanırlar. Teatr tənqidi dramatik əsərlərin belə bir qorxusu xüsusiyyətlərinə fikir vermişlər ki, hətta müəlliflərin özləri də əsərin janrını müəyyən etməkdə çətinlik çəkirlər.

İndiyə kimi janrların müəyyən ierarxiyasını yaratmaq, onları yüksək və aşağı səviyyələrə bölünməsi kimi fikirlərlə toqquşur. Faciəni, dramanı və satirik komediyanı yüksək janrlara aid edirlər. Dramaturgiyanın bütün qalan janrlarını isə aşağı səviyyəli hesab edirlər. Dramın janrlarına belə yanaşmaq ənənəsi köhnə klassist estetikadan qalmışdır. XYII əsr fransız klassizmin ən görkəmli nəzəriyyəçisi Bualo tragediyanı dramatik poeziyanın yüksək nümunəsi hesab edirdi.

Belə nəzəriyyəçilər dramaturgiyanın və teatrın inkişafını ləngidirdi. Yüksək və aşağı, əsas və ikinci dərəcəli janrlar yoxdur.