Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Музейная экспозиция Виртуальный тур Энциклопедический театральный словарь Сайтография Эпистолярное наследие  

Teatr təhsili   Mühazirə mətnləri




1887-ci ildə Bakıda yaranan ilk teatr truppası.

XIX əsrin 80-ci illərində artıq Naxçıvanda, Şamaxıda, Şuşada və Azərbaycanın digər mərkəzi şəhərlərdə, həmçinin Tiflis şəhərində dram dəstələri yaradılırdı. Bu dəstələrin repertuarina Mirzə Fətəli Axundzadənin əsərləri daxil idi. Bu teatr dəstələrinə qabaqcıl maarif işçiləri rəhbərlik edirdilər. Bunların içərisində Bədəl bəy Bədəlbəyov, Firudin bəy Köçərli, Məmmədtağı Sidqi, Cabbar Qaryağdı, H.Sarıcalinski, Mirzə Ələkbər Məmmədquluzadə (Cəlil Məmmədquluzadənin qardaşı), Eynəli bəy Sultanov, Rəşid bəy Əfəndiyev kimi ədiblər, maarifçi müəllimlər də var idi. Onların məqsədi Azərbayçanda milli teatrı yaratmaq və onu irəli aparmaq idi. Bu fədakar ziyalıların çəkdikləri əziyyəti ümumiləşdirərək, görkəmli teatrşünas Cəfər Cəfərov yazmışdır: "Dövlətdən kömək görməyən, maddi əsası və professional qüvvələri olmayan, rəsmi dairələr, cahillər, ruhanilər tərəfindən daim təqib edilən Azərbaycan teatrının fədakar yaradıcıları və xadimləri hər cür məhrumiyyətə baxmayaraq yorulmadan çalışır, xalqın həyatında yeni olan bu "şərəfli sənəti" inkişaf etdirməkdən ötrü əllərindən gələni əsirgəmirdilər."(Cəfər Cəfərov. Azərbaycan teatrı. Səh.27.)

1887-ci ildən başlayaraq Bakıda Həbib bəy Mahmudbəyov, Sultan Məcid Qənizadə və Nəcəfqulu Vəliyevin rəhbərliyi ilə yeni müntəzəm fəaliyyət göstərən bir teatr dəstəsi yaradıldı. "Müsəlman dram dəstəsi" adlandırılan bu teatr dəstəsində əsasən müəllimlər toplanmışdılar. Getdikcə bu işə həkimlər, ticarətçilər də qoşulmaga başladılar. Teatr işinə qiymət verən ziyalıların sıraları getdikcə sıxlaşırdı. Artıq 1888-ci ildə bu teatr dəstəsi nisbətən mütəşəkkil bir şəkil almışdı. Üç ildən sonra bu teatr dəstəsinə Nəriman Nərimanov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyevin gəlib qoşulması demək olar ki, Bakıda təşkil edilmiş bu teatr dəstəsinin fəaliyyətini daha da aktivləşdirmişdi. Bu teatr dəstəsinin repertuarına M.F.Axundzadənin , N.Vəzirovun, N.Nərimanovun, Ə.Haqverdiyevin, S.M.Qənizadənin əsərləri daxil idi.

Teatr sənətinin ictimai rolunu yaxşı bilən maarifçi ziyalılar Azərbaycanda ondan mövcud mühitə qarşı tənqidi düşüncə tərzi oyatmaq vasitəsi kimi istifadə etmək istəyirdilər. Bu məqsəd ugrunda mübarizəyə qoşulan ziyalıların teatrla baglı məramnaməsini N.Nərimanovun 1899-cu ildə Gəncə şəhərində göstərilən "Hacı Qara" tamaşasının təqdimatı ilə əlaqədar olaraq söylədiyi nitqində belə ifadə etmişdi: "Komediya zadəganlığın aynasıdır. Biz teatrda bu qüsuratımızı görüb, əlbəttə, çalışırıq ki, özümüzü yaxşı adamlara oxşadaq və pis adamlardan uzaq olaq. Teatr böyüklər üçün bir növ məktəbdir. Necə ki, uşaqlar məktəbdə gözəl şeylər əxz edirlər, eləcə də bizlər teatrdan gözəl şeylər əxz edirik." ( Cəfər Cəfərov. Azərbaycan teatrı. Səh.33.)

M.F.Axundov, N.B.Vəzirov, N.Nərimanov, habelə XIX əsrin 90-cı illərində yeni yaradıcılıga başlayan gənc ədiblərdən- Ə.Haqverdiyevin, Ə.Goraninin, R. Əfəndiyevin, S.M.Qənizadənin, S.S.Axundovun, S.Axundzadənin əsərləri Azərbaycan teatrını saglam istiqamətə yönəlməsi üçün şərait yaradırdı. Artıq milli səhnəmizdə tərcümə əsərlərinə də rast gəlmək olurdu.1899-cu ildə ilk dəfə Nikolay Qoqolun "Müfəttiş" komediyası tərcümə edilldi. Ondan bir qədər əvvəl isə Lev Tolstoyun "Əvvəlinci şərabçı" komediyasının tərcüməsini S.M.Qənizadə etmişdi. Bu o demək idi ki, artıq Azərbaycan milli teatrının inkişafı üçün ziyalılar hərtərəfli əməli fəaliyyətə keçmişlər. 1899-cu ildə Tağıyev Teatrında göstərilən "Müfəttiş" komediyasının tamaşasının uguru haqqında dövrünün ziyalılarından birinin-Agamalıoglunun xatirələrindən bir nümunəyə diqqət yetirək:"Bir dəfə mən öyrəndim ki, Tagıyev teatrında türk truppası tərəfindən , türk dilində, qadınların iştirakı ilə Qoqolun "Müfəttiş" komediyası veriləcəkdir. Bu, artıq "zülmət səltənətində bir işıq şüası idi" Gözlədiyimdən daha artıq, Qoqolun dili və üslubu nəinki saxlanmışdı, hətta tamaşa kifayət qədər yaxşı və şən keçdi. Qorodniçi xüsusilə təbii idi. Onun ifaçısı, əsərin mütərcimi Nərimanov özü idi. Qadın rollarını erməni qadınları oynayırdılar. Türk tamaşaçıları pyesin inandırıcılıgına heyran qalmışdılar, zira bütün bunlar ətrafdakı həyatı çox yaxşı xatırladırdı. Bu, həqiqətən türk həyatında eşidilməmiş bir hadisə idi."( Cəfər Cəfərov. Azərbaycan teatrı. səh.34.)

Sözü gedən illərdə "Birinci dram dəstəsi"nin fəallarından olan S.M.Qənizadə rejissor, N.Nərimanov və H.B.Mahmudbəyov isə aktyor kimi fəaliyyət göstərirdilər. Məsələn, "Dagılan tifaq" faciəsinin ilk tamaşasında Nəcəf bəy obrazını N.Nərimanov ifa etmişdir. Müxtəsər teatr tarixçəsi kitabında göstərilir ki, "Onun kimi bu rolu oynayan indiyə qədər türk səhnəsində görünməyibdir."

S.M.Qənizadə N.Nərimanovun teatrla baglı fəaliyyətini yüksək dəyərləndirərək yazmışdır: "O, yaxşı həvəskar aktyor idi və səhnəni çox sevirdi. Həvəskar türk aktyorlarının tamaşalarında o, həmişə baş rollarda çıxış edərdi."

Həbib bəy Mahmudbəyovun aktyor kimi fəaliyyəti də təşkilatçılıgı qədər səmərəli olmuşdur. Onun ifa etdiyi obrazlar içərisində Hacı Qara obrazı xüsusi yer tutur. Yuxarıda adlarını çəkdiyimiz teatr fədailərinin gərgin əməyi sayəsində XX əsrin əvvəllərində Azərbaycanda teatr sənəti əməlli-başlı inkişaf yoluna qədəm qoymaga başlamışdı...