Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Музейная экспозиция Виртуальный тур Энциклопедический театральный словарь Сайтография Эпистолярное наследие  

Teatr təhsili   Mühazirə mətnləri




Dram nəzəriyyəsinin öyrənilməsi tarixindən

Mühazirənin planı

1. Antik dövrdə dram nəzəriyyəsinin öyrənilməsi. Aristotelin "Poetika" əsəri

2. Antik dövrdən sonrakı dram nəzəriyyəsi.

3. Maarifçilik dövrünün dram nəzəriyyəsi.

4. Rusiyada dram nəzəriyyəsinin öyrənilməsi tarixi

5. Azərbaycanda dram nəzəriyyəsinin öyrənilməsi tarixi.

A n t i k d ö v r d ə d r a m n ə z ə r i y y ə s i n i n ö y r ə n i l m ə s i. A r i s t o t e l i n " P o e t i k a " ə s ə r i
Dram nəzəriyyəsinin öyrənilməsi tarixinin kökləri qədim yunanlara gedib çıxır. Bu kiçik xalqın bəşəriyyətin tarixində xidmətləri misilsizdir. Yunan xalqı bəşəriyyətə Homer, Evripid, Sofokl, Aristofan, Esxil kimi onlarca mədəniyyət, elm və sənət xadimləri yetişdirmişdir.

Yunan elmi və fəlsəfəsinin ən böyük dühalarından biri də Aristoteldir.O. dünya mədəniyyəti xəzinəsinə "Analitika", "Metafizika". "Etika", "Politika", "Ritorika" "Poetika" kimi samballı, bu gün də öz əhəmiyyətini itirməyən, tədqiqatçılara maraq doğuran elmi əsərlər bəxş etmişdir. Mənbələrin verildiyi xəbərə görə eramızdan iki əsr əvvələdək İskəndəriyyə kitabxanasında Aristotel tərəfindən yazılmış 400 kitab saxlanılırdı.

Aristotel eyni zamanda da dram nəzəriyyəsinin atası sayılır. Onun "Poetika" əsəri qədim Yunanıstanın dramatik sənətinin nəzəriyyəsini özündə birləşdirən ilk elmi əsər kimi bizə gəlib çatmışdır. Alimin "Poetika" əsəri tam halda bizə gəlib çatmamışdır. Əlimizdə olan mətndə faciə və eposun təhlilinə geniş yer verilmişsə də, komediyanın təhlilinə az yer ayrılmışdır. Halbuki, Aristotel öz əsərinin başlanğıcında ümumiyyətlə poetik sənət haqqında danışacağı kimi, eləcə də onun ayrı-ayrı növləri haqqında da söhbət açacağını qeyd etmişdir. Buradan belə nəticəyə gəlmək mümkündür ki, əlimizdə olan variant "Poetika" əsərinin ancaq bir hissəsidir.

"Poetika" tamamlanmamış ədəbi-elmi əsər təsiri bağışlayır.O, daha çox mühazirəni xatırladır. Bütün bunlara baxmayaraq Aristotelin "Poetika" əsəri tamamilə qeyri-adi qiymətə malik olan sənəddir. Bu əsər sənət və bədii şüur tarixində mühüm rol oynamışdır. "Poetika" poeziya, drama haqqında, ümumiyyətlə sənət haqqında ilk sistemli traktatdır. İncəsənətin hamı tərəfindən qəbul edilmiş bir çox anlamları ilk dəfə məhz Aristotel tərəfindən formalaşmışdır.

Aristotelin həmin traktatı onun fəlsəfəsi ilə bağlıdır. Sənətə, incəsənətə yanaşmada Aristotelin fəlsəfi sisteminə xas olan elmi təhlilin prinsipləri özünü büruzə verir.

Aristotelin "Poetika" əsərini tədqiq etməzdən əvvəl yeni dövdə bu əsərə müxtəlif prinsiplərdən yanaşıldığını qeyd etmək lazımdır. Əsas etibarilə iki tendensiyanı göstərmək olar. Birinci tendensiya Avropada intibah dövründən romantizmə kimi hakim idi. Klassizmin müəyyənləşdiyi XYII əsrdə, habeləXYIII əsrdə Aristotelin klassik traktovkasına qarşı çıxan Lessinqin polemikalarında özünü daha əyani şəkildə göstərirdi.

Romantizm dövründən başlayaraq "Poetika"ya bədii inkişafın müəyyən epoxasına xas olan nəzəriyyə kimi baxmışlar.

Aristotelin "Poetika" əsərində ondan əvvəl yaranmış bütün nəzəri fikirlər cəmlənmişdir. Əlbəttə, biz Asristotelə kimi yaranmış dram nəzəriyyəsi haqqında az məlumata malikik. Lakin bununla belə, deyə bilərik ki, digər bilik sahələrində olduğu kim, incəsənətin nəzəriyyəsində də Aristotel qədim Yunanıstanın mədəniyyəti tərəfindən yaradılmış və toplanmış zəngin bilik fonduna əsaslanırdı.

Sənətin Əflatun (Platon) tərəfindən idealistcəsinə dərk edilməsinə qarşı o, prinsip etibarilə materialist konsepsiyanı irəli sürmüşdür. Aristotel üçün gerçəklik məişətin real əsasını təşkil edir. Ona görə də gerçəklik dərketmə dəyərinə malikdir.

Aristoteldə təqlid təkcə dərketmə əhəmiyyətinə malik deyildir.Onun yazdığına görə "təqlid məhsulları hamıya zövq verir"-deməli təqlid estetik zövqdür.

Aristotelin dram nəzəriyyəsi onun üzərində qurulmuşdur ki, sənətin digər sahələri kimi, dram da təqlidedicidir; bizim müasir mənada gerçəkliyin əksidir. Gerçəkliyin təsvirinə sadiqlik dramanın bəxş etdiyi estetik zövqlərdən biridir.

Aristotel heç də təqlidetməni mexaniki şəkildə kopyalaşdırmaq mənasında qəbul etmir. Onun istifadə etdiyi "mimezis" sözü bizim "təqlid" anlayışımızdan daha genişdir. Bu söz özlüyündə öyrənmək, dərk etmək mənasını birləşdirir və insanın əməli qabilyyətlərindən birisi kimi qəbul edilir. Aristotel yazırdı ki, insanlara təqlidetmə uşaqlıqdan xas olan bir xüsusiyyətdir və onlar heyvanlardan onunla fərqlənirlər ki, təqlidetməyə qabildirlər və onun sayəsində də ilkin bilik əldə edirlər.

"Poetika"nın bütün kontekstindən görünür ki, Aristotel təqlidetməni gerçəkliyi yaradıcı şəkildə canlandırmaq kimi başa düşürdü. İncəsənətin digər növləri kimi drama da gerçəkliyi kopyalaşdırmır, onu həyatın müəyyən dərkinə uyğun olaraq canlandırır. Aristotel incəsənət əsərlərində faktların bədii şəkildə dərk edilməsi haqqında danışarkən, poeziya əsərinin ideya istiqaməti haqqındakı əsasnaməni də inkişaf etdirir.

"Poetika"nın IX fəslindəki tarix və poeziyaya dair mühakimələr prinsipial əhəmiyyətə malikdir. "Tarix" anlayışı altında Aristotel həqiqətən baş vermiş hadisənin dəqiq şərhini başa düşür. O, tarixi bizin qəbul etdiyimiz elm kimi dərk etmir. Onun üçün tarix baş vermiş hadisələrin yalnız mexaniki salnaməsidir.

Tarixin belə şəkildə dərk edilməsindən çıxış edərək Aristotel onu poeziya ilə müqayisə edərək göstərirdi ki, poeziya tarixdən fəlsəfidir və ciddidir: poeziya ümumilik haqqında danışdığı halda, tarix təklərdən danışır. Poetik yaradıcılıq gerçəkliyin ümumiləşdirilmiş təsvirini verir. Şair və dramaturqun təsvir edilən hadisənin həqiqətən də baş verib verməməsinin mahiyyət etibarilə əhəmiyyəti yoxdur. Əsas odur ki, belə bir hadisə baş verə bilərdi. Belə hadisələr bədii təsvir predmeti ola bilər.Buradan belə bir nəticəyə gəlmək olar: ola bilsin ki. həyatda baş vermiş hadisələrin mahiyyət etibarilə heç bir əhəmiyyəti olmasın. Insanların talelərində heç bir şey müəyyən etməsinlər. Ona görə də belə hadisələrin dram üçün də əhəmiyyəti yoxdur.

Antik dövrdə dram nəzəriyyəsinin nə vəziyyətdə olduğunu başa düşmək üçün o dövrdəki estetik fikrin xarakterik xüsusiyyətlərini yadımıza salmalıyıq. Antik dövrün tarixçisi A.Losev yazırdı ki, bizim eradan əvvəl yunan natyralist fəlsəfəsi meydana gəldiyi zaman o heç bir mənbələrdə estetika kimi verilməmişdir. Həmin dövrün mənbələrində o yalnız "fizika" və ya təbiət haqqında təlim və ya da sadəcə olaraq "fəlsəfə" adlanmışdır. Platon və Aristotel tərəfindən formalaşan heç bir elm "estetika" adlanmamışdır. Ümumiyyətlə, formal cəhətdən mühakimə yürütsək, təsdiq edə bilərik ki, antik dövrdə estetika müstəqil elm kimi məlum deyildi.

Dəqiq desək, qədim yunanlarda estetika haqqında xüsusi elm olmadığı kimi, ayrıca dram nəzəriyyəsi də olmamışdır. Hər halda ilk klassik dövrdə belə idi. Platonun meydana gəlməsi ilə vəziyyət dəyişilir. Platon xüsusi olaraq incəsənət haqqında, onun cəmiyyətin həyatındakı yeri haqqında məsələlərlə məşğul olur və gözəlliyin mahiyyətini öyrənir . Lakin o, dramanı ayırmır və tragiklik haqqında anlayışı tamamilə dramatik janrın müəyyənliyi ilə bağlayır.

Aristotel üçün də hələlik dram haqqında xüsusiləşmiş nəzəriyyə mövcud deyildir. Drama əsasən poeziyanın növlərindən biridir. Aristotel, əsasən, tragediyanı təhlil edərkən, onun özünəməxsus xüsusiiyətləri kimi pozisiyanın qanunlarını da müəyyənləşdirmişdir. Lakin onun mühakimələrinin çıxış nöqtəsi kimi tragediyanı seçməsi təsadüfi deyildir. Epik və lirik poeziya antik mədəniyyətin əvvəlki dövrünə xas idi. Drama sonrakı mərhələnin məhsuludur.

Aristotel Platonun şagirdi olsa da, onlar müxtəlif dövrlərin və müxtəlif ideyaların adamlarıdırlar. Platon qədim ənənələrlə, onun qəhrəmanlıq və vətəndaşlıq ruhu ilə bağlı idi. Aristotel isə digər epoxanın yetirməsidir. O, demokratiyanın tamamilə süquta uğradığı və monarxiya dövlətinin onu əvəz etdiyi bir dövrün mütəfəkkiridir.

Aristotel "Poetika" əsərində təqlid haqqında təlim vermiş, faciəni və onun əsas elementlərini, faciənin altı hissədən ibarət oduğunu müəyyənləşdirmiş, fabulanın təhlilini vermiş, faciədəki xarakterləri, qəhrəmanın tragik günahını, iztirab və əziyyətlərini, katarsis problemini göstərmiş, komediya janrını müəyyənləşdirmişdir.

Aristotelin dram nəzəriyyəsi o əsasda qurulub ki, drama sənəti digər sənət növləri kimi təqliddir; bizim indi dediyimiz gerçəkliyin əksidir. Gerçəkliyin əks etdirilməsinə sədaqət dramın verdiyi estetik zövqün ilk şərtlərindən biridir.

A n t i k d ə n s o n r a k ı d r a m n ə z ə r i y y ə s i.

Çiçəklənmə dövründə əsası qoyulmuş dram nəzəriyyəsi bütün antik dövr müddətində mövcud olmuşdur. Əlbəttə. zaman və yeni şərait müəyyən düzəlişlər eləsə də, mahiyyət etibarilə nəzəriyyə əvvəlki kimi qalmışdır. Klassik dram nəzəriyyəsinə mahiyyət etibarilə ən böyük əlavə məzhəkəli (komik) əsərlərdə ritorik elementlərin daxil edilməsi olmuşdur.

Məlum olduğu kimi, çox şeylər itsə də, bəzi maraqlı sənədlər qalmışdır. De Kualen adlanan traktat xüsusi əhəmiyyətə malikdir. Traktatın bu adı onun müəllifindən deyil, Parisdəki qədim əlyazmaları kolleksiyasının sahibinin adından alınmışdır.

Həmin traktat ilk dəfə 1839-cu ildə Kramer tərəfindən nəşr edilmişdir. Əlyazmanın X əsrə aid olduğu müəyyənləşmişdir. Lakin məzmununa görə onu daha erkən çağlara aid etmək olar. Tədqiqatçılar belə hesab edirlər ki, mətn bizim eradan əvvəl I əsrə aiddir.

Öz məzmununa görə traktat antik tənqid ənənəsini qoruyub saxlamışdır. Komediyanın təhlilinə geniş yer verilmişdir. Traktatda xüsusi maraq doğuran müddəalarla yanaşı, şübhəli, mübahisə ediləcək məqamlar da vardır.Lakin əsasən bu əsər poeziyanın və xüsusən də komediyanın antik nəzəriyyəsinə dair bizim məlumatımızı, biliyimizi mahiyyətcə zənginləşdirmişdir.

Bizi poetikanın ümumi məsələləri deyil. yalnız dram nəzəriyyəsi məsələləri maraqlandırdığından biz traktatın bizə aid olan hissələri üzərində dayanacağıq.

Traktatın müəllifinə görə poeziya ya təqlidedici və ya da qeyri-təqlidedicidir. Təqlidedici poeziya öz növbəsində aşağıdakılara bölünür: a) nəqletmə, hekayə; b) dramatik və ya hərəkəti əks etdirən. Dramatik poeziya da özlüyündə aşağıdalılara bölünürlər: 1.komediya, 2.tragediya, 3.mimlər, 4. satirik komediya.

M a a r i f ç i l i k d ö v r ü n ü n d r a m n ə z ə r i y y ə s i.

XYIII əsr dram nəzəriyyəsi tarixində mühüm dövrdür. Mübaliğəsiz demək olar ki, bu dövr öz əhəmiyyətinə görə Aristotelin fəaliyyət göstərdiyi qədim klassik dövrə bərabərdir.

Dramaturgiyanın bir çox dövrləri üçün xüsusi əhəmiyyətə malik olan nəzəri əsaslarını işləmiş Aristotel kimi, XYIII əsrin dram nəzəriyyəçiləri də bütün yeni dövrlər üçün əsas olan dram nəzəriyyəsinə dair bir çox əsərlər işləmişlər. Didro və Lessinqin bu sahədəki xidmətləri burjuaziya dövründə dram nəzəriyyəsinin fundamentini, bünövrəsini təşkil edir və onların irəli sürdükləri bir sıra prinsiplər isə öz əhəmiyyətini XX əsrdə də saxlamışdır.

Maarifçilik epoxasını ilk növbədə nəzəri fikrin çiçəklənməsi ilə səciyyələndirmək olar. Dramaturgiyanın özü çox zaman irəli sürülmüş nəzəri məsələlərin nəticəsi kimi inkişaf edirdi.

Bildiyimiz kimi, Aristotelin dram nəzəriyyəsi antik dramaturgiyanın çiçəklənməsi dövründən çox sonra yaranmışdır. XYIII əsrin dram nəzəriyyəsi haqqında bunu demək olmaz. Bu dövrün dram nəzəriyyəsi əhəmiyyətli dərəcədə XYII əsrin dram sənətinin əsasını təşkil edən prinsiplərə qarşı polemikada doğulurdu, yaranırdı.

XYIII əsrdə dram nəzəriyyəsi maarifçilik ideologiyası ilə əlaqəli şəkildə inkişaf edirdi. Bütövlükdə götürdükdə bu dövr burjuaziyanın intensiv inkişafı ilə xarakterizə oluna bilər ki, onun da kulminasiya nöqtəsini Fransada baş vermiş burjuaziya inqilabı təşkil edir. Maarifçilik dövrünün bütün mütərəqqi ideoloji fəaliyyəti ölməkdə olan feodal quruluşuna, həyatın bütün sahələrinə, o cümlədən də incəsənətdə onun qalıqlarına qarşı mübarizə ilə bağlıdır. Fransa cəmiyyətinin inkişafının sonuncu mərhələsində incəsənət üçün əsas təşkil edən prinsipial müddəaların tənqidinə böyük fikir verilirdi. Bu dövrdə Aristotelin nəzəri fikirləri heç də kortəbii qəbul olunmurdu. Hər şeyə şübhə ilə yanaşılırdı. Hətta Aristotel belə şüurun tələbinə müvafiq olaraq təftiş edilirdi. Əsas etibarilə qəbul olunmuşdur ki, Aristotelin nəzəriyyəsi dramın daha çox ümumi qanunlarını müəyyənləşdirmişsə də, onun təliminə doqmatik surətdə yanaşmaq incəsənətə zərər gətirmişdir. Bununla belə, maarifçilərə aydın idi ki, həyatın incəsənət qarşısında irəli sürdükləri yeni problemlər artıq Aristotel nəzəriyyəsi vasitəsilə həll oluna bilməzdi.Aristotelin görmədiyi məsələləri həll etmək zərurəti yaranırdı. Bu dövrün nəzəri işləri bəzi hallarda əvvəlki dövrlərin dramaturji təcrübəsinə arxalanırdı. Görkəmli yunan tragiklərinin avtoritetləri, nüfuzları hələ var idi. Şekspir tədricən qəbul edilirdi. Lakin maarifçilər nəzəri işlərində onların bədii materiallarından istifadə etmirdilər. Maarifçilər özlərinin nəzəri işlərində keçmişin təcrübəsinə o qədər ümumiləşdirməyə çalışmırdılar, nə qədər ki, dramın yeni nəzəriyyəsini yaratmağa çalışırdılar.

Biz tam qətiyyətlə, XYIII əsrdə dram nəzəriyyəsinin novator xarakteri haqqında danışa bilərik.

XYIII əsrin maarifçiləri öz üzərlərinə yeni dramın əsasını təşkil edən bədii prinsipləri nəzəri cəhətdən əsaslandıracaq kimi çətin məsələnin həllinə girişmişlər.Onlar bu dramın prinsiplərinə üstünlük verirdilər. Burada biz dram haqqında təlimin tarixində ilk dəfə olaraq belə nəzəri işlərlə qarşılaşırıq. Maarifçilərin dram nəzəriyyəsi eyni zamanda onların yeni incəsənətin ideya və bədii platformasının proqramını təşkil edirdi.

Nəzəriyyə praktikadan irəli gedərək, onun yolunu işıqlandırırdı. Bəzən nəzəriyyəçilər özləri irəli sürdükləri bədii konsepsiya əsasında nümunələr yaratmışlar. Buna misal olaraq Didro və Lessinq, xüsusilə Didro nəzəriyyəçi kimi daha inandırıcı idilər, nəyinki, öz nəzəri prinsiplərini praktikada həyata keçirirdilər. Lakin onların nəzəri quruluşları sonrakı dövrlərin draması üçün zəmin hazırlamışdır.

XYIII əsrdə dram nəzəriyyəsi haqqında danışarkən, ilk növbədə onun xarakterindəki bəzi əsaslı dəyişiklikləri qeyd etməmək olmaz. XYIII əsrə kimi dram nəzəriyyəsi müqayisəli dərəcədə qapalı predmet nəzərdə tuturdu. XYIII əsrdə dram nəzəriyyəsinin işlənməsi daha geniş şəkil alır.

Hər şeydən əvvəl bu dövrdə dramın nəzəriyyəsi daha geniş sosial, fəlsəfi və ideoloji quruluşlarla əlaqəli olur. Müəlliflərin özləri dərk edirdilər ki. dram nəzəriyyəsi üçün sosial-siyasi məsələlər ilkin dərəcəli əhəmiyyətə malik idi. Onlar dramın nəzəri problemlərinin işlənmələrini bütün feodal quruluşuna və onun ideologiyasına qarşı mübarizənin ümumi məsələləri ilə bağlayırdılar. Onların klassizmin feodal-dvoryan mədəniyyəti ilə əlaqəsi aydın idi. Maarifçilərin dram nəzəriyyəsi əsas etibarilə inqilabı idi. Çünki, onlar dramın xarakterini dəyişmək haqqında mühakimə yürüdən də ondan çıxış edirdilər ki, ictimai münasibətləri dəyişmək olmaz.

Maarifçilərin drama sahəsindəki nəzəri işlərinin mühüm əlamətlərindən birisi dram nəzəriyyəsinin ümumi fəlsəfi bazasının genişləndirilməsidir. Onlar yaradıcılıq məsələlərini həyata materialist fəlsəfi baxışla əlaqələndirirdilər. Onların dram nəzəriyyəsi estetika ilə əlaqədə inkişaf edirdi.

Aristotel fəlsəfəni, estetikanı, ümumiyyətlə ədəbiyyatın poetikasını və əsasən də dram nəzəriyyəsinin hələ bir-birindən ayırmamışdır. XYIII əsrdə artıq elmi təfəkkürün inkişafı o səviyyəyə çatmışdır ki, biliyin ayrı-ayrı sahələri xüsusi fənn kimi formalaşırdı. Bu artıq XYII əsrdə belə idi. Lakin XYIII əsrdə dram nəzəriyyəsi digər nəzəri predmetlərdən çox uzaq idi.

Maarifçilər sənətin gerçəkliyə münasibəti haqqında məsələni bütün dəqiqliklə qoyaraq mahiyyət etibarilə ilk dəfə realizmin nəzəriyyəsini işləmişlər. Bu məsələni onlar əsasən dram nəzəriyyəsinə həsr edilmiş əsərlərdə də qoymuşlar.

Heç bir dövr öz nəzəri işlərində belə zəngin olmamışdır, necə ki, XYIII əsr.Əvvəlki dövrlərin nəzəri fikir inkişafı bir neçə yüzillikləri əhatə edirdi. XYIII əsrdə isə maarifçilik ideologiyası coşğun təkamül inkişafı keçmişdir. Bu dram nəzəriyyəsi sahəsində də olmuşdur. Odur ki, XYIII əsrdə dram nəzəriyyəsini öyrənərkən, onu bir neçə dövrə bölürük :

Birinci dövr yeni ictimai, ideya və mənəvi məsələlərə aid etmək məqsədilə köhnə dram nəzəriyyəsinin transformasiya olunması cəhdilə xarakterizə olunur. Bu maarifçi klassizm dövrü idi.

İkinci dövr klassist doqmanın əsarəti altından azad olmaq ilə xarakterizə olunur.Klassizmin tənqidi yeni dramatik sənətin müsbət proqramının işlənməsilə müşaiyət olunur. Bu XYII əsrdə maarifçilik realizminin təsdiqi ilə qeyd edilmiş dram nəzəriyyəsinin inkişafında mərkəzi məqam idi.

Üçüncü dövr klassizmin davam edən tənqidi və yeni incəsənətin bədii prinsiplərinin sonrakı inkişafı ilə əlaqədardır. Bu zaman maarifçiliyin bir sıra cəhətləri də tənqid edilirdi. Bu dövr üçün maarifçi realizm də mühüm rol oynamış rasionalizmin axıra kimi sıradan çıxarmasına cəhd xarakterikdir. Bu dövrdə ilk plana sentimentalizm adlı yeni bir cərəyan çəkilir. Dramaturgiya kimi nəzəriyyə də bu dövrdə ən böyük demokratizm ilə, habelə realist incəsənətin sferasının genişlənməsilə xarakterizə olunur.

Və nəhayət, XYIII əsrdə dram nəzəriyyəsi üzrə sonuncu dövr klassizmə dönüşlə xarakterizə olunur. Lakin bu dövrün maarifçilik klassizmi əsrin əvvəlindən fərqlidir.O XYIII əsrdə dramatik mədəniyyətin bir çox elementlərini özündə toplayan burjuaziya inqilabı şəraitində və inqilabdan sonrakı dövrdə maarifçiliyin bütün mütərəqqi elementlərini saxlamağa cəhd etmişdir.