Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Музейная экспозиция Виртуальный тур Энциклопедический театральный словарь Сайтография Эпистолярное наследие  

Teatr təhsili   Mühazirə mətnləri




Şəbih tamaşalarının dramaturgiyası və hazırlanma xüsusiyyətləri haqqında.

Şəbih tamaşaları meydan tamaşalarının bir növüdür. Həm formaca, həm də mənaca dini xarakter daşıyır və bir misteriya tamaşası olaraq Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Bu teatrın özünəməxsus dramaturgiyası və teatr poetikası vardır ki, burada əsas münaqişə xətti Xəlifə Əlinin oğlu Hüseynin və ona qarşı fitnə-fəsadlar hazırlayan Yezidin tərəfdarları arasında gedən mübarizə əsasında inkişaf edir. Tarixdə "Kərbəla müsibəti" adı ilə yadda qalan bu qətliam (72 nəfər Hüseynin yaxınları) islam tarixində ibrət dərsi olaraq bu gün də belə unudulmur. VIII əsrdən üzübəri şiələr peyğəmbərin nəvəsi Hüseynə ağılar deyib ağlayır, təziyələr keçirirlər.

XV əsrdən başlayaraq şiələr Kərbəla müsibətini hər il geniş şəkildə qeyd etməyə başlayır. Azərbaycanda bu mərasimlərin keçirilməsi də bu mərasimlərlə bağlıdır.

Şəbih mərasimləri iki hissədən ibarət olur. Məhərrəm ayının ilk on günü əza (matəm) günləri keçirilir. Onuncu gün aşura (qətl) günüdür ki, imam balalarının kütləvi qətlə yetirildiyi gündür. Aşura günündən başlayaraq müxtəlif şəbih mərasiminin keçirilməsi prosesi belə olur: Otaqda Əliəkbərin rəmzi nəşi uzadılır. Onun qarşısında qara geyimdə bir uşaq oturdulur. Cənazənin (xərəyin) ardınca şəhidin anası gedir. Üzü niqabla örtülü ananın obrazını kişilər oynayırdı. Niqab həm də burada ilahi bir hissin yaranma xidməti edir, həm də kişi aktyorun üzünü gizlədir.

"Qasım" otağında da İmam Həsənin oğlu Qasımın nəşi qoyulur. Qasımın otağı toy əhval-ruhiyyəsi ilə bəzədilir. Toy çadırına meyiti gətirən Qasımın şəbih mərasimində çoxlu güllər, şamlar düzülür, nəşin üzərinə qan ləkələri çilənib faciənin daha təsirli olmasına imkan yaradılır.

Şəbih tamaşalarında Əbülfəzabbas (Həzrət Abbas) obrazının da əza qafiləsinin xüsusi yeri vardır. O, döyüşün sonuncu günü imamın balalarına su gətirməyə gedir və hər iki qolunu kəsib düşmən onu öldürür. Bu müsibətli hadisəni təsvir edən mərasimdə xüsusi at seçilir. At çox gözəl bəzədilir. Qiymətli yəhərdən Həzrət Abbasın kəsilmiş qolları asılır. Yaxud da, atın üzərinə qolsus, köynəyi qana bulaşmış müqəvva uzadılır. Müqəvvanın ağzına xəncər verilir, gözlərinə oxlar sancılır, çiyninə isə boş su tuluğu asılır. Bir nəfər atı asta-asta çəkərək əza qəfiləsinin önündə gedirdi.

Xalq arasında "İmam Hüseynin şəhid olması", "Həzrət Abbasın şəhid olması", "Əliəkbərin şəhid olması", "Fatimənin qətli", "Qasımın nişanlısı Səkinənin ölümü", "Qasım Həsən oğlunun şəhadəti", "Kərbəla davası" (müsibəti), "Əlinin qətli", "Hürrün şəhadəti", "Tiflani - Müslüm" və sair mövzularda şəbih tamaşaları hazırlanırdı. Bunların hamısının özünəməxsus sujeti, kompozisiyası və məzmunu vardı.

Azərbaycanda şəbih tamaşaları üçün qəmli, faciəvi qəsidələr, mərsiyyələr yazan şairlər olmuşdur. Molla Bihuddin (1832-1892), Baqir Ağamirzə Məhəmmədbağır Xalxali (1830-1892), Məhəmməd Dilsuz (XIX) həmin şairlərin nümayəndələrindəndir.

Azərbaycanda məşhur şəbihgərdanlar olublar ki, bunlardan: Şuşalı xarrat Qulu, bakılı peşəkar aktyor Rüstəm Kazımov kimi tanınmış şəbih ustaları vardı.

Şəbihgərdan sözü şəbih tamaşalarını hazırlayan rejissor mənasını daşıyır. O, şəbihdə əsas rolu özü oynayır, digər rolları da münasib oyunçulara həvalə edirdi. İmam babalarına su verməyən, qəddar Şümürün lal-dinməz obrazını adətən başqa millətin nümayəndəsi oynayırdı.

Şəbih tamaşalarında təbii qan effektlərindən istifadə edirdilər. Yəni qanı bağırsaqlara doldurub şəhid olacaq obrazın bədəninə, boynuna bağlayırdılar. Yezidin qoşunları hücuma keçəndə dəhşətli bir mənzərə alınırdı ki, bu da tamaşaçıları çox sarsıdırdı.

Azərbaycanda keçirilən şəbih mərasimlərində dərvişlər də yaxından iştirak ediblər. Onlar həm tək, həm də dəstə ilə şəhərləri gəzir, kəndləri dolaşır, qəmli və həyəcanlı səslə qəsidələr oxuyub, Kərbəla müsibətlərini təsvir edən rəvayətlər söyləyərdilər.

Şəbih tamaşalarında obrazların içərisində Əhlibeyt – yəni imam övladlarına aid surətlər əsas mövqedə dayanırdı. Mərsiyəxanalar məhərrəm ayında ardı-arası kəsilməyən mərasimlərdə mərsiyyələr deyirdi. Onlar əruz vəznində dediyi mərsiyyələri ilə ora yığılan insanlara güclü təsir göstərə bilirdilər.

Mərsiyyələrdə İmam Əli, Məhəmməd Peyğəmbərin qızı – Həzrəti Fatimə, Zeynəb – Əlinin qızı, Qasım – Həsənin oğlu, Həzrəti Abbas kimi obrazların haqqında yazılan mərsiyə və qəsidələrin faciəvi motivləri mərasim iştirakçılarını ürəkdən ağladırdı.

Yezid burada qaniçən, insafsız, mərhəmətsiz, zalım bir obraz idi. Onun rolunda çıxış edən şəbihçi başına şəbkülah qoyur, başına yaşıl çalma vururdu. Üstündən qara ləkələri olan sarı xalatı onun xarici görkəmini gülünc edirdi.

Şümür xəlifə Yezidin qoşun başçısı olub, şəbih tamaşalarında ən mənfi personajlardan biri sayılır. O, başına dəmir dəbilqə qoyur, əyninə zirehli libas geyirdi. O, tamaşaboyu imam balalarını qırdıqca qəhqəhələr çəkir, ətrafdakılarda özünə qarşı nifrət hissi oyadırdı.

Şəbih tamaşaları romantik faciə qolunun yaranmasında önəmli əhəmiyyət daşımışdır.