Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr təhsili   Mühazirə mətnləri




Hind klassik dramının qısa tarixi

Təbii ki, bu tarix "Natyaşastra" risaləsilə sıx surətdə bağlıdır. Çünki hind dramının estetikası bu risalədən bəllidir. Pyes yazmağın yolları, qanunları da "Natyaşastra"nın bölmələrində açıqlanır. Hərçənd risalə nəzəriyyə xislətlidir, poetikadır və deməli, mətnlərin mövcudluğu ondan ötrü vacib şərtdir.

Sanskrit dramının genezisi epos və epik deklomasiyalarla əlaqədardır. Eposun bədii qiraət nümunəsi kimi tamaşaçı qarşısında oxunması faktdır və bu fakt hətta "Ramayana"nın özündə belə qeyd olunur. Hindistanda eposu (dastanı) musiqili şəkildə ifa edən xanəndəyə, bizim dillə desək, aşığa, "SUTA" deyirlər.

Hind klassik dramında onun vəzifələrini SUTRADHARA, - baş aktyor və truppa müdiri, - yerinə yetirir. Sanskrit dilindən "sutradhara" sözü "kələf sahibi" kimi tərcümə edilir. Sutradhara seyrçiləri hadisələrin məğzindən hali edir, onlara aktyorları nişan verir, hadisələrin cərəyan edəcəyi yeri müəyyənləşdirir. "Suta" və "sutradhara" anlamları ilə yanaşı eposdan drama "bharata""kuşilava" terminləri də daxil edilmişdir. Bharata "Mahabharata" qəhrəmanlarının nəsillik adıdır, Kuşi və Lava isə "Ramayana" eposundan tanınan iki məşhur nağılçını eyhamlaşdırır. "Nağılçı" sözünün sinonimi "Kuşilava" kəlməsini aktyor mənasında da işlədirlər. Beləliklə, çox sadə bir şəkildə aydınlaşır ki, hind dramı özünün hər bir təzahüründə epos, folklor, dini ədəbiyyat, başqa sözlə, qutsal mətn nümunələrindən asılıdır.

Təsadüfi deyil ki, sanskrit dramaturqları Bhavabhuti Racəşekhara özlərini "Mahabharata" və "Ramayana" yaradıcılarının şagirdləri və davamçıları bilmişlər. "Natyaşastra" risaləsi ilk sanskrit pyesindən təqribən 5-6 əsr sonra meydana gəlmişdir. Bu,  o deməkdir ki, "Natyaşastra" artıq kamil sanskrit dramlarının təcrübəsini nəzərə alınaraq tərtib edilmişdir. Sanskrit pyesləri dini bayramlar zamanı, ya məbədgahlarda, ya da sultan saraylarının xüsusi salonlarında oynanılmışdır. Dramları tez-tez ifa etməkdən ötrü açıq havada da spesifik otaqlar düzəldilir və tamaşalar göstərilərdi. Qədim hind dramaturqlarının Bhavabhuti, Kalidasa, Şudraka, Bhasa, Harşa və başqalarının pyeslərində həmişə "Natyaşastra"nın qanunları qorunub saxlanılmışdır. Digər bir fakt da önəmlidir: "Natyaşastra"nın da teatr binalarına, onların quruluşuna böyük bir diqqətlə yanaşması belə bir tarixi qənaətə gəlməyə imkan verir ki, sanskrit pyeslərinin ancaq məxsusi tikilmiş teatrlar üçün yazıldığı söylənilsin.

Hind teatrı heç nə ilə qədim yunan teatrını xatırlatmır. Burada teatr binaları ağacdan və ya kərpicdən tikilirdi, üstləri örtülürdü. Onlar düzbucaq və ya kvadrat formasında ola bilərdi. Lakin "Natyaşastra" yalnız düzbucaqlı formanı teatr tamaşalarından ötrü yararlı sayır. Bu teatrın uzunluğu 32 dirsək (16 m), eni 16 dirsək (8 m) olmalıydı. İçəridən teatr iki yerə bölünürdü: seyrçi salonuna (preqşaqriha) və səhnəyə (ranqapitha), arxa səhnə (ranqaşirşa) və artist otağı (nepathyaqriha).

Artist otağında aktyorlar qrimlənir və boş məqamlarda istirahət edirlər. Arxa səhnə ön səhnədən bir qədər hündürdə yerləşirdi, sultan sarayının və ya varlı bir şəxsin evinin içəri otaqlarını bildirirdi. Bu məbədgah zalı da ola bilərdi. Ön səhnə hadisələrin açıq səma altında, - küçədə, meşədə, saray parkında, - baş verdiyini eyhamlaşdırırdı. Sol və sağ böyürlər də arxa səhnə kimi bir qədər hündürdə yerləşirdi və ön səhnədən sütunla ayrılırdı. Sanskrit dilində səhnənin bu böyürlərinə "mattavarani" deyilir. Hind teatrında ön pərdə olmur. Bunun əvəzinə ön və arxa səhnələr arasında pərdə asılır. "Natyaşastra" risaləsinə əsasən tamaşaya hazırlıq çox zaman pərdə arxasında aparılır. Aktyor otağının iki künc qapısı isə birbaşa arxa səhnəyə açılır. Düzgün olar ki, bunlar qapı yox, sadəcə yüngül çit pərdə asılmış tağnüma formalı keçid adlandırılsın.

Tamaşaçı salonunun da eni və uzunu səhnənin ölçüləri kimi, 16 dirsəkdir.. Burada  oturacaqlar taxtadan olurdu, amfiteatr üslubunda düzülürdü; üstünə isə xalça-palaz döşənirdi. Salonun 4 küncündə müxtəlif rənglərdə sütunlar qoyulurdu, ağ və qırmızı sütunlar yuxarı kastaların, sarı və tünd göy aşağı kastaların əyləşdikləri yerləri nişan verirdi. Zalın tən ortası isə hökmdar və onun əyanlarından ötrü nəzərdə tutulurdu. Teatrda adətən 300-dən 500-ə qədər yer olurdu. Bu teatrda dekorasiyalardan istifadə edilməsi barədə heç bir məlumat yoxdur. Dekorasiya burada aktyorun verbal şəkildə təsvir etdiyi mənzərə ilə əvəzlənirdi.

Bu məqsədlə hind aktyoru jest və mimikalardan geniş surətdə bəhrələnirdi. Kiçik bir replika, - məsələn, "bura məbədgahdır", - kəlməsi kifayət idi ki, seyrçi hadisənin baş verdiyi məkanı bütün reallığı ilə təsəvvür ersin. Aydın görünür ki, burada da şərtilik dərəcəsi çox yüksəkdir. Aktyorların oyun tərzi də tam mənası ilə şərtidir. Sanskrit teatrında səhnə fəaliyyətinin məqsədini görükdürmək üçün mimika və jest əsas vasitə hesab edilirdi. Bu teatrda işıqların söndürülməsi bir elə də vacib deyildi. Aktyorlar adi əl hərəkətlərilə qaranlığı bildirirdilər. Əgər aktyor ətəklərini çirmələyirdisə, bu, o demək idi ki, personaj çayı keçir. Yox əgər özünü üzgüçüyə bənzədirdisə, aydın olurdu ki, hövzəsi dəniz qədər dərindir. Jest və mimikanın köməyilə dağlar, okean, sübh, gecə, dəniz, ay və ulduzlar da rəmzi şəkildə göstərilirdi.

Aktyorların geyim, qrim və saç düzümləri də pyesin mənasının aşkarlanmasında, xarakterlərin açılmasında böyük rol oynayırdı. "Natyaşastra"ya görə zahidlər cırım-cındır və ya palıd qabığı rəngində paltar geyinməliydilər. Saray əyanlarının qırmızı gödəkçələri, tanrı və tanrıçıların, sultanların rəngbərəng qaftanları olurdu. Bulaşıq paltar bildirirdi ki, onun sahibi ya divanədir, ya bədbəxtdir, ya da yolçudur. Əcinələrin və depressiya keçirən adamların saçları çiyinlərinə tökülməliydi, nazirlərin, kahinlərin, rahiblərin başı hamar qırxılmalıydı; sultanlar və tanrıların isə səliqəylə biçilmiş saqqalları olmalıydı. Münzəvi qızlar cəmi bir hörüklə kifayətlənməli, ərli qadınlar isə saçlarını burmalıydılar.

Qrimin rəngi xüsusi əhəmiyyətə malik idi. Brahmanlar və kşatrilər qırmızı, vayşilər və şudralar tünd göy rəngli qrimdə olurdular. Bəzi tanrılara ağ, digərlərinə isə sarı rəngli qrim məsləhət görülürdü. Qrimin rəngi personajın peşəsini, nəslini və ovqatını eyhamlaşdırırdı.

"Natyaşastra" risaləsinə istinadən teatrda tamaşa bayram ovqatı ifadə edən mərasimlə başlanırdı. Bu mərasimə "PURVARANQA" deyilirdi. Purvaranqanın birinci hissəsi pərdə bağlı olan zaman keçirilirdi. Təbil zərbələri altında musiqiçilər ön səhnəyə keçib əyləşirdilər. Tamaşanın musiqi kompozisiyasının ilk akkordları eşidilirdi, aktyorlar qabağa gəlib ritmik rəqslər ifa edirdilər. Bu təmtəraq xorun oxuduğu nəğmələrlə müşayiət olunurdu. Elə bu vaxt sutradhara səhnəyə addımlayıb Hindranın bayrağını döşəməyə sancırdı ki, tamaşanın gedişatını tanrıçı Hindra hər hansı bir maneə və əngəldən apriori hifz eləsin. Sutradhara "NANDİ" adlanan xeyrxahlıq duası oxuyub pyesin "PRAROÇANA" deyilən məzmununu danışırdı. Sutradhara vəzifəsini bitirdikdən sonra onu səhnədə sthapaki və digər iki aktyor əvəzləyirdi. Yenidən rəqs başlanırdı. Rəqs tamamlanan kimi növbə tamaşanın sujet xəttinə çatırdı. Sanskrit dramaturgiyasında klassizm cərəyanında olduğu kimi zaman, məkan və hərəkət birgəliyi gözlənilmirdi. Burada hadisələr 10 ilə də tamamlana bilərdi. Lakin "Natyaşastra"ya görə bir pərdənin oynanılma vaxtı 24 saata sığışmalıydı. Odur ki, dramaturqlar müəyyən vəziyyətlərdə zamanı süni surətdə "sıxmaq" vasitələrinə əl atırdılar.

Qədim yunan teatr mədəniyyəti üçün Aristotelin "Poetika" əsəri nədirsə, "Natyaşastra" risaləsi də hind teatr mədəniyyəti üçün elə odur. Hindlilərin bu mötəbər beşinci vedasında pyesdəki dramatik fəaliyyətin inkişafı 5 mərhələyə ayrılır: Arambha (başlanğıc), Yatna (güclənmə), Pratyaşa (uğur qazanılmasına ümid), Niyatapti (irəliləmə), Qarbha (yaranış), Vimarşa (şübhə) və Nirvahana (nəticə). Hind sanskrit dramlarında bu bölgüyə uyğun şəkildə qəhrəmanlar da tiplər üzrə qruplaşdırılır. Məsələn, əsas qəhrəman ampluası, - nayakanın, - dörd növü var və  hindoloq-teatrşünas olmadan bunları yadda saxlamaq çox çətindir.

Dram hind mədəniyyətində "NATYA""RUPAKA" sözlərilə bildirilir. "Natyaşastra" 10 rupaka növünün təsnifatını verir. Dramın ən yüksək növü "NATAKA" hesab edilir. Burada pərdələrin sayı beşlə on arasındadır. Sanskrit dramaturgiyasının əsas uğurları bu dram növü ilə bağlıdır. Nataka mənaca elə dram deməkdir və onun sujeti mütləq şəkildə ənənəvi olmalıdır. Dramın bu növündə öncül aparıcı rasalar qəhrəmanlıq və sevgi rasalarıdır. Amma elə sayılırdı ki, nataka növündə yazılmış pyesin ortasında qəmli rasa, axırında isə təəccüb rasası da işlədilə bilər. Nataka yüksək ritorik üsluba üstünlük verən dram hesab olunur. Bu növ həmişə musiqi, mahnı və rəqslərlə müşayiət edilir.

Dramların "PRAKARANA" adlanan  növü haradasa nataka ilə eynidir. Prakarana hadisə deməkdir. Nataka qəhrəmanı kimi prakarana qəhrəmanının da xeyirxahlığı mütləqdir. Ona pyesdə brahman statusundan yüksək dərəcə verilmir, yəni bu qəhrəmanın tanrı və ya sultan olmaq ixtiyarı yoxdur. Prakaranada aparıcı rasa erotik rasadır.

Görünür, "Natyaşastra" risaləsində dramların təsnifatı siyahısına samavakaradima növləri ona görə düşmüşdür ki, səma müdriki Bharatanın yazdığı "Amritanın becərilməsi"
"Tripuranın yandırılması" adlı pyeslər bu növlərə daha
çox uyğundur.

Samavakaranın məzmunu tanrı və asurların mübarizəsini işıqlandırır. Burada qəhrəmanlıq rasası üstündür. Pyes üç pərdədən ibarət olmalı və personajların sayı 12-ni aşmamalıdır.

Dima da əfsanəyə söykənən dram tipidir, personajları tanrılar, yarımtanrılar və əcinələrdir. Qəzəb burada öncül rasadır.

Təəssüf ki, tarix dramın "İHAMRİQA" növündən nümunə saxlamamışdır. İhamriqa iki sözdən ibarətdir: iha mriqa. "İha" izləmək, "mriqa" ceyran deməkdir. Bu dramda söhbət ilahi pəri uğrunda aparılan mübarizədən gedir. Ənənəyə görə ihamriqa 4 pərdə ilə məhdudlaşdırılmalıydı.

"Natyaşastra"nın təsnifatına düşmüş qalan 5 növ isə birpərdəli pyeslərdir.

Bhana pyes-monoloqdur. Burada bir aktyor iştirak edir, özünün və başqalarının sevgi macəralarından danışır. Bhana üçün erotik rasa əsasdır.

Prahasana növünə aid edilən pyeslərdə komik rasa üstündür. Onun qəhrəmanları nökərlər, rahiblər, qulluqçular, fırıldaqçılar və fahişələrdir. Bu növ dramlardan ötrü dava-dalaş, hay-küy, mübahisə xarakterikdir.

Vithi haradasa bhana və prahasananın qarışığıdır, mövzusu məişətlə əlaqədardır, bir, iki və ya üç aktyor tərəfindən ifa olunur. Bu növün aparıcı rasası erotik rasadır.

Anki (hərfən "şəkil", "pərdə" deməkdir) sadə insanlardan danışan əfsanələrlə ilişkili pyesdir, iki və ya üç sənətçi tərəfindən oynanılır. Burada qüssə rasasının rolu böyükdür.

Vyayoqa dramın son növüdür və əgər belə demək caizsə, qəhrəman tanrı haqqında təmtəraqlı boydur. Burada qadınlar iştiak etmirdilər. Ona görə vyayoqa erotik rasadan uzaq qaçır, qəhrəmanlıq və qəzəb rasalarını isə vacib bilir.

Bu böyük on növlə yanaşı müəlliflər "UPARUPAKA" adlanan daha 18 dram növünü xatırlayırlar. 18 uparupaka kiçik növlərdir, bu günə onlardan yalnız biri gəlib çatıb, natika, yəni kiçik nataka. Qalan 17 növdən isə heç bir məlumat yoxdur.

Belə təsnifatdan sonra biz "Natyaşastra" risaləsini tam əminliklə dramın poetikası kimi də qələmə verə bilərik.