Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr təhsili   Mühazirə mətnləri




Dram nəzəriyyəsi.
Dramatiklik estetik kateqoriya kimi.

İnsanın gerçəkliyə estetik münasibəti daha çox ümumiləşdirilmiş şəkildə estetik koteqoriyalarda açılır. İctimai-tarixi şərait müxtəlif və tükənməz olduğu kimi, bu münasibətlər də çoxşahəlidir.

Estetik anlayışın və estetik dəyərin düyün nöqtələri kimi gözəllik və yüksəkliyi (alilik), tragiklik və komikliyi göstərmək olar Əlbəttə, estetik koteqoriyaların həcmi bu yuxarıda göstərilənlərlə məhdudlaşmır. Keçmişdə olduğu kimi, hazırda da estetika daha geniş anlayış dairəsini əhatə edir ki, bunlar da əsaslı surərdə onun kateqoriyaları hesab oluna bilərlər. Lakin gözəllik və yüksəkliyi, tragiklik və komikliyi qanunauyğun şəkildə əsas estetik kateqoriya saymaq olar. Çünki, onlarda istər həm məzmuna görə və istərsə də həm formasına görə insanın ətraf mühitə estetik münasibətin tam dərki verilir. O, ki, qaldı digər estetik kateqoriyalara, onlar da üç tipə ayrılır.

Birinci tipə o kateqoriya daxildir  ki, onlar mahiyyət etibarilə əsas kateqoriyadan ayrılaraq nisbətən müstəqil mahiyyət daşıyırlar. Bura, məsələn, cəsur şücaətlik yüksəkliyin, aliliyin və tragikliyin; yumor isə komikliyin xüsusi təzahür formasıdır..

İkinci tipə daxil olan kateqoriyalar ölçü, harmoniya kimi struktur xarakterə malikdirlər. Bu estetik kateqoriyalardan biz çox zaman estetik dəyərin kateqoriyası kimi istifadə edirik. Belə ki, biz hər hansı hadisədən danışarkən, onun gözəlliyindən danışırıqsa, onda klassik ölçü praporsiyasına əməl olunduğunu qeyd etmiş oluruq. Lakin nəzərə almaq lazımdır ki, estetik cəhətdən mənfi dəyərə malik olan hadisələr, əşyalar da praporsiyaya malik ola bilərlər. Ölçü, harmoniya anlayışlarında hadisələrin estetik quruluşunun mühüm əlamətləri təzahür edilir. Lakin bütün bunların hamısı estetik təbiətinin, estetik mahiyyətinin açılması və estetik dəyərinin tamlığı üçün hələ kifayət deyildir.

Nəhayət, üçüncü tipə o kateqoriyalar daxildir ki, onlar estetikliyin mahiyyətinin  neqativ formada  təzahür edilməsinə imkan verir. Buraya, məsələn, iyrənclik və alçaqlıq, qorxaqlıq daxildir ki, bunlar da məlum məqsədəyönlüklə fərqlənirlər. Bu keyfiyyətlər estetik cəhətdən maraq doğurur və gözəllik, yüksəklik kateqoriyaların antipodları kimi tədqiqat obyektinə, predmetinə çevrilir.

Beləliklə, biz estetik kateqoriyaların mahiyyətini öyrəndik. Qeyd etmək lazımdır ki, estetik kateqoriyalar tarixən dəyişən olublar. Estetika tarixində kateqoriyaların təsnifatının müxtəlif tipləri müşahidə olunurdu. Onlar eyni dövrdə də müxtəlif cür təsnif olunurdular. Estetik başlanğıc ictimai-tarixi təcrübəyə nə qədər geniş şəkildə daxil olursa, insanın yeni kateqoriyalarda və digər kateqoriya təsniflərində gerçəkliyin estetik münasibətlərinin dərk edilməsi üçün daha geniş imkan yaranır.

Biz estetik kateqoriyaların xarakterini müəyyənləşdirdikdən sonra həmin estetik kateqoriyalarda dramatikliyin yerini müəyyənləşdirməliyik.

Hər şeydən əvvəl qeyd etməliyik ki, "drama" terminin, mədhumun özü bir neçə mənada işlənir. Bu məfhumu ədəbiyyatın yalnız bir növünə tətbiq etmək olmaz. "Drama" anlayışından daha geniş və daha dərin mənada  istifadə etmək olar. Biz incəsənətin müxtəlif növlərində mövcud olan əsərləri, süjetləri, şəraitləri, taleləri dramatik adlandırırıq. Böyük rus yazıçısı A.P.Çexov öz povestini tam əsaslıqla "Ovda drama" ("Drama na oxote"),  amerikan yazıçısı T.Drayzer də romanını "Amerika faciəsi", məşhur Ukrayna kinorejissoru A.Dovjenko öz ssenariyalarını  "dramatik kinopoema" adlandırmışdır. "Drama" sözünün işlənilməsi sahəsi təkcə incəsənətlə məhdudlaşmır və bu anlayış real həyatın sferasına da yayılmışdır. Bununla da onun tətbiq olunma hüdudları daha da genişlənir: biz müəyyən bir hadisənin, jestin, səsin və s. dramatizmini qeyd edirik, ondan danışırıq.

Şübhəsiz ki, bütün bu terminlərin mənası lüğətimizdə həmişə uyğun olmur. Bilavasitə həyat təcrübəsi bu anlayışların daha dərin mənalı qohumluğunu göstərir.

Dramatik anlayış dramatik sənətin (incəsənətin ) təsiri altında meydana gəlmiş və formalaşmışdır. Həmin dramatik sənət də real dramatizminin gerçəklik kimi təzahürünün bədii formasıdır. 

İncəsənətin növü kimi, dramanı sadəcə olaraq dramatizmin  universal təcəssümü hesab etmək olmaz. Bu dramtizmin fərqli ifadəsi incəsənətin müxtəlif növlərində təzahür olunur. Onun dərk edilməsi üçün "dramatik" anlayışın bəzi estetik məzmunlarına müraciət edək.

Məsələyə belə yanaşma dramanı ədəbiyyatşünaslığın və hətta incəsənətin hüdudlarından kənara çıxarır və dramanın problemlərini hər şeydən əvvəl estetik problemə çevirir.

Estetika və sənətşünaslıqda "dramatik" məfhumu altında tragikliyə yaxın olan, tragikliyin dərəcəsini daha zəif  səviyyədə təzahür etdirən, çox da kəskin və iti olmayan bir hadisə nəzərdə tutulur. Hadisənin belə anlayışı tragiklik və komiklik ilə bərabər mövcud olan dramatikliyin dar mənada anlayışına uyğun gəlir.

Lakin dramın estetik mahiyyətinin açılması üçün əvvəlcə diqqətimizi dramatikliyin daha geniş mənasına yönəltməliyik.  Belə ümumi anlayışın mənası nədədir və estetik kateqoriyalar sistemində onun yeri necədir, haradadır?

Dramatik kateqoriya incəsənətdə mühüm yer tutur. Onda həmişə insanın gerçəkliyə estetik münasibətin aspektləri öz ifadəsini tapır.

Bu mənada dramatik sənət haqqında onu demək olar ki, o gerçəkliyin və hər şeydən əvvəl onun ictimai münasibətlərinin daxili ziddiyyətlərinin açılması vasitəsilə bədii cəhətdən dərkinə gətirib çıxarır.

Həmişə olaraq dramatiklik bu və ya digər mənada müəyyən  qarşıduran başlanğıcların toqquşması ilə bağlıdır. Onu da qeyd etməliyik ki, teatr tamaşalarında, ədəbi-bədii əsərlərdə bizim qarşımızda canlanan toqquşmanın sanki bir tərəfində özümüzü hiss edirik və cərəyan edən hadisələrə bu mövqedən yanaşırıq.

Ziddiyyətin, təzadlığın dramatik faktora çevrilməsi üçün o hökmən bizə aid olmalıdır, bizi həyəcanlandırmalıdır; bizim şüurumuzun, hisslərimizin, arzumuzun, niyyətimizin sferasını əhatə etməlidir.

Ona görə də toqquşmaların heç də hamısı dramatik olmur.Təbiət ilə mübarizə, idman yarışları və elmi mübahisələr nə qədər də kəskin olsalar da, özlərində  heç bir dramatikliyi əxz etmirlər

"Tragediyada nə inkişaf edir? Onun məqsədi nədir? İnsan taleyi, xalq taleyi".A.S.Puşkinin bu fikri böyük dəqiqiliklə dramatikliyin sahəsini müəyyənləşdirir. O özündə dərin estetik məzmun birləşdirir ki, onun üzərində də daha ətraflı dayanmaq lazımdır.

Dramatik koteqoriya həqiqətən də gerçəkliyin ziddiyyətlərinin və hər şeydən əvvəl insanların münasibətlərinin, onların fərdi talelərinin ictimai, sosial ziddiyyətlərinin dərk edilməsinin xüsusi estetik forması kimi yaranır.

Şəxsiyyətin fəaliyyət istiqamətinin və onun ictimai-tarixi inkişafı tendensiyası ilə fəaliyyətinin əlaqəsi, bağlılığı dramatikliyin obyektiv kriteriyasını təşkil edir.

Dramatikliyin obyektiv kriteriyası dramatikliyin ifadə olunmasının bütün formaları üçün həqiqətə çevrilir ki, bu zaman bir sıra zəruri şəraitləri də nəzərə almaq lazımdır.

Cəmiyyətdəki daxili ziddiyyətləri əks etdirən  ziddiyyət özü-özlüyündə tragik momentdir ki, buna oxşar talelərin ibrətamizliyin və dramatikliyin özünəməxsusluğudur.

Bundan başqa, bu obyektiv kriteriyanın əsasını təşkil edən ictimai inlişaf tendensiyasının tarixiliyini də nəzərə almaq kazımdır.

Köhnənin, keçmişin faciəsi xüsusi tip kimi deyil, daha çox faciəviliyin təzahürünün tarixi konkret forması kimi başa düşülməlidir.

Dramatik kriteriya gərçəkliyin obyektiv qanunauyğunluqlarını obyektiv şəkildə əks etdirməklə yanaşı, həm də tarixi kateqoriyadır.Eyni zamanda nəzərə almaq lazımdır ki, onun tarixiliyi gerçəkliyin obyektiv dramatizminə sinfi  baxımı kimi ifadə olunur.

Tarixi qanunauyğunluq, insanların subyektiv – azad fəaliyyəti vasitəsilə özünə yol açaraq, həm də tarixin təsadüflüyü vasitəsilə həyara keçirilir. İnsanın fərdi mübarizəsini bir növ təsadüf kimi qiymətləndirmək mümkündür. Dramatik kateqoriya ictimai, sosial konflikt şəraitində şəxsiyyətin estetik fikrini ifadə edir.

Özlüyündə dramatik məzmunu birləşdirən incəsənət bədii dərkin və insanı əhatə edən ictimai-sosial ziddiyyətlərin və konfliktlərinin mənimsənilməsinin üsulu kimi çıxış edir. İncəsənət, onların tarixi qanunauyğunluğunu və perspektivlərini açaraq, insanı  və onun həyat təcrübəsini istiqamətləndirir ; bu ziddiyyətlərə, onların inkişafında insanların şəxsi, subyektiv rolunun müəyyən münasibətini formalaşdırır. Bu zaman incəsənət insan üçün heç bir şey ilə əvəz olunmayan xüsusi əhəmiyyətə malik olur.

Dramatik kateqoriyanı insanın ictimai ziddiyyətlərə estetik münasibəti kimi qiymətləndirərkən, ona qanunauyğun şəkildə dramatiklik və tragikliklə yanaşı komikliyi də əlavə etmək lazımdır. Bu koteqoriya həm də gerçəkliyin ziddiyyətlərinin özünəməxsus estetik formasının əksi kimi meydana çıxır. Materialist estetika komikliyi məhz bu bucaqdan qiymətləndirərək, onu tragikliyə qarşı qoyur.

Lakin onların qarşıdurması yalnız hər hansı bir ümumiliyin əsasında mümkündür. Mahiyyətcə gülüş və gözyaşı insanın xarici dünyaya reaksiyasının qütbləridir. Eyni zamanda da komiklik və tragiklik arasında dərin dialektik əlaqə mövcuddur ki, hələ Aristoteldən tutmuş bütün sənətkarlar və nəzəriyyəçilər buna fikir vermişlər.

Həyatın özündə biz daima mürəkkəb hadisələrlə rastlaşırıaq ki, burada tragik və komik momentlər bir-birinə qovuşur, bəzən də yanaşı mövcud olaraq eyni bir hadisəni təzahür edirlər.

Bu əlaqənin dərin dialektik dərkinə açarı biz koteqoriyaların tarixi hərəkəti haqqında, bir kateqoriyanın digərinə keçməsi haqqnda Karl Marksın məlum mülahizələrində tapırıq.

Komiklik cəmiyyətə özünün keçmişi ilə xudahafizləşməyə, öz  keçmişindən ayrılmağa kömək edir; tragiklik isə yeniliyin köhnəliklə mübarizəsi dialektikasını açaraq, tarixi optimizm hissilə gələcəyə baxmağa kömək edir. Realist sənətdə bu heç  vaxt nəticəsiz deyildir və əgər onun qəhrəmanı tarix şəraitin təsiri altında məğlub olursa da, estetik cəhətdən işıqlandırılmış idealı ilə o qalib gəlir.

 

Beləliklə də, dramatik koteqoriyanı geniş mənada insanın gerçəkliyə estetik münasibətinin xüsusu aspekti kimi öyrənmək lazımdır.