Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Teatr təhsili   Mühazirə mətnləri




Oyun tamaşalarda obrazlar və maskalar.

Azərbaycanda müxtəlif maskalar ilk əvvəl ovçuluq əsatirləri ilə bağlı meydana gəlmişdir. Xalqımız eneolit və mezolit dövrlərində məişətdə maskalardan və müqəvvalardan istifadə ediblər.

Əsatir mərasimlərində maskalar tanrını, əfsanəvi məxluqların sifətlərini, müqəddəs quş başlarını, totem sayılan heyvanları təmsil etmək üçün oyunçular üzlüklər (maskalar) taxıblar.

Əsrlər kecdikcə maskalar bədii ifadə vasitələrinə çevrilmişdir. Xalq meydgülüşə tamaşalarında yumora, satiraya, məsxərəyə, bütövlükdə gülüşə müxtəlif çalarlar vermək, tipləri xarakterləşdirmək, tipajları qabartmaq üçün maskalardan istifadə ediblər.

El arasında üzlük də deyilən maskalar çoxnövlü olub. Hər biri ayrılıqda müxtəlif səciyyəli həyat, məişət məsələlərini, təbiət hadisələrini, eybəcərliyi və gözəlliyi, xeyir və şəri təmsil edib. Bütün bu söylənilənlərdən o qənaət hasil olur ki, meydan teatrının öz estetikası, öz poetika prinsipləri, öz oyun-üslub parametrləri, səhnə-tamaşaçı nəzəri əsasları var.

Kosa Xalq meydan tamaşalarının ən fəal, ən sevilən və ən çox oyunlarda iştirak edən personajı Kosadır. Kəvsəc, Kosa-kosa, Novruz mərasim şənliklərində, digər müxtəlif meydan tamaşalarında Kosa həm hadisələrin mərkəzində duran, həm də sujet xəttinin əsasını təşkil edən obrazdır.

Hələ bizim eradan əvvəl Kosa köhnə ilin, qış fəslinin, həmçinin şərin, bəd əməllərin, pis xarakterin timsalı, insana aclıq, yoxsulluq, kasıblıq, fəlakət gətirən obraz kimi qəbul olunmuşdur.  Ona görə də mərasim və əsatir oyunlarında Kosanı qara rəngdə göstərirmişlər. Bunun üçün qrim vasitəsi kimi hisdən, kömürdən, yandırılmış fındıq qabığının tozundan istifadə edilərək Kosa vahiməli, bəgheybət görkəminə salınırdı.

Müəyyən zamandan sonra "Kosa oyunu"nda məişət hadisələri əsatir oyunlarını üstələyib. Nəticədə Kosanın gülərüzlü, zarafatcıl, xeyirxah sifətli maskaları meydana çıxıb.

Kosanın geymində şaman libasının rəmzi əlamətləri çoxluq təşkil edib. Keçəlin maskaları keçədən, ya boz parçadan düzəldilirdi və ona keçi saqqalı taxılırdı. Tamaşa vaxtı Kosaya eybəcər və gülməli görkəm vermək üçün oyunçu maskanı taxır və çiyninə tüklü dəri atır, belinə taxta xəncər qurşayırdı. Kosa şiş, şüllə papağına zınqırov keçirir və sonra başına qoyurdu.

Bir əsrdən çoxdur ki, Novruzun baş personajı kimi Kosa oyun iştirakçıları ilə birgə çalıb-oynayan, rəqs edən, şən və zaraftcıl nəğmələr oxuya-oxuya ev-ev gəzən məzəli, gülməli, xoş məramlı komediya, məsxərə obrazına çevrilib.

Keçəl Kosadan sonra oyun-tamaşalarda ən fəal obraz Keçəldir. Yaranma kökləri İslamdan əvvələ, muğ (kahin) sənəti ilə bağlılığa gedib çıxır. Əsrlər ötdükcə xalqın əksər qaravəllilərinin, məzhəkələrinin diribaş, hazırcavab, sadəlövh görünən, lakin hər cür mürəkkəb vəziyyətlərdən dəyanətlə çıxan, təmiz qəlbli, xalqın sadə təbəqəsinin təmsilçisi, haqqın qoruyucusu, sirlərdən agah obrazı kimi sevimli tamaşa personajına çevrilib.

Keçəl obrazının ifaçısının vaxtilə iki əsas maskası olub.

Birincisi. Xalqın ideal və arzularına ifadəçisi, gücsüzlərin intiqamını zalımlardan alan fərasətli, cəsur, fəndgir, diribaş, ağıllı Keçəlin maskası.

İkincisi. Lovğa, təkəbbürlü, naqqal, qorxaq, heyvərə, fərasətsiz, əfəl, maymaq Keçəlin maskası.

Keçəlin hər iki maskasına uyğun ayrıca geyim-keçimi olub. Onlardan oyun-tamaşaların məzmun və qayəsinə uyğun olaraq istifadə edilib.

İllər keçdikcə Keçəl maskası da aradan çıxıb. Oyunçu aktyorlar bu obrazı maskasız ifa ediblər. İfaçı cındır, nimdaş libas geyinib. Qrim əvəzinə üzünü unlayıb, yaxud una bənzər vasitələrlə çöhrəsini gülünc doğuran şəklə salıb. Sallaq və uzun bığ yapışdırıb. Boynundan balqabaq asıb. Təbil və yaxud qaval gəzdirib. Oxumağı, ən müxtəlif kişi və qadın rəqslərini məzəli tərzdə oynamağ, zərb, simli və nəfəsli musiqi alətlərində çalmağı bacarıb.

Keçəl obrazının ifaçısı keçəllik əlaməti kimi ya başına tərsinə çevrilmiş qoyun qarnı keçirir, ya da başına ağ bez sarıyır və papağı da tərsinə qoyurdu. İndinin özündə də bu ünsür qalmaqdadır.

Keçi – qədim zamanlarda Günəş tanrısının yerdəki totemi mərasim oyunlarının aparıcı iştirakçılarından olub.

Keçi obrazının ifaçısı yaxşı aşılanmış keçi dərisinə bürünürdü. Üzünə uzun və təbii keçi saqqalı yapışdırılmış maska taxırdı. Maskanın aşağı hissəsindən, saqqalın altından bağlanan torba üzüaşağı sallanırdı. Oyunçu çevik, cəld hərəkətlərlə keçi kimi mələyir və bu kimi oyunbazlıqla obrazını canlı, cazibəli, koloritli verməyə səy göstərirdi.

Keçi obrazı müəyyən tarixi mənbələrdə "təkə" adı ilə verilib. Xalq arasında təkə sözü erkək keçiyə, dağ-keçisinə, vəhşi keçiyə deyilib.

Keçəpapaq – Kəndirbaz oyunlarında aşağıda məzhəkəli hoqqalar çıxaran, qaravəlli söyləyən, məzəli, yumorlu gülməcələr danışan meydan aktyoruna verilən adlardan biri Keçəpapaqdır.

Bu komik personaj qədim vaxtlarda oyun vaxtı keçədən hazırlanan papaq qoyurdu. Keçəpapaq üz maskası ilə bitişik olurdu. Maska dəridən biçilib-kəsilirdi və keçinin görkəminə bənzədilirdi.

Yerindən və məkanından asılı olaraq, bəzən həmin üz maskasının təpəsinə buynuz da tikilirdi. Bundan gülməli sujetli hadisələrdə obraz kimi istifadə edilirdi.

Hazırda kəndirbazın yardımçısı olan Keçəpapaq keçi dərisindən və ya şit, əlvan parçalardan tikilmiş, məzəli görkəmli paltar geyinir. Arxadan özünə eşşək quyruğu bağlayır, üst-başından zınqırovlar asır. Yaxalığına müxtəlif dualar tikir. Ayağına qalın bəzəkli yun corab geyinir. Bəzən corabın üstündən şatırı çarıq da geyinir.

Üzlük-niqab – Bilavasitə şəbih tamaşalarında istifadə edilib. Müqəddəs dini şəxslərin (imamların, qadınların) obrazına girən ifaçıların üzlərini gizlətmək üçün istifadə edilən niqab bir qədər şəffaf, ağ parçadan hazırlanırdı.

Şəbih oyunçusu üzlük-niqabın altından ətrafdakıları, xüsusən tamaşa iştirakçılarını görə bilirdi. Lakin, tamaşaçılar və bir qədər aralıda dayanan oyunçu yöndaşları niqab altında onun sifət cizgilərini görə bilmirdilər.

Üzlük-niqablara xalq arasında tutuq da deyilib.

Meydan tamaşalarında həmçinin bir sıra rəmzi mənalar daşıyan müxtəlif maskalar işlədilib.

Buğa maskası gücü və qüdrəti təmsil edib.

Qoyun maskası bərəkət rəmzi sayılıb.

Yaz maskası səadətin, sevincin, təzələnmənin rəmzi kimi qəbul olunub.

Qış maskası qorxu, ölümə məhkum obraz kimi qavranılıb.

Cənubi Azərbaycanda maskadan istifadə edən meydan tamaşaları oyunçularına el arasında rübəndaz deyiblər. Rübənd sözü fars dilində üz örtüyü mənasında işlədilir.

Oyun-mərasim maskaları forma baxımından iki cür olub:
papağı bitişik düzəldilən, başdan keçirilən və sifəti boyaboy örtən maskalar;
yalnız üzü tutan və sifətə taxılan maskalar.

Maskaların hazırlanma texnologiyaları və materialları müxtəlif olurdu. Bir qrup maskalar başqa-başqa meyvə və bəzək ağaclarının qurudulmuş zərif qabıqlarından düzəldilirdi. Onların ömürləri az olurdu. Bir neçə tamaşadan sonra sınır və yaxud zay görkəmə düşüb sıradan çıxırdılar.

Başqa qisim, yəni nisbətən yüngül, ömrü uzun maskalar yaxşıca aşılanmış heyvan dərilərindən hazırlanırdı. Onları saxlamaq, səyyar tamaşalar göstərmək üçün günlərlə bir məkandan başqa məkana gedəndə xurcun və sandıqçalarda qablaşdırmaq həm əlverişli, həm də asan idi.

İllər keçdikcə maskaların materialları və hazırlanma texnologiyaları sadələşdirilib. Bununla yanaşı, get-gedə qiymətli materiallardan imtina olunub. Bunun əsas səbəbi əsatir oyunlarının tədricən sıradan çıxması ilə bağlı idi.

Əsatirlə bağlı oyunlar azaldıqca, məişətdən doğan həyat hadisələri meydan tamaşalarının aparıcı mövzularına çevrilib. Bununla bağlı olaraq maskaların (üzlüklərin) hazırlanma prinsipində yüngüllük, rahatlıq, görkəmcə obrazlılıq və emosional duyğular oyatmaq əsas götürülüb.