Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Musiqi və teatr   Dirijorlar



Niyazi
(20.8.1912 -2.8.1984)

Görkəmli bəstəkar Zülfüqar bəy Hacıbəyovun oğludur. Soyadı Hacıbəyov-Tağızadədir.

20 avqust 1912-ci ildə Tiflisdə anadan olub. 1926-1931-ci illərdə Qnisinlər adına Moskva Musiqi Məktəbində və Leninqrad Mərkəzi Musiqi Məktəbində oxuyub. 1933-1934-cü illərdə ADK-nın aspiranturasında təhsilini davam etdirib. Azərbaycan Dövlət Simfonik Orkestrinin yaradıcılarından biridir və 1938-ci ildən bu kollektivin bədii rəhbəri və baş dirijoru olub. Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi (23 fevral 1940), Xalq Artisti (30 aprel 1955) və SSRİ Xalq Artisti (9 iyun 1959) fəxri adları ilə təltif olunub. Stalin mükafatı (1951 və 1952), Üzeyir bəy Hacıbəyov adına Respublika Dövlət (1972), Beynəlxalq Cəvahirləl Nehru (1975) mükafatları laureatıdır. Sosialist Əməyi Qəhrəmanıdır (1982).

1961-ci ildə Leninqrad Böyük Opera və Balet Teatrında baş rejissor olub. Burada Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin tamaşaya hazırlanmasında iştirak edib. Pyotr Çaykovskinin "Yatmış gözəl", Sergey Prokofyevin "Daş çiçək" baletlərinə dirijorluq edib. Həmin əsərləri "Qrand-Opera" (Paris) və "Kovent-Qarden" (London) teatrlarında səsləndirib. Ankara Dövlət Opera və Balet Teatrında oynanılan Pyotr Çaykovskinin "Qaratoxmaq qadın", "Yevgeni Onegin", Cüzeppe Verdinin "Aida", İstanbul opera teatrında göstərilən Adnan Sayqunun "Koroğlu" operalarının dirijor pultunu Niyazi tutub. Niyazinin yaradıcılığının böyük bir dövrü ADOBT ilə bağlıdır. O, bu kollektivdə dirjior (1934-1948 və 1951 -1952-ci illərdə), direktor, bədii rəhbər və baş dirijor (1958 -1959 və 1961- 1965-ci illər) işləyib. Dahi sənətkarın dirijorluğunda Üzeyir bəy Hacıbəylinin "Koroğlu", "Leyli və Məcnun", Fikrət Əmirovun "Sevil", Qara Qarayev və Cövdət Hacıyevin "Vətən", Müslüm Maqomayevin "Nərgiz", Vasif Adıgözəlovun "Ölülər", Cakomo Puççininin "Boqema", Jorj Bizenin "Karmen", Bedrjix Smetananın "Satılmış gəlin", Pyotr Çaykovskinin "Qaratoxmaq qadın" operaları, Qara Qarayevin "Yeddi gözəl", "İldırımlı yollarla", Soltan Hacıbəyovun "Gülşən", Arif Məlikovun "Məhəbbət əfsanəsi", Nikolay Rimski-Korsakovun "Şəhrizad" baletləri oynanılıb. Həm də bəstəkarlıqla məşğul olan Niyazinin "Xosrov və Şirin" (1942) operası və "Çitra" (1974) baleti ADOBT-də tamaşaya hazırlanıb.

Niyazi 2 avqust 1984-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.