Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Musiqi və teatr   Bəstəkarlar



Müslüm Maqomayev
(1885 - 1937)

Əbdül Müslüm Məhəmməd oğlu Maqomayev görkəmli Azərbaycan bəstəkarı, iсtimai musiqi xadimi və ilk dirijorlardan biri olmuşdur. Ü.Hacıbəyli ilə birgə yaradıcılıq yoluna başlayan və onun silahdaşı, dostu olan M.Maqomayevin milli musiqimizin inkişafında, professional bəstəkarlıq məktəbinin yaranmasında böyük xidmətləri vardır.

M.Maqomayev 2 operanın, kütləvi mahnıların, orkestr musiqisinin, kino və dram tamaşalarına musiqinin müəllifidir. Dərin emosionallığı, səmimiliyi, parlaq melodikliyi ilə fərqlənən bu əsərlər milli musiqi salnaməsinin ən parlaq səhifələrini təşkil edir.

M.Maqomayev 1885-ci il sentyabr ayının 18-də Qroznı şəhərində anadan olmuşdur.

Maqomayev iki illik Qroznı şəhər məktəbini bitirərək, 1899-cu ildə Qori müəllimlər seminariyasına daxil olur. Burada təhsil aldığı illərdə skripkada çalmağı öyrənir, xorda oxuyur, xalq mahnılarını nota salır və xor üçün işləyir. Maqomayev seminariyada Ü.Hacıbəyli ilə dostluq etməyə başlayır, bir çox teatr xadimləri-N.Nərimanov, S.S.Axundov, Ə.Haqverdiyev və b. ilə tanış olur.

1904-cü ildə Şimali Qafqazda, 1905-1911-ci ilə qədər isə Lənkəranda müəllimlik edir. Burada o, şagirdlərin köməyi ilə xor və dram dərnəkləri yaradır, kiçik pyesləri tamaşaya qoyur.

Bakıya köçdükdən sonra M.Maqomayev öz yaxın dostu və sirdaşı, Azərbaycan opera sənətinin banisi Ü.Hacıbəylinin musiqi mədəniyyətinin yüksəlişi uğrunda apardığı mübarizədə ona yaxından dəstək olur.

M.Maqomayev əvvəllər teatrın orkestrində skripkada çalır, sonralar Üzeyir bəy musiqi təhsilini təkmilləşdirmək üçün Moskva və Peterburqda olduğu dövrdə (1911 -1913) teatrın bütün möhnətlərini öz üzərinə götürərək, H.Sarabski, H.Teregulovla birgə opera teatrının möhkəmlənməsi və inkişaf etməsi yolunda böyük əmək sərf edir. Bu dövrdə onun bəstəkarlıq sahəsində atdığı ilk yaradıcılıq addımları kimi kiçik əsərləri -"Vətən" haqqında kədər valsı, "Seminarist" mazurkası və bir neçə kiçik kompozisiyaları yaranır.

Onun inqilabdan əvvəl həyata keçirtdiyi yaradıcılıq tədbirlərinin ən müvəffəqiyyətlisi "Şah İsmyaıl" muğam operasının yaranması idi.

20-ci illərdən ömrünün sonunadək fəal surətdə ictimai işlə məşğul olan M.Maqomayev əvvəl Xalq Maarifi Komissarlığının incəsənət şöbəsinə rəhbərlik etmiş, 1929-cu ildən isə Azərbaycan radio verilişlərinin musiqi şöbəsinə bədii rəhbər təyin olunmuş, 1934-cü ildən opera teatrında direktor və bədii rəhbər vəzifəsində işləmişdir. Eyni zamanda Maqomayev teatrda dirijor kimi də fəaliyyət göstərirdi.

Bu illərdə onun yazdığı əsərlərdən "Yaz", "Neft", "May", "Tarla", "Gözəlim", "Durna" kimi mahnıların, kiçik simfonik əsərlərin, orkestr üçün köçürülmüş xalq rəqs və rənglərinin, "Azərbaycan çöllərində", "Ceyran" rapsodiyasının, "Turacı" xalq rəqsi, "RB-8" Azərbaycan radio-marşı və başqa əsərlərinin adını çəkmək olar.

M.Maqomayevin yaradıcılığında müasir mövzuda yazılmış "Nərgiz" operası mühüm yer tutur (1935). Bu ilk Azərbaycan operasıdır ki, əvvəlki operalardan fərqli olaraq, burada muğam epizodları yoxdur və musiqi bütünlüklə partitura şəklində yazılmışdır.

Maqomayevin "Xoruz bəy" musiqili komediyası və Azərbaycanda ilk dəfə balet janrında yazılmış kolxoz həyatından bəhs edən "Dəli Muxtar" baletinin librettosu və ayrı-ayrı rəqs epizodları üzərində işlədiyi eskizləri indiyədək müəllifin arxivində saxlanılır.

M.Maqomayev C.Məmmədquluzadənin "Ölülər", C.Cabbarlının "1905-ci ildə" tamaşalarına, Bakı kinostudiyasının ilk səsli filmləri olan "Lök-Batan", "Bizim raport", "Azərbaycan incəsənəti" kimi sənədli filmlərinə yazılmış musiqinin müəllifidir.

M.Maqomayev Nalçikdə istirahət zamanı ağır xəstələnir və 1937-ci ildə vəfat edir. Ölümündən sonra ona Respublikanın Əməkdar İncəsənət Xadimi adı verilir.Azərbaycan Dövlət Filarmoniyasına M.Maqomayevin adının verilməsilə bəstəkarın xatirəsi əbədiləşdirilmişdir.