Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Musiqi və teatr   Bəstəkarlar



Cövdət Hacıyev
(1917 - 2002)

C.Hacıyev Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biridir. Hər bir əsərində o, əsl sənətkar, vətəndaş kimi müasirliyin ən aktual problemlərini işıqlandırır, düşünməyə vadar edir. p>

C.Hacıyevin canlandırdığı qəhrəmani, epik, dramatik obrazlar Azərbaycan xalq musiqisi xəzinəsindən faydalanmışdır. Bəstəkar əsl publisist kimi hadisələri həmişə epik tərzdə şərh edir. Milli irsimizə dərindən bələd olan bəstəkar folklora, muğama böyük sənətkarlıqla yanaşır və öz yaradıcılığında muğamın - İ.S. Baxın yazı üslubu ilə üzvi surətdə uzlaşdırılmasına nail olur.

C.Hacıyev müxtəlif janrlarda yazılmış əsərlərin, o cümlədən, 8 simfoniya, 3 simfonik poema, "Vətən" operası, oratoriya,  fortepiano  üçün ballada, sonata, simli kvartetlərin, solo və xor mahnıların müəllifi olsa da, onun yaradıcılığında əsas rol simfonik musiqiyə, simfoniyaya məxsusdur.

C.Hacıyev 1917-ci ildə Şəkidə (keçmiş Nuxada) anadan olmuşdur. 1924-cü ildən o, ailəsi ilə birgə Bakıya köçmüş və ik musiqi təhsilini musiqi məktəbində, sonra isə Konservatoriyanın nəzdində olan fəhlə fakultəsində (Rabfakda) almışdır. 1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olur.

İlk əsərlərini o, 1936 – 37-ci illərdə qələmə alır. Bu Azərbaycana və A.S. Puşkinin 100 illiyinə həsr olunmuş simfonik poemalar və simfoniyyeta idi.

1938-ci ildə C.Hacıyev Q.Qarayevlə birgə Moskva Konservatoriyasında təhsilini davam etdirir.1941-ci ildə başlanan Böyük Vətən müharibəsi onun təhsilini  yarımçıq qoyur.

Təhsil illərində yaradıcılığını davam etdirən bəstəkar ikili fuqa, simli kvartet üçün 3 fuqa, orkestr üçün "Azərbaycan süitası"nı, 1944-cü ildə Tbilisidə Zaqafqaziya Respublikalarının dekadasında ən yaxşı əsərlərdən biri kimi qiymətləndirilən I simfoniyasını yazır.

1945-ci ildə C.Hacıyevin Q.Qarayevlə birgə yazdığı"Vətən" operası meydana gəlir. 1947-ci ildə o Moskva Konservatoriyasında təhsilini bitirir.

1956-cı ildə Respublikamızın musiqi həyatında əlamətdar hadisə kimi qiymətləndirilən IV simfoniya meydana gəlir.

Təsvir olunan hadisələrin masştablılığı onu A.P. Borodinin epik simfoniyalarına yaxınlaşdırır. Burada bəstəkar "Bayatı – Şiraz" muğamının melodik dönümlərindən, aşıq mahnılarının intonasiyalarından, xalq mahnı və rəqs ritmlərindən istifadə etmişdir. Əsərin  musiqisi onu səhnə dramına yaxınlaşdırır.

Bəstəkarın V simfoniyası "İnsan, yer, kosmos" adlanır. Simfoniyanın kompozisiya quruluşu ənənəvi deyil. O iki hissədən və yeddi fəsildən ibarətdir. Təsadüfi deyil ki, hər zaman müasir mövzu, müasir ifadə vasitələri axtarışında olan bəstəkar I hissədə bəstəkar seriya üslubundan istifadə edərək, onu aşıq musiqisinə xas olan səs düzümü ilə, II fəsildə tokkatanı fuqa ilə uzlaşdırır, III fəsildə isə qədim kilsə oxuma üslubu olan xoraldan istifadə edir.

Əsl vətəndaş kimi C.Hacıyev də 1990-cı il Yanvar hadisələrinə, Qarabağ müharibəsinə biganə qalmamış, öz düşüncələrini, ürək ağrılarını VII simfoniyasında dilə gətirmişdir. Kamera orkestri üçün yazılmış bu simfoniya Azərbaycanda memorial musiqi janrının inkişafında mühüm rol oynayır.

C.Hacıyevin simfonik əsərlərindən danışarkən "Sülh uğrunda" simfonik poemasını da yada salmaq lazımdır. Proqramlı olan bu əsərdə bəşəriyyətin müharibə iddiasında olanlara qarşı geniş hərəkatını, xalqın istiqlaliyyət uğrunda  mübarizəsini açıqlayan sənətkar əsəri mərdlik pafosu, yüksək emosiya, romantik vüsətlə səsləndirir.

Bəstəkarın yaradıcılğında fortepiano musiqisi də mühüm rol oynayır. Bu mənada onun fortepiano üçün yazdığı "Ballada", sonata, 8 süitadan ibarət uşaqlar üçün yazılmış "Musiqi şəkilləri" əsərlərini qeyd etmək lazımıdır.