Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Musiqi və teatr   Bəstəkarlar



Tofiq Quliyev
(1917-2000)

T.Quliyev Azərbaycan professional musiqi tarixinə estrada musiqisi janrının banisi, kino musiqisinin ilk yaradıcılarından biri kimi daxil olmuşdur. O, həmçinin kantataların, fortepiano üçün əsərlərin, simfonik əsərlərin, musiqili komediyaların müəllifidir. Bununla belə, mahnı janrı onun yaradıcılığının aparıcı janrıdır. 30-cu illərdə yaradıcılığa başlayan Quliyev ənənəyə sadiq qalaraq, öz qələmini ilk dəfə ən demokratik janr olan mahnıda sınayır (ilk mahnısı 14 yaşında M.Ə.Sabirin "Dərsə gedən bir uşaq" şerinə yazdığı mahnı idi). T.Quliyevin mahnıları milli musiqimizdə yeni söz idi. Çünki onlar həm folklordan, həm klassik ənənələrdən, həm də sovet kütləvi mahnı və caz intonasiya və obrazlarından mayalanmışdı.

T.Quliyev 1917-ci ildə Bakıda anadan olmuşdur. Uşaqlıqdan musiqiyə olan böyük sevgisi onu Konservatoriyaya gətirib çıxarır. Hələ tələbəlik illərindən bəstəkar folklora çox həssas və yaradıcı münasibət bəsləmişdir. Vətənimizi qarış- qarış gəzən bəstəkar milli mahnı və rəqsləri toplayır, B.Mənsurovun ifasında "Rast", "Segah", "Zabul" muğamlarını nota köçürür. Təhsilini bəstəkar Moskva Dövlət Konservatoriyasında davam etdirir. Vətənə dönərkən bəstəkar Niyazi ilə birgə Azərbaycan Dövlət estrada orkestrini təşkil edir və onun rəhbəri kimi fəaliyyət göstərir. Müharibə illərində bu orkestr tez- tez əsgərlər qarşısında çıxış edərək, onları qələbəyə ruhlandırırdı. 50-ci illərdən T.Quliyevin yaradıcılığı çiçəklənməyə başlayır: fortepiano üçün "Ləzqinka", "Variasiyalar", bir sıra mahnılar, o cümlədən, "Azərbaycan", "Lirik mahnı", "Sənə də qalmaz", "Moskva haqqında mahnı" meydana çıxır.

Bəstəkarın milli kino sahəsində fəaliyyəti əvəzedilməzdir. O, 30 - dan çox kinoya musiqi yazıb. Qeyd etmək lazımdır ki, bu musiqi parçaları ekranda ilk dəfə səslənən gündən dillər əzbərinə çevrilib. Həm qəhrəmanların portretinin yaranmasında, həm təbiət təsvirlərinin, həm də ümumi emosinal mühitin ifadəsində onun mahnılarının rolu olduqca böyükdür. Mahnı bir növ filmin leytobraz əhəmiyyətini kəsb edir. "Səbuhi", "Görüş", "Qızmar günəş altında", "Sən həmişə mənimləsən", "Möcüzələr adası", "Qaynana", "Şir evdən getdi", "Bəxtiyar", "Ögey ana" və digər filmlər məhz T.Quliyev musiqisinə görə hafizələrə həkk olunub.

T.Quliyevin iri həcmli əsərlərindən Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşaya qoyulan "Aktrisa", "Qızıl axtaranlar", "Sənin bircə sözün", "Ella, sabahın xeyir" operettalarının adını çəkmək olar. Burada bəstəkar o dövrdə dəbdə olan operetta- muzikl formasından istifadə edir.

Bəstəkar bir çox tamaşalara da musiqi yazıb. Bunlardan N.Hikmətin "Qəribə adam", C.Cabbarlının "Aydın", A.Şaiqin "Eloğlu", Ə.Məmmədxanlının "Şirvan gözəli", H.Seyidbəyli və İ.Qasımovun "Uzaq sahillərdə", Şekspirin "On ikinci gecə" və başqa tamaşaların adını çəkə bilərik.

Bəstəkar hələ tələbəlik illərində başladığı  milli mahnı və rəqslərin nota köçürülməsi işini bütün ömrü boyu uğurla davam etdirmişdir. Bu mənada onun "Azərbaycan xalq rəqsləri"(1951), 2 cildlik "Azərbaycan xalq mahnıları" məcmuəsinə daxil olan bir sıra xalq mahnılarını qeyd etmək lazımdır.

Bəstəkar uzun illər yaradıcılıqla yanaşı Respublikamızın ictimai həyatında da mühüm rol oynamışdır. 30 ilə yaxın o, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, 1990 - cı ildən isə sədri vəzifəsində çalışmış, Xalq Artisti kimi hörmətli ada və Dövlət mükafatına layiq görülmüşdür.