Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Musiqi və teatr   Bəstəkarlar



Üzeyir Hacıbəyli
(1885 –1948)

Ü.Hacıbəyli Azərbaycan klassik musiqi mədəniyyətinin yaradıcısı, professional bəstəkarlıq məktəbinin təməl daşını qoyan ilk sənətkardır. Azərbaycanda ilk opera və musiqili komediyaların, kantataların, mahnı və qəzəl-romansların, xalq çalğı alətləri üçün müxtəlif səpkili əsərlərin yaranması da onun ölməz dühası ilə bağlıdır.

SSRİ Xalq Artisti (1938), Azərbaycan EA - nın akademiki (1945), professor (1940). SSRİ Dövlət mükafatları laureatı (1941, 1946). Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929; 1939-1948), Azərb.EA İncəsənət İnstitutunun direktoru (1945-1948) olmuşdur.

Ü.Hacıbəyli Şuşada, muğam məclisləri mühitində böyümüş, şəhər məktəbində təhsil almış, Şuşada göstərilən ilk musiqili səhnəciklərin ("Məcnun Leylinin məzarı üstündə") iştirakçısı olmuşdur. 1899-1904 illərdə Qori müəllimlər seminariyasında təhsil almış,1905-ci ildən Bakıya köçmüş, müəllimliklə məşğul olmuş, dövri mətbuat səhifələrində "Filankəs" ləqəbi ilə publisistik və satirik yazılarla çıxış etmişdir.

1908 ilin yanvarın 25-də Ü.Hacıbəylinin bütün Şərqdə opera sənətinin əsasını qoyan"Leyli və Məcnun" muğam operası ( M.Füzulinin poeması əsasında) səhnəyə qoyulur. Sonrakı illərdə Ü.Hacıbəyli daha bir neçə muğam operası yazır: "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşid Banu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915). Ü.Hacıbəyli Azərbaycanda musiqili komediya janrının da yaradıcısı olmuşdur: "Ər və arvad" (1910), "O olmasın, bu olsun" (1911), "Arşın mal alan" (1913).

Ü.Hacıbəyli 1912-1914 illər ərzində Moskva və Peterburq Konservatoriyalarında öz musiqi təhsilini artırmışdır. 1918-1920 illərdə Azərbaycan Demokratik Respublikası dövründə Ü.Hacıbəyli "Azərbaycan" qəzetinin redaktoru olmuş, bir sıra himnlər və marşlar bəstələmişdir. Onun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Dövlət Konservatoriyası (1921), azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbi olan Dövlət Türk Musiqi Məktəbi (1921; 1926-cı ildə ADK-ya birləşdirilmişdir), musiqi kollektivləri – Simfonik orkestr, xor kapellası, notla çalan Azərbaycan xalq çalğı alətləri orkestri (1931) yaranmışdır. Bu illərdə o, həmin musiqi kollektivlərinin repertuarı üçün bir sıra əsərlər də yaratmışdır: "Çahargah" və "Şur" fantaziyaları, "Azərbaycan türk el nəğmələri" (xalq mahnılarının not yazıları və işləmələrindən ibarət məcmuə, M.Maqomayevlə birgə), kütləvi mahnılar, kantatalar və s.

1937 ildə aprelin 30-da Ü.Hacıbəylinin "Koroğlu" operası (librettosu H.İsmayılovun və M.S.Ordubadinindir) tamaşaya qoyulmuşdur. Bu əsər bəstəkarln yaradıcılığının zirvəsi və klassik Azərbaycan operasının şah əsəri oldu. 1940-cı illərdə Ü.Hacıbəyli vətənpərvər ruhlu mahnılar, "Sənsiz" və "Sevgili canan" qəzəl-romanslarını (Nizami Gəncəvinin sözlərinə) bəstələyir. Azərbaycanda musiqi elmində yeni səhifə açan, Azərbaycan musiqisinin məqam nəzəriyyəsini yaradan Ü.Hacıbəylinin  "Azərbaycan xalq musiqisinin əsasları" fundamental elmi əsəri çap olunur (1945).

Böyük Vətən müharibəsi illərində bəstəkar xalqı mübarizəyə çağıran "Şəfqət bacısı", "Ananın oğluna məsləhəti", "Əsgər marşı", "Yaxşı yol" mahnılarını, "Vətən" və "Cəbhə" kantatalarını, xalq çalğı alətləri orkestri üçün "Cəngi" əsərlərini yazır.