Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Musiqi və teatr   Bəstəkarlar



Vasif Adığözəlov
(1953 -2006)

V.Adıgözəlovun yaradıcılıq diapazonu çox genişdir. Burada müxtəlif janrlı əsərlərə təsadüf edilir. Öz yaradıcılıq üslubunu hələ tələbəlik illərində müəyyənləşdirən sənətkar bir tərəfdən xalq musiqisinə, onun özünəməxsus prinsiplərinə, digər tərəfdən isə müasir, beynəlmiləl ənənələrə arxalanaraq, hər iki ənənəni sintez şəklində öz yaradıcılıq prizmasından keçirdir.

Onun xalq dühasından, xüsusilə də muğam köklərindən, təsnif və rənglərdən bəhrələnməsi təsadüfi deyildi. Çünki Vasif Adıgözəlov muğam ustadı Zülfi Adıgözəlovun oğludur. Uşaqlıqdan muğam ab–havasının təsiri altında böyümüşdür. Digər tərəfdən isə V.Adıgözəlov Q.Qarayevin sinfində təhsil almışdır. Müasirlik qayəsi bu böyük şəxsiyyətə yaxın olan bəstəkarın əsərlərinin ana xəttini təşkil edir və bəstəkarın "Mərhələlər", "Afrika mübarizə edir" simfonik poemalarında, II, III simfoniyalarında, R.Mustafayevlə birgə yazdığı "Hacı Qara" musiqili komediyasında, "Bayram" uvertürasında, müxtəlif musiqi alətləri ilə simfonik orkestr üçün yazdığı konsertlərində, rəngarəng məzmunlu mahnılarda, "Odlar yurdu" və "Qarabağ şikəstəsi" oratoriyalarında öz parlaq ifadəsini tapır.

Qeyd etmək lazımdır ki, müxtəlif janrlarda bəstələrə malik Adıgözəlovun yaradıcılığının mühüm hissəsini fortepiano üçün yazılmış musiqi təşkil edir. Burada həm kiçik həcmli əsərlərə, həm də iri  konsert formalarına rast gəlmək olar.Bu konsertlərin ikisi fortepiano ilə simfonik orkestr üçün, biri isə fortepiano ilə xalq çalğı alətləri orkestri üçün yazılmışdır. Üçüncü konsertdə isə bəstəkarın müraciət etdiyi mövzu dairəsi onu daha geniş tərzdə "simfonikcəsinə" düşünməyə vadar edir.

Mövzunun davamını biz "Qarabağ şikəstəsi" oratoriyasın­da görürük. Əsərdə V.Adıgö­zəlov görkəmli şairimiz T.Elçinlə birgə Qarabağ hadisələrini qələmə almış və bir sənətkar - şəxsiyyət kimi buna münasibətini bildirmişdir.

V.Adıgözölov bəstəkarlıqla yanaşı, ictimai fəaliyyətlə də məşğul olmuşdur. Uzun müddət A.Zeynallı adına Bakı Musiqi texnikumunun direktoru vəzifəsində çalışmış, Bəstəkarlar İttifaqının sədri olmuş, Dövlət mükafatına layiq görülmüşdür.