Для содержимого этой страницы требуется более новая версия Adobe Flash Player.

Получить проигрыватель Adobe Flash Player

3D Muzey ekspozisiyası Virtual tur Ensiklopedik teatr lüğəti Saytoqrafiya Epistolyar irs  

Musiqi və teatr   Bəstəkarlar



Aqşin Əlizadə
(1937)

A.Əlizadə 60 – cı illərdə yaradıcılığa qədəm qoymuş görkəmli sənətkardır. 60 – cı illər musiqi mədəniyyəti tarixində yeni bir mərhələ idi. Müasir mövzu, yeni cərəyanlar, yeni axınlar, ifadə vasitələrinin axtarışları dövrü idi. Belə axtarışlardan biri də neoklassisizm cərəyanı ilə bağlı idi. A.Əlizadə də bu cərəyanın təsirindən bəhrələnərək, öz təfəkkürünə, musiqi dünyagörüşünə uyğun şəkildə istifadə etməyi bacarmışdır.

A.Əlizadənin xalq musiqisinə münasibəti onu Q.Qarayevə yaxınlaşdırır. Belə ki, o da Q.Qarayev kimi folklorun dərin qatlarından istifadə edir, xüsusilə aşıq musiqisinin ritmlərindən, qeyri – simmetrik vəznlərindən, melodik dönmələrindən faydalanır.

A.Əlizadə 1937 – ci ildə Bakıda anadan olub. Uşaqlıqdan musiqi istedadına malik olan bəstəkar ilk musiqi təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində, sonra isə Azərbaycan Dövlət Koservatoriyasında (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) bəstəkar C.Hacıyevin sinfində təhsilini davam etdirir. Tələbəlik illərində yazdığı əsərlər artıq onun böyük istedadından xəbər verir. Fortepiano üçün sonata (1959), bir hissəli simfoniya (1962) lakonizmi, tembr rəngarəngliyi ilə fərqlənir.

1966 – cı ildə yazdığı II simfoniya (kamera orkestri üçün) neoklassik üslubdadır. Eyni zamanda əsərin musiqi dilinin muğam, aşıq musiqisi, xalq rəqsləri ilə üzvi bağlılığı aydın duyulur. 1968 – 70 – ci illərdə o, "Pastoral" və "Aşıqsayağı", 1972 – ci ildə isə  "Uşaq süitası"nı (kamera orkestri üçün) yazır.

1969 – cu ildə a kapella xor məcmuəsi olan "Bayatılar" əsəri meydana gəlir. Bu, bəstəkarın böyük yaradıcılıq nailiyyəti idi. Bəstəkar burada xor stilistikasını mahiranə şəkildə vermiş, əsl novator kimi linear polifonik xor layları yaratmağa nail olmuşdur. "Bayatılar" xalq həyatının müxtəlif çalarlarının – lirik, məişət, peyzaj, janr xüsusiyyətlərinin rəngarəng palitrasıdır.

1976 – cı ildə Məşədi Əzizbəyovun 100 illiyinə həsr olunmuş "26 - lar" kantatası (sözləri F.Qocanındır), 1977 – ci ildə Nəbi Xəzrinin sözlərinə "Sadlıq" xoru, xalq mahnı və muğamlarının əsasında "qədim ninni" əsəri, "Kənd süitası", "Təntənəli marş" (1970), "Abşeron şəkilləri" (1977), "Qəhrəmani musiqi" (1978) kimi əsərlər meydana gəlir. Əlizadənin 1979 – cu ildə İ.Selvinskinin "Çiynində qartal gəzdirən" adlı faciəsi əsasında yaratdığı "Babək" baleti onun yaradıcılığında yeni bir mərhələni təşkil edir. Əsərin librettosunu R.Axundova və M.Məmmədov yazmışlar.

Əlizadənin 80 – cı illərdə yazdığı III və IV simfoniyaları milli simfoniya mədəniyyətinə yeni bir töhvədir. IV simfoniyanı bəstəkar özü "Muğamsayağı" adlandırır. Bu da onun müxtəlif muğmlardan toxunmuş musiqi materialı, muğama uyğun inkişaf prinsipi ilə bağlıdır. A.Əlizadə "Tütək səsi", "Ötən ilin son gecəsi", "Dəmir ağac" və s. filmlərinə, "Nağılın başlanması", "Məhəbbət haqqında dastan", "Çinar ağacının sirri" tamaşalarına yazılan musiqinin müəllifidir.

1962 – ci ildən bəstəkar Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bəstəkarlıq sinfində dərs deyir və gənclərin bədii estetik tərbiyəsinə böyük diqqət verməklə yanaşı, milli bəstəkarlıq məktəbinin istedadlı adlarla zənginləşməsində mühüm rol oynayır.